Xəbər lenti

Ukrayna ordusunun Avdeyevkadan çıxması nəyi dəyişəcək? (ŞƏRH)
Dünya 15:18 17.02.2024

Ukrayna ordusunun Avdeyevkadan çıxması nəyi dəyişəcək? (ŞƏRH)

"Ukrayna qoşunlarının Avdeyevkadan çıxması heç də böyük faciə deyil. Bunun Ukrayna ordusu üçün hansısa ağır fəsadlarının olacağını düşünmürəm".
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Ukrayna Ordusunun Avdeyevkadakı mövqelərdən geri çəkilməsini şərh edərkən deyib.

"Kiyev ordunun şəxsi heyətinin həyatını qorumaq üçün bu qərarı verib. Kreml üçün isə Ukraynada nə qədər rus əsgərinin ölməsinin fərqi yoxdur. Avdeyevka yaxınlığında qüvvələr nisbəti birin yeddiyə idi. Rusiya bir briqadanın üstünə 7 briqada göndərib. Hazırda Putinə və generallarına nəticə lazımdır. Ukrayna ordusunun imkanları rus ordusu ilə müqayisə olunmayacaq dərəcədə artıb. Ruslar Avdeyevkanı necə alıblarsa, tezliklə elə də qoyub qaçacaqlar", deyə Üzeyir Cəfərov bildirib.
 


Həmsöhbətimiz deyib ki, yaxın vaxtlarda Kiyevin atacağı addımlar, işlədəcəyi taktika öz bəhrəsini verəcək:

"Tezliklə bu cəbhədə Moskvanın ziyanına olacaq xəbərlərin şahidi olacağıq. Yeni baş komandan da savadlı generaldır. Avdeyevkanın rusların əlinə keçməsinin müharibənin gedişinə də hər hansı bir təsiri olmayacaq. İndiki halda Ukrayna ordusunun silah-sursat sarıdan müəyyən çətinlikləri var. Amma bu onların məğlubiyyətə doğru getdikləri anlamına gəlmir. Bu mümkünsüzdür. Zelenski Münhendə Almaniya və Fransa ilə təhlükəsizliklə bağlı müqavilələr imzaladı. Bu Ukraynaya dəstəyin, ona veriləcək silahların artırılacağı anlamına gəlir". 

Qeyd edək ki, Ukrayna ordusu Donbasdakı Avdeyevka şəhəri ətrafından geri çəkilib. Onlar şəhərdən müəyyən qədər şimal istiqamətdə yeni mövqelərdə möhkəmləniblər. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->