Xəbər lenti

Ukraynaya 20 milyardlıq hərbi yardım planı müqavimətlə üzləşəcək -
Dünya 12:53 11.11.2023

Ukraynaya 20 milyardlıq hərbi yardım planı müqavimətlə üzləşəcək - "Reuters"

Almaniya da daxil olmaqla bəzi Avropa İttifaqı üzvü ölkələr blokun diplomatiya rəhbəri Cozep Borrelin Ukraynaya 20 milyard avroluq hərbi yardım ayırmaq təklifinə qarşı çıxmaq niyyətindədir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" diplomatik mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, hələ bu ilin iyulunda Avropa İttifaqının xarici siyasət departamentinin rəhbəri Cozep Borrell Aİ çərçivəsində fondun yaradılması təklifi ilə çıxış edib. Diplomat 4 il müddətinə hər il 5 milyard avroya qədər vəsaitin ayrılmasını təklif edib. Bu fond Ukraynaya dəstək üçün Qərbin təhlükəsizlik öhdəliklərinin bir hissəsi olacaq.

Noyabrın 14-də Brüsseldə müdafiə nazirlərinin təklif olunan planı müzakirə edəcəyi görüş keçiriləcək. Bununla belə, "Reuters" mənbələri bildirirlər ki, bir çox iştirakçı ölkələr, o cümlədən Almaniya belə böyük məbləğlərin ayrılmasının müdrikliyinə şübhə edir.

Aİ 2022-ci ilin fevralında Ukraynanı dəstəkləməyə başlayıb. Bu müddət ərzində blok təxminən 25 milyard avro dəyərində silah və avadanlıq köçürüb. Borrell Aİ-yə üzv dövlətləri uzunmüddətli əsasda öhdəliklərə bağlanmağa dəvət edir. Ehtimal olunur ki, Ukrayna üçün fond böyük Avropa Sülh Fondu çərçivəsində yaradılacaq - o, Aİ-dən kənar dövlətləri maliyyələşdirmək üçün istifadə olunacaq, ayrılan vəsait ölkənin potensialını gücləndirmək və mümkün münaqişələrin qarşısını almaq üçün istifadə olunacaq.

"Hazırda mən onu (Borrellin planını) hələlik qeyri-mümkün elan etmək fikrində deyiləm. Ancaq təbii ki, təkmilləşdirmələr həmişə edilə bilər. Almaniyanın çoxlu sualları var və onlar haqlıdır. Söhbət böyük puldan gedir, deyə adının çəkilməsini istəməyən yüksək səviyyəli diplomat bildirib.

Aİ artıq Ukraynaya 50 milyard avro həcmində iqtisadi yardımın ayrılmasını müzakirə edir. Bundan əlavə, blok gələn ilin mart ayına qədər Kiyevə bir milyon artilleriya mərmisi və raket tədarük etməlidir ki, bu da yəqin yerinə yetirilə bilməyəcək. Bu, Avropa ölkələrinin büdcələri üçün yüksək yükdür. İndi onlardan daha 20 milyard avronun ayrılması ilə bağlı razılığa gəlmələri xahiş olunur.

"Reuters" yazır ki, Aİ-yə üzv dövlətlər blok üzvlərinin Kiyevlə ayrıca müzakirə etdikləri digər təhlükəsizlik tədbirləri paketləri ilə uzunmüddətli hərbi yardımın koordinasiyasında israrlıdırlar. Bu cür danışıqlar davam etsə də, yekun məbləği müəyyən etmək çətin olacaq.

Bu ilin oktyabrında Almaniya kansleri Olaf Şolts ikitərəfli yardım paketlərinə diqqət yetirməyə dəyər olduğunu deyib. Bundan əlavə, Borrelin planı 4 ili əhatə edir və bəzi Aİ-yə üzv ölkələr milli büdcələri azaldıldığı üçün uzunmüddətli öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkəcəklər.

"Bəzi üzv dövlətlər üçün dövlət maliyyəsi reallığı var", deyə ikinci Aİ diplomatı bildirib.

Agentliyin üçüncü mənbəsi hesab edir ki, üzv ölkələr hələ də Aİ səviyyəsində öz öhdəliklərini yerinə yetirməyə hazırdırlar, lakin Borrelin təklifinin qəbul olunma ehtimalı kifayət qədər aşağıdır.

Macarıstanın baş naziri Viktor Orban dəfələrlə Ukraynaya maliyyənin davam etdirilməsinə qarşı olduğunu bildirib. Onun fikrincə, bu, yalnız münaqişənin daha da inkişafına təkan verir. Macarıstan Kiyev üçün 50 milyard avroluq maliyyə təklifinə veto qoya bilər. "Bloomberg" mənbələrdən öyrənib ki, Aİ bu ehtimal üçün ehtiyat plan hazırlayır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->