
Jalə İSMAYIL
Şair lap bu günlər üçün deyib. Ölkənin çalxalandığı bir vaxtda sosial şəbəkələrdə naməlum qızlara və oğlanlara (onlar hətta məlum olsalar belə, mesajlardan aydın olur ki, illərlə tanımayıblar, əsl simalar indicəüzə çıxıb) ünvanlamış kədər boğçalarının sahibləri üçün deyib.
Hamının dərdi özünə böyük görünür, lap çox adama da elə gəlir ki, onu heç kim başa düşmür və belə anlaşılmaz olmağı ilə fəxr edir, başqalarına yuxarıdan-aşağı baxır, “mənim nə çəkdiyimi hardan biləcəksiniz?” ədasıyla yəni. Adam anlaşılmaz olmasından utanmalıdır əslində. Anlaşılmaz olmaq nə deməkdir? Bu o deməkdir ki, sən özünü ifadə edə bilmirsən, sən danışa bilmirsən, göstərə bilmirsən və sən normal məntiqlə düşünə bilmirsən.
Hər şey o qədər sadədir ki. Məsələn, qızı sənə verməyiblər. Ok. Niyə? Çünki sən yazarsan və pulun, evin yoxdur. Qız atası da haqlıdır. Qızına zorla baxır, bir də sənəmi, sonra da sənin dünyaya bəxş elədiklərinəmi baxsın? Atanın da ömrünə az qalıb.
Və sən kədər dənizində boğulmaqdansa, qızın atasını söyməkdənsə, arada qızın özünü də, bir az fikirləş: Niyə sənin pulun yoxdur? Niyə zəmanə pis gəlib? Niyə vicdanlı adamlar kasıb olurlar?
Özünə “niyə?” sualı verməkdən başla hər şeyə. Sonra da sənin normal işləməyin, yaşamağın üçün şərait yaratmalı olanlara - özünü insan kimi, kişi kimi təsdiqləməyə imkan verməyən zümrəyə yönəlt nifrətini.
Ey, sən, qəşəng qız, sən də boş dayanma. Sən də sevdiyinlə birgə olmaq haqqını tələb et! İndi sevgiləri qorumağın, xoşbəxt olmağın yolu siyasi tələblərdən keçir. Heç vaxt olmayan kimi.
Adamı dərd böyüdər, amma öz dərdi yox, başqasının dərdini anlamaqdan başlayar böyümə. Başqasının dərdini – şəhidini, pulsuzluğunu, evsizliyini, çarəsizliyini – öz dərdin bilməkdən keçir böyüklük. Amma yox, böyümək – insan kimi, yazar kimi, qadın kimi, kişi kimi – istəmirsinizsə, onda elə gözünüzdə böyütdüyünüz dərdinizlə boğuşmağa davam edin.
Amma əminəm: Dayanmadan kədər içində olan adamlar ölkədə baş verənlərin içində olsalar, çevrilib dərdlərinə gülərlər. Kefləri də yerinə gələr.
Lənət şeytana! Bu Face-də sürüylə gənc adam var ki, varlıqlarına dair heç bir həyat işartısı yoxdur. Onlar bu ölkədə yaşamırlar? Onlar kasıbdılar, problem içindədilər, dərd çəkirlər, dan yerini kirpiklərilə qanadırlar, amma heç bir reaksiya yoxdur. Adamlar, heç olmasa, gündəmə görə profil şəklinizi dəyişin, heç olmasa, bir video bəyənin, heç olmasa, bircə dənə paylaşım eləyin! Sizin üçün səsi batana qədər bağıranlara yazığınız gəlsin. Heç olmasa.
Mövzuya dəxli olmasa da: virtual tanıdığım bir gənc yazar kiçik mətnin redaktəsi üçün təşəkkür edirdi, mən də ağbirçək-ağbirçək ona dedim ki, gənclər bizim gələcəyimizdi, biz gələcəyə yatırım qoyuruq.