Ölkə 18:25 22.07.2022

Şuşada keçirilən Beynəlxalq Media Forumu başa çatıb (YENİLƏNİB)

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutan Beynəlxalq Media Forumunda "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" adlı sonuncu - dördüncü panel keçirilib.

Qaynarinfo xəbər verir ki, paneldə Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri, Azərbaycan-Türkiyə media platforması, Türk Dövlətləri Təşkilatı çərçivəsində media əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb.

ADA Universiteti nəzdində Siyasi tədqiqatlar və nəşrlər üzrə direktor Damjan Krnjevic Miskovicin moderatorluğu ilə keçirilən sonuncu paneldə AZƏRTAC-ın İdarə Heyəti sədri Aslan Aslanov, Türk Dövlətləri Təşkilatının layihə direktoru Ersin Aydoğan, Özbəkistan Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktorunun birinci müavini Dilşod Saidconov, Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və strateji planlaşdırma işçi qrupunun rəhbəri Rasim Bağırov, həmçinin CBC TV-nin baş direktoru Vüqar Xəlilov çıxış ediblər.

Bununla da forum başa çatıb.

16:28
 
İşğaldan azad olunmuş Şuşa şəhərində baş tutan Beynəlxalq Media Forumunda "Media etikası: rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı" adlı ikinci panel keçirilib.

Qaynarinfo xəbər verir ki, müzakirə olunan əsas mövzular mediada plüralizm, media etikasının aktual problemləri, yeni media və etika olub.

ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu altında keçirilən ikinci paneldə çıxış edənlər Avropa Xəbər Agentlikləri Alyansının Baş katibi Aleksandru Giboi, Real Təhlil İnfomasiya Mərkəzinin Baş direktoru Mir Şahin Ağayev, "Anadolu" agentliyinin Baş direktorun müavini, baş redaktor Yusuf Özhan, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu olub.

13.44
 
İşğaldan azad olunmuş Şuşa şəhərində baş tutan Beynəlxalq Media Forumunda "Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar" adlı birinci panel keçirilib.

Qaynarinfo xəbər verir ki, müzakirə olunan əsas mövzular ənənəvi medianın problemləri, konvergensiya prosesi, yeni mediada "fake news" ilə mübarizə olub.

Emin Musəvinin moderatorluğu altında keçirilən birinci paneldə çıxış edənlər TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Bolqarıstanın "BTA" İnformasiya Agentliyinin İnformasiya Siyasəti üzrə baş direktorun müavini Evgenia Doitcheva, "Əl-Cəzirə" Media İnstitutunun təlimlər üzrə meneceri Mohammad Talal Abdulkarim, "Haqqin.az" analitik veb-saytının rəhbəri Eynulla Fətullayev və başqaları olub.
 
10.30

Şuşada Beynəlxalq Media Forum başlayıb.

Qaynarinfo xəbər verir kixəbər verir ki, tədbir Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir.

Tədbirdə iştirak edən əcnəbi nümayəndələr arasında "Anadolu" agentliyinin baş redaktoru Yusif Özhan, Avropa Xəbər Agentliklər Alyansının Baş katibi Aleksandru Giboi, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və s. media nümayəndələri və ekspertlər var.

Bundan başqa, Azərbaycan təmsilçiləri sırasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və digər rəsmi şəxslər, mətbuat nümayəndələri və ekspertlər var.

Qeyd edək ki, Forum 4 paneldə keçirilir. "Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar" adlı birinci paneldə əsas mövzular ənənəvi medianın problemləri, konvergensiya prosesi, yeni mediada "fake news" ilə mübarizə olacaq. "Media etikası: rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı" adlı ikinci paneldə mediada plüralizm, media etikasının aktual problemləri, yeni media və etika müzakirə predmeti olacaq.

Daha sonrakı "Azərbaycan mətbuatında Şuşa izi" panelində Zəfər tarixi Azərbaycan mediasının əsas mövzusu kimi, Şuşanın qələm sahibləri və qəzeti ətrafında fikir mübadiləsi aparılacaq. Sonuncu "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" panelində isə əsas mövzular Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri, Azərbaycan-Türkiyə media platforması, Türk Dövlətləri Təşkilatı çərçivəsində media əməkdaşlığı olacaq.
 
08.46

Bu gün Şuşada "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda beynəlxalq media forumu keçiriləcək.

Qaynarinfo xəbər verir ki, forumda "Yeni media jurnalistikasına keçid, ənənəvi medianın problemləri, rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı", "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" və digər mövzular müzakirə olunacaq.

Tədbirə Azərbaycanda fəaliyyət göstərən media qurumlarının baş redaktorları və bir sıra xarici ölkələrdən olan jurnalistlər qatılacaq.

Artıq yerli və beynəlxalq nümayəndələrinin Şuşa şəhərinə səfəri başlayıb.

Qeyd edək ki, Beynəlxalq Media Forumu Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilir.