Xəbər lenti

Uşağın adına bank hesabı və aliment: Vəkil hüquqi mexanizmi izah etdi
Ölkə 19:27 16.07.2026

Uşağın adına bank hesabı və aliment: Vəkil hüquqi mexanizmi izah etdi

Azərbaycanda aliment ödəyən valideyn, müəyyən hallarda ödənilən vəsaitin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsini məhkəmədən tələb edə bilər.

Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov alimentin uşağın adına açılmış bank hesabına köçürülməsi imkanını şərh edərkən deyib.

Vəkil bildirib ki, aliment ya sabit məbləğ, ya da valideynin gəlirinin müəyyən hissəsi kimi müəyyən edilir:

"Məhkəmələrdə sabit aliment məbləği əksər hallarda yaşayış minimumuna yaxın – təxminən 300–400 manat səviyyəsində müəyyən olunur. Digər halda isə aliment valideynin gəlirinin üçdə biri həcmində hesablanır. Belə hallarda aylıq aliment məbləği 2–3 min manata qədər yüksələ bilər. Azərbaycanda elə şəxslər var ki, bir uşağa ayda 2–3 min manat aliment ödəyirlər".

Əkrəm Həsənovun sözlərinə görə, xüsusilə yüksək məbləğdə aliment ödəyən valideynlər vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarət mexanizminin olmasını istəyirlər:

"Belə hallarda aliment ödəyən tərəf hesab edir ki, ödədiyi vəsaitin hamısı uşağın ehtiyaclarına sərf olunmaya bilər. Buna görə də məhkəməyə müraciət edərək alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsini tələb edə bilər. Məncə, bu, düzgün yanaşmadır. Əsas məqsəd vəsaitin uşağın maraqlarına xidmət etməsidir".

Vəkilin fikrincə, uşağın adına bank hesabının açılması aliment vəsaitinin xərclənməsi ilə bağlı daha şəffaf mexanizm formalaşdıra bilər:

"Aliment həmin hesaba köçürülərsə, vəsaitin uşağın ehtiyaclarına necə sərf olunmasına nəzarət etmək mümkün olar. Burada məqsəd valideynlər arasında əlavə mübahisə yaratmaq deyil, uşağın hüquqlarının qorunmasını təmin etməkdir".
 


Əkrəm Həsənov aliment institutunun müxtəlif ölkələrdə fərqli qaydada tətbiq olunduğunu da vurğulayıb:

"Azərbaycanda və ümumilikdə postsovet ölkələrində boşanmadan sonra uşaq əsasən valideynlərdən biri ilə yaşayır, digər valideyn isə aliment ödəyir. Bir çox ölkələrdə isə ortaq valideynlik modeli daha geniş tətbiq olunur və uşağın saxlanılması ilə bağlı məsuliyyət hər iki valideyn arasında daha bərabər bölüşdürülür".

Onun sözlərinə görə, aliment məsələsi bəzi hallarda tərəflər arasında əlavə mübahisə mövzusuna çevrilir:

"Söhbət minimal aliment məbləğindən getmir. Əgər aliment yaşayış minimumu həcmində müəyyən olunubsa, həmin vəsaitin uşağın ehtiyaclarından başqa istiqamətə yönəldilməsi faktiki olaraq mümkün deyil. Bir uşağın aylıq xərci bundan az deyil. Lakin yüksək məbləğdə aliment ödənildiyi hallarda vəsaitin xərclənməsi ilə bağlı şəffaf mexanizmin yaradılması məqsədəuyğun ola bilər".

Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə əsasən, alimentin ödənilməsi ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Əgər aliment ödəyən valideyn vəsaitin uşağın maraqlarına uyğun xərclənmədiyini hesab edərsə, məhkəməyə müraciət edə bilər. Məhkəmə işin hallarını qiymətləndirərək alimentin müəyyən hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar qəbul edə bilər.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->