Xəbər lenti

Uşaq qidasında qurd qalmaqalı - Ekspertlər səbəbləri açıqlayır
Sağlamlıq 13:10 16.04.2026

Uşaq qidasında qurd qalmaqalı - Ekspertlər səbəbləri açıqlayır

"Qidanın bu şəkildə xarab olması, içindən qurd çıxması o deməkdir ki, onun qablaşdırılmasında problem olub və ya istifadə tarixi, saxlanma müddəti ilə bağlı manipulyasiya edilib".

Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert Adil Qeybulla istifadə müddəti bitməyən uşaq qidalarının içindən qurd çıxması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. 

Ekspert bildirib ki, qida məhsullarının tarixinin dəyişdirilməsi müşahidə olunur və bununla bağlı dəfələrlə yoxlamalar aparılıb:

"Bu istiqamətdə tədbirlər görülüb. Təəssüf ki, bəzi işbazlar bu cür hallarla məşğul olurlar və məsələ ciddi şəkildə araşdırılmalıdır. Müxtəlif ölkələrdə də zaman-zaman uşaq qidalarında problemlər aşkarlanır. Belə hallarda məhsullar dərhal satışdan yığışdırılır və müvafiq tədbirlər görülür. Bu cür problemlər istehsal prosesində də yarana bilər. Məsələn, bəzi qablaşdırma mərhələlərində robotlardan istifadə olunur və texnoloji nasazlıq baş verə bilər. Lakin əsas məsələ bu cür halların operativ şəkildə aradan qaldırılmasıdır".
 


Professorun sözlərinə görə, uşaq qidaları yüksək keyfiyyət standartlarına cavab verməlidir:

"Bu, birbaşa genofondla bağlı məsələdir. Plastik qablar, sintetik maddələr və zərərli qarışıqlardan maksimum uzaq durulmalıdır. Bu baxımdan istehsalçı şirkətlər birbaşa məsuliyyət daşıyır".

Adil Qeybulla əlavə edib ki, qidanın saxlanma şəraiti də ciddi şəkildə araşdırılmalıdır:

"Əgər saxlanma qaydaları pozularsa, qida tez xarab ola bilər. Ekspertiza müəyyən etməlidir ki, problem saxlanma şəraitindən qaynaqlanır, yoxsa istehsal prosesindən. İstehlakçılar da iddia qaldırarkən konkret məsul tərəfi müəyyən etməlidirlər. Çünki istənilən qidanın düzgün saxlanılmaması onun keyfiyyətini itirməsinə səbəb olur".

Farmakoloq Müşfiq Hüseynov isə bu məsələdə apteklər şəbəkəsinin birbaşa günahkar olmadığını vurğulayıb: 

"Məhsulun istifadə müddəti var və bu, apteklə bağlı məsələ deyil. Bir neçə ehtimalı nəzərdən keçirə bilərik. Birincisi, idxalçı şirkətin anbarında saxlanma şəraiti düzgün olmayıb. Uşaq qidaları üçün rütubət və temperatur çox önəmlidir. İkincisi, məhsul artıq bu vəziyyətdə idxal olunub. Bunu yoxlamaq üçün təsadüfi nümunələr açılıb baxılmalıdır. Üçüncüsü, məhsul xammal şəklində gətirilib və burada qablaşdırılıbsa, texnoloji səbəbdən problem yarana bilər. Digər ehtimal isə rəqiblərin antireklamıdır. Çünki yayılan videonun mənşəyi tam aydın deyil və məhsulun açılma prosesi göstərilmir. Hətta həşəratların sonradan əlavə olunması ehtimalı da istisna deyil".
 


Ekspert vurğulayıb ki, istənilən halda məsələ ciddi şəkildə araşdırılmalıdır:

"Burada söhbət uşaqların sağlamlığından gedir və aidiyyəti qurumlar tərəfindən hərtərəfli yoxlama aparılmalıdır".

Qeyd edək ki, Bakıda "Kanon" apteklər şəbəkəsindən alınan "Humana" məhsulunun içindən qurd çıxması ilə bağlı görüntülər yayılıb. Məhsulun üzərində istifadə müddətinin 2027-ci ilə qədər etibarlı olduğu qeyd olunub. 

Bahar Rüstəmli
--> -->