Dünyanın bir çox ölkələrində uşaqların yaş kateqoriyasına uyğun proqramları təqdim edən telekanallar var. Bu telekanallarda cizgi filmlərlə yanaşı uşaqların psixologiyasına, dünyagörüşünə təsir edəcək proqramlar, yarışmalar təqdim edilir.
Uzağa getməyək, qonşu ölkələrin televiziyasına nəzər salaq. Qardaş ölkə Türkiyədə “Yumurcak”, “TRT Çocuk”, “Minika Çocuk”, “Cartoon Network”, Rusiyada “Detskiy mir”, “Telekanal detskiy”və başqa uşaq telekanalları fəaliyyət göstərir. Azərbaycanda yerli uşaq telekanalının açılması və digər telekanallarda uşaq verilişlərinin təqdim olunmasının vacibliyi dəfələrlə gündəmə gətirilsə də, bu məsələ ancaq sözdə qalır, həyata keçirilməsi üçün heç bir addım atılmır.
Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyyə Naxçıvanlı ötən günlərdə uşaq telekanallarının olmaması məsələsini gündəmə gətirib. O, modern.az saytına bildirib ki, uşaqların sağlamlığına ziyan vuran, informasiyalardan qorunması haqqında yeni qanun layihəsi üzərində iş gedir: “Qanun layihəsində uşaqlar üçün televiziyanın yaradılması məqamları öz yerini tapacaq. Artıq sənəd eskpertlərin müzakirəsinə təqdim olunub. Burada, həmçinin, başqa ölkələrin qanunvericiliyində olan müsbət məqamlar öz əksini tapıb. Dünyada mövcud olan 5+, 7+, 13+ və uşaqların yaş xüsusiyyətləri qanun layihəsində nəzərdə tutulub”.

Musavat.com məsələnin aktuallığını nəzərə alaraq sorğu keçirib. Mövzu haqda danışan psixoloq Elnur Rüstəmov bildirib ki, Azərbaycanda uşaqlar üçün telekanallar çoxdan açılmalı idi: “Uşaqlarımız dil bacarığına uyğun olaraq, rus və Türkiyə telekanallarında yayımlanan uşaq verilişlərinə baxır. Nəzərə almaq lazımdır ki, azyaşlıların dil bacarığı 3 yaşından sonra formalaşdığı üçün onların izlədiyi verilişlər, eşitdikləri kəlmələr önəmlidir. Azərbaycanda doğulan uşaqların cəmiyyətə faydalı olması üçün yerli cizgi filmlərinə baxmaları vacibdir. Balacalar rənglərin kombinasiyası, ətraf aləm, xalqın xüsusiyyətləri ilə yerli cizgi filmlər vasitəsilə tanış olur. Çox yaxşı olardı ki, Azərbaycan cəmiyyətində doğulan uşaqlar yerli cizgi filmlərə baxsınlar. Bizim uşaqlar “Caillou” (Kayu) cizgi filmini izləyir. Düzdür, orada qan xərçəngindən əziyyət çəkən uşağın davranışları üzərindən uşaqlara humanizm hissi aşılanır. Lakin çox yaxşı olardı ki, milli dəyərlərimiz uşaq yaşlardan balalarımıza çatdırılsın. Uşaq telekanalı yalnız cizgi film təqdim etmək üçün deyil. Orada həkim məsləhəti vermək məqsədi ilə proqramlar hazırlana bilər, psixoloq, ginekoloq, pediatr öz tövsiyələrini verər. Cəmiyyəti bir verilişlə məlumatlandırmaq olmaz”.
Psixoloq qeyd edib ki, uşaq telekanalının reklam bazarını da Azərbaycanda formalaşdırmaq mümkündür: “Uşaqlarla bağlı geyim mağazaları, bağçalar, qida məhsulları, psixoloji mərkəzlər var. Onlar potensialı çatan qədər sponsorluq etsələr, bu verilişlərin marketinq tərəfi də uğursuz olmayacaq və cəmiyyətə verəcəyi fayda çox olacaq. İnanmıram ki, o konsepsiya özünü doğrultmasın. Uşaq televiziya telekanalları olsa, valideynlər rahat olar. Biz uşaqlarımızla televiziyaya baxan zaman tərəddüd edirik, bəzən telekanalı dəyişmək məcburiyyətində qalırıq. Uşaq telekanalı olsa, rahat uşağımla televiziyanı izləyərəm”.

Media eksperti Qulu Məhərrəmli deyib ki, uşaq telekanalının olmasına ehtiyac olsa da, imkan yoxdur: “ Uşaq telekanalı üçün veriliş resursları, kadrlar yoxdur. Bu gün Azərbaycana hava su kimi maarifləndirici telekanallar lazımdır. Həmin telekanallarda 2-3 saat uşaqlar üçün müəyyən olunmuş cizgi filmlər, verilişlər təqdim etmək olar. Bu dəqiqə uşaqların Azərbaycanda milli düşüncə platformasına yaxın olması, həqiqi tərbiyə alması üçün bu cür uşaq saatına, maariflənməyə ehtiyacı var. Bu gün bizim uşaqlar Türkiyə, Amerika telekanallarına baxıb, o hava ilə böyüyürlər. Biz bunun fəlakət olduğunu anlamırıq. 20 ildən çoxdur ki, müstəqil dövlətik, amma bizim normal cizgi filmimiz yoxdur, uşaq qəhrəmanlarımız yoxa çıxıb. ANS, ATV, İTV-də maraqlı uşaq verilişləri olub. O proqramların hansı səbəbdən yayımının dayandırıldığını anlaya bilmirəm. Dövlət büdcədən sözügedən verilişlərə pul buraxır, biz əyləncə yolu ilə uşaqları maarifləndirməliyik. hazırda güclü uşaq verilişi yoxdur. Mədəniyyət telekanalında uşaqlar üçün 2 saat “uşaq saatı” etmək olar. Bu cür verilişlərin hazırlanması üçün yaxşı rejissorlar, prodüserlər olmalıdır. Bir neçə il öncə MTRŞ təklif etdi ki, Azərbaycan dilində cizgi filmlər çəkilsin. Lakin məlum oldu ki, bizdə lazımi kadrlar yoxdur. Az saylı mütəxəssislər də yaradıcılıq meydanı verilmədiyi üçün ruhdan düşür”.

ATV-də bir müddət yayımlandıqdan sonra bağlanan “Oyuncaq” verilişinin aparıcısı Şəhriyar Əbilov bildirib ki, proqram reytinqli olsa da, sponsorsuz qalıb: “Uşaqlar üçün təqdim etdiyim “Oyuncaq” verilişi sevildi, uşaqlar məni küçədə görən zaman qucağıma qaçıb “Şəhriyar əmi” deyirdi. Bu hal məni sevindirirdi. Verilişin reytinqi yüksək olsa da, bir müddət sonra yayımı dayandırıldı. Şirkətlər uşaq verilişlərinə sponsorluq etmək istəmirlər”.
Qaynarinfo.az