Xəbər lenti

Uşaqlara nə ad qoyaq? - Yazıçılar nə təklif edir?
Ölkə10:36 05.09.2016

Uşaqlara nə ad qoyaq? - Yazıçılar nə təklif edir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda son illər uşaqlara kütləvi şəkildə dini adların qoyulması müzakirə olunarkən, səslənən arqumentlərdən biri də yazıçıların yeni adlar təklif etməsi məsələsi olur. Bəzi mütəxəssislər dilimizə Cəfər Cabbarlının Sevil, Yaşar adlarını, Səməd Vurğunun Aygün adını gətirməsini misal çəkərək, müasir yazıçı və şairlərin bu yöndə yenilik etmədiklərini deyiblər.

Qaynarinfo.Az gənc yazarlara müraciət edərək, hansı yeni adlar təklif edə biləcəkləri ilə maraqlanıb.

Yazıçı Qan Turalı yeni adların yaradılması məsuliyyətini yazıçıların üstünə qiyulmasını absurd adlandırıb: "Düzü, mən də məmnuniyyətlə yeni adların yaranmasını dilçilərin və yazıçıların üstünə qoyan mütəxəssislərlə tanış olmaq istəyərdim. Dilçilərlə bağlı məsələ, ümumiyyətlə, absurddur. O ki, qaldı yazıçılara, bəli, bizdə XX əsrin 20-30-cu illərində belə bir vəziyyət olub. Cəfər Cabbarlı, Hüseyn Cavid kimi ədiblərimizin istifadə etdiyi adlar sürətlə yayılırdı. Lakin o dövr nəhəng inqilabi romantika dövrü idi.  Yeni dil yaranırdı, yeni həyat, yeni cəmiyyət qurulurdu və cəmiyyət həyatının bütün sahələrində inqilabi dəyişikliklər baş verirdi.  Yeni adlar da bu prosesin tərkib hissəsi idi".

Qan Turalı hazırda dini adların kütləvi şəkildə istifadə olunmasını xatırladıb:"Həmin mütəxəssislər ətraflarında olan adlara baxsınlar. Ən çox qoyulan adlar Yusif və Zöhrədir. Yusif adı Qurandan götürülüb, Zöhrə adı da ərəb mənşəlidir. Düzdür, yeni adlar da var: Aylin, Ayan kimi. Lakin bu adlar da ədəbiyyata aid deyil. Göründüyü kimi, yeni adlar dini və Türkiyə mənbələrindən gəlir, nəinki yazıçılardan.  Ayan adını da Orxan Pamuk tapmayıb ki?! Ədəbiyyatın üstünə çox funksiya qoyulur, üstəlik yazıçılardan yeni ad tapmağı da umurlar, amma kitab oxumurlar. Çox qəribə tendensiyadır. Yeni adlar yeni düşüncənin məhsuludur. Nə qədər ki, yeni düşüncə olmayacaq, ədəbiyyat funksionallaşmayacaq, yeni adlar da türk seriallarından, dini mətnlərdən götürüləcək. Məsələ bu qədər sadədir".

Yazıçı Kənan Hacı isə dilin inkişafının yazıçıların adıyla bağlı olduğunu deyib: "Yazıçı dilin zənginləşməsində mühüm rol oynayan şəxsdir. Yeni söz və adların gətirilməsi də təbii, qanunauyğun prosesdir. Amma bu, süni şəkildə yox, təbii yolla olmalıdır. Dildə vətəndaşlıq qazanan və sıradan çıxan sözlər olur. Bütün xalqlarda belədir. Bununçün dilin qapılarını açıq saxlamaq lazımdır. Hansı söz yabançıdırsa, sıradan çıxacaq. Buna görə narahat olmağa dəyməz".

Kənan Hacı deyib ki, son zamanlar dilimizə Türkiyədən adlar gəlməsi yaxşı haldır:"Ərəb adlarındansa təmiz türk adlarının qoyulması daha yaxşıdır".

Yazıçı Mövlud Mövlud konkret təkliflə çıxış edib:"O, oğlan uşaqlarına qoymaq üçün "Vural" adını təklif edib".

Gənc yazıçı Rövşən Danyeri də hesab edir ki, bu barədə ciddi düşünmək lazımdır: "Yazıçıların tarixən əsas uğurlarından biri də dilə töhvələr verməyi olub. Bu özünü istər yeni sözlərin, istərsə də yeni adların yaranması kimi büruzə verir. Azərbaycanda da yazıçıların əsərlərində işlənən yeni adlar sonradan sevilərək uşaqlara qoyulub. İlyas Tapdıq qızına qoyduğu Şəbnəm, Səməd Vurğunun Aygünü kimi. Amma müasir dövrdə ad yaratmaq məsələsi bir az arxa plana düşüb.

Hətta yazıçılarımız əsərlərindəki obrazlara qoymağa ad tapa bilmirlər. Ona görə də məcbur olub xarici adlara, qısaltmalara gedirlər. Bu da oxucular tərəfindən birmənalı qarşılanmır. Amma bu barədə ciddi fikirləşmək lazımdır. Çünki dini adların bu qədər çoxalması heç də yaxşı hal deyil".

Yazıçı Səhər Əhməd təbiətdən alınan adların çox qoyulmasını təklif edir:"Mən daha çox milli, mənalı, həm təbii adların tərəfindəyəm. Türkiyədə belə adlar çox qoyulur. Məsələn, yağmur, topraq, yapraq, damla, ada,birsən, gül, su və sairə. İndi ölkəmizi başına götürən ərəb mənşəli dini adlardan və ya mənasız aytac, aysellərdənsə bu adlar min dəfə yaxşıdır".

Yazıçı Fəxri Uğurlu da yazıçıların həm də adlar sisteminə yeniliklər gətirməli olduğunu deyib:"Məsələn, mən Oğuz xanın yeddi oğlundan birinin –Göyxanın adını bəyənirəm. Dədə Qorqud dastanında belə adlar çoxdur".

Qızılgül

Qaynarinfo.Az