Xəbər lenti

«Uşaqların məktəbə getməyini bayram kimi qeyd etmələri...» (AÇIQLAMA)
Ölkə09:47 15.09.2017

«Uşaqların məktəbə getməyini bayram kimi qeyd etmələri...» (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu günün əsas özəlliyi məktəbi bitirənlər üçün xatirələri, yeni dəsr ilinə başlayanlar üçün yeni biliklərlə yanaşı, həm də həyat dərslərinin başlanğıcıdır. Biz həyatımızın vacib ilklərini məktəbdə yaşayırıq. İlk dostluq, ilk məhəbbət, ilk dava və s. sadaladıqca davamı gələn ilklər. 

Uşaqlar qədər həyəcanlı olan valideynlər üçün də bu gün çox əhəmiyyətlidir. Artıq onların üzərinə cəmiyyət üçün düzgün şəxsiyyət yetişdirmək məsuliyyəti düşür. Əvvəllər bəzi valideynlər övladlarını məktəbə yola salanda ayağının altında qurban kəsərdilər. İndi bu ənənəni davam etdirməklə yanaşı, inkişaf etdirənlər də var. Texnika inkişaf etdikcə, yeni adətlər ortaya çıxır. Məsələn, əvvəllər yeni evlənən cütlüklərin "Love Story" adlı fotossessiyasından xəbəri yox idi. Fotoaparatlar inkişaf etdikcə, fotoqraflar da inkişaf edir və bunun davamı da gəlir. 

Bu kimi adətlər məktəblilərdən də yan keçmir. İndi bəzi valideynlər uşaqlarını birinci sinifə yola salanda fotoqraf gətizdirir, uşağın evdən məktəbə qədər hər addımını lentə aldırır. Əslində buna görə valideynləri qınamırıq. Hər kəs övladı üçün önəmli bu günü əbədiləşdirmək, lentin yaddaşına həkk etdirmək istəyir. Hətta uşağının məktəbə getməsi münasibəti ilə çal-çağır quran valideynlər də var.

Amma bütün bunlar ənənə halını alır. Birinin imkan var edir, amma imkanı olmayan da bunu etməyə sanki özünü borclu bilir. Bu isə müəyyən problemlərin ortaya çıxmasına səbəb olur.

Mövzu ilə bağlı "Qaynarinfo"ya danışan Sosial İnformasiya Agentliyinin (tezis.az) baş redaktoru Taleh Şahsuvarov bildirir ki, bu hal xoş qarşılanmalıdır:

"Hər bir valideyn istəyir ki, onun övladının həyatında baş verən əlamətdar günləri qoruyub saxlaya bilsin. Bunun üçün artıq texniki vasitələr mövcuddur. Gələcəkdə həmin uşaqlar bu günlərini izləyib, xatırlaya biləcəklər. Bu çox yaxşı haldır. Əvvəllər də bu cür əlamətdar günlərdə uşaqlar məktəbdə foto çəkdirirdi. Məsələnin o biri tərəfinə gəldikdə ki, bəzi valideynlərin buna gücü çatmır və ya xoş qarşılamr. Təbii ki, bu yönləri də var. Amma düşünmürəm ki, bu uşaqların psixologiysaına zərər verə bilər. Əsas odur ki, uşaqlar öz valideynlərini öz yanında görə bilir. İlk gündə uşaqların müəllimlərinə gül aparması kimi də xoş ənənə mövcuddur. Bütün bu hallar uşaqların yaddaşında xoş xatirə kimi qalacaq. Həm bu videoçəklişdə başqa uşaqlar da düşür. Gələcəkdə onlar da həmin videonu özləri üçün istifadə edə bilərlər. Azərbaycan cəmiyyətində uşaqların məktəbə getməyini bayram kimi qeyd etmələri, hətta məktəbdən sonra evdə ziyafətlər də təşkil olunması imkanlara bağlıdır. Bu isə bizim cəmiyyətin elmə olan marağını göstərir. 

Lakin bizim təhsil sistemimizin böyük problemləri var. Və onların yanında bu elə də böyük problem kimi görünmür. Əsas məsələ təhsil sisteminin Avropa standartlarına uyğun qurulmalı və inkişaf etdirilməlidir ki, hazırda məktəbə gedən uşaqlar gələckdə yüksək səviyyəli təhsil ala bilsinlər. Təhsil sisteminin əsas qayəsi bu olmalıdır. Bir şeyi də qeyd edim ki, mən məktəb görəndə çox sevinirəm. Bu misalı hər zaman çəkirəm, əsrin əvvəlində çıxan qəzet və jurnalları oxuyanda görürük ki, Azərbaycanın bir çox yerlərində elementar səbəblərdən, məsələn, qarın ağrısından dünyasını dəyişirdi. Amma indi sevindirici haldır ki, Azərbaycanın rayon və kəndlərinin hər birinində xətəxana və poliklinikalar mövcuddur. Amma bəzən peşəkar həkimlər çatışmır. Və bu çatışmamazlıq çox sahədə özünü göstərir. Bütün bunların əsası da məktəbdən keçir. Ona görə də önəmli olan keyfiyyətli təhslidir".

Yazıçı Tural Cəfərov (Qan Turalı) da bu məsələyə müsbət yanaşır və bunun trend olduğunu vurğulayır:

"Həyat belədir. Ənənələr dağılır, yenidən yaranır və yenidən dağılır. Əvvəllər belə şeylər yox idi. Amma lap əvvəllər heç məktəb yox idi. Nə edək? Məktəbə getməyək? Bir ailə üçün övladını məktəbə yola salmaq xoş bir xatirədir. Qoy bu xatirələr əbədiləşsin. Yeri gəlib, deyirəm. Lap əvvəllər yas mərasimlərində foto çəkmək ənənəsi vardı. Mən o fotoları görmüşəm. İndi yoxdur. Bunlara təbii proses kimi baxmaq lazımdır. Xüsusən indi biz çox vizual bir dövrdə yaşayırıq. Hamı daim şəkil çəkir. Telefonlara görə olub bu. Və sosial şəbəkələrə görə. Deyirlər, filankəs kitab oxuduğu yerdə şəklini çəkib qoyur. Qoysun da. Sənə mane olanın adı nədir? Ya da deyir ki, bir qız makiyaj edib şəklini Facebooka qoyur. Hara gedirsə şəklini qoyur. Bu dövrün trendidir. Bir müddət sonra yəqin bunlar olmayacaq. Həyatdı da, Zaur..."

Lalə Niftalıyeva

Qaynarinfo.Az