Ölkə 10:04 17.03.2023

“Usta” dələduzun sonu

Həyat hekayəsi ilk dəfə həbsxanaya düşdüyü gündən qara hərflərlə yazılmağa başlayıb. Kriminal aləmlə tanışlıq onun yaxşı insana çevrilməyinin qarşısına sədd çəkib. Çevrəsinin qaranlıq əməllərinin içində özünü tapa bilməyib və ömrünün çox hissəsini dəmir barmaqlıqlar arasında keçirib. 

Dələduzları özünün "elitası” kimi tanıdan yeraltı dünyada söz sahibi olmaq üçün törətdiyi əməllərlə özünü sübut etmək istəsə də, hər dəfə qarşısına keçilməz divar çəkən qanunun diktəsi ilə oturub durmağa məcbur idi. 

Ancaq içəridə öyrəndiklərini təkmilləşdirməkdən ötrü azadlığa çıxacağı günü gözləməliydi. Çıxdı və bir neçə gündən sonra ilk "ovu” uğurlu oldu. Taksi fəaliyyəti göstərən Azər Güləliyevlə tanışlıq onun üçün lap göydəndüşmə idi. Özünü hər kəslə əlaqəsi olan biri kimi təqdim etməsi işə yaramışdı. Azərin taksi xidmətindən istifadə edərkən məsafəyə görə ona artıqlaması ilə gediş haqqı ödəməsi, hətta əlavə xərclərdə xəsislik etməməsi onun səxavətli, əliaçıq imicini formalaşdırmışdı. Bir sözlə, o, yüksək qabiliyyətləri ilə Azəri inandırmağı bacarmışdı. 

İstirahət məkanlarının birində yeyib-içərkən yeni tanışından vacib işinin olmasını bəhanə edərək maşını 1-2 saatlıq istəməsi onun kim olduğunu üzə çıxarmağa imkan verir. 

Vüsal Kərimov öyrənmişdi ki, Zərdab rayonunun Ağabalı kənd sakini Sabit Heydərovun övladı həqiqi hərbi xidmətdədir. Bu incə nüans ona pul qazandıracaqdı. "Oğlunuz hərbi xidmətdə dalaşıb. İşləri dolaşığa düşüb və mən bir hərbçi kimi sizə kömək etmək üçün bura gəlmişəm. Odur ki, vaxt itirmədən Sumqayıta yola düşməliyik”...

Köməksiz insanların duyğularını istismar etmək və bundan pul qazanmaq Vüsal üçün çoxdan adiləşmişdi... 

Sumqayıtdakı 40-cı məhəllə adlanan ərazidə yerləşən "Nərgiz” kafesində əsgər atasından 500 manat alıb qeybə çəkilməsi insan cildinə girmiş bu canavarın çoxlarını qurbanına çevirməyə hazır olduğunun ilk əlamətlərindən biri idi. Ancaq...  

Zərdaba gələrkən sürət həddini aşdığına görə Azərin telefonuna bildirişin gəlməsi, ondan sonra zərərçəkənin DİN-in "102” Xidməti-zəng Mərkəzinə məlumat verməsi və əsgər atasının da aldadılması ilə bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət etməsi yaxasını ələ verir.
Bu "usta” dələduzun yaxalanması işini Sumqayıt ŞPİ-nin 3-cü PB-nin rəisi, polis mayoru Xalid Günəşov öz şəxsi nəzarətinə götürür. 
Vətəndaşlardan ətraflı izahat alınır, təhlükəsiz şəhər kameraları, mobil rabitə sistemi incələnir və sonda qaçırılmış maşına baxış keçiriləndən sonra Vüsalın tutulması üçün əməliyyat qrupu yaradılır.

Əməliyyat məlumatı əsasında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Əlcəfər Hacızadənin və polis leytenantı Özübəy Bəbirovun peşəkarlığı sayəsində Vüsal Nərimanov rayon ərazisində yerləşən hotellərin birində yaxalanır.

Bölmədə əsl həqiqət üzə çıxır. Məlum olur ki, özünü hər kəsə Vüsal Kərimov kimi təqdim edən şəxsin adı-soyadı da saxtadır. Onun adı Xəqani, soyadı isə Ağayevdir. İstintaq müəyyən edir ki, Xəqani Ağayev eyni üsulla daha üç nəfərin etibarından sui-istifadə edərək pulunu mənimsəyib. 

Bu "usta” dələduzun barəsində cinayət işi başlanılıb. Yəqin ki, qanun qarşısında təqsirini boynuna almalı olacaq.

Ruslan Vəliyev, 
polis baş leytenantı