Xəbər lenti

Uğur yolun açıq olsun,  əziz Anar müəllim!
Ölkə10:09 31.01.2020

Uğur yolun açıq olsun, əziz Anar müəllim!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səyyad Ağayev
İqtisad üzrə fəlsəfə doktoru, dosent
71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizəd professor, böyük ziyalı Anar İsgəndərov üçün adıçəkilən rayon yad deyil. Bu torpağa ruhən bağlı olan Anar müəllim Kolatan kəndində həyata göz açıb, burada orta məktəbdə oxuyub. Bakıda ali məktəbdə təhsil alanda, Masallının kəndlərində müəllim işləyəndə, sonradan arzularının ardınca yenidən paytaxta dönüb elmi fəaliyyət göstərəndə   və nəhayət, dogma universitetdə çalışanda, bir sözlə, hər zaman yurd-yuvası, el-obası ilə nəfəs alıb, həmyerlilərinin qayğıları, dərd-səri ilə maraqlanıb, problemlərinin aradan qaldırılmasına yardımçı olub. Bu, təəssübkeşlik, bu istək, sevgi heç vaxt-vədə azalmayıb, nə vaxtsa, hansısa bir çətinliklə üzləşsə belə, dogma rayonunun ağrı-acısını özününkü bilib, sevinc-fərəhindən qanadlanıb, ruhlanıb. Bütün uğurlarının bu torpağın, bu məkanın havasından, suyundan, duz-çörəyindən, müdriklərinin öyüd-nəsihətindən qaynaqlandığı qənaətində olub. Elə Azərbaycanın hakim partiyası tərəfindən bu rayondan deputatlığa namizəd göstərilməsi də təsadüfi deyil. Heç şübhəsiz ki, partiyadaşları onun el-obaya nə qədər bağlı insan olduğunu yaxşı bildiklərindən belə qərar veriblər. Çünki, Anar müəllim masallılı olduğu qədər, qarabağlı, naxçıvanlı, təbrizli – Vətənin olduğu hər yerindəndir. Onun üçün Vətən anlayışı, həm də əziz Azərbaycandır. Bu şüar böyük şəxsiyyətin həyat amalı, həyat prinsipi olub.  Bizi – tələbələrini azərbaycanlı olmağı, bu məmləkəti sevməyi illərdir təqdir edir. Anar müəllim millət vəkilliyi kimi ağır bir yükü daşımaq üçün bu qərarla bağlı, ilk növbədə, Masallının ağsaqqal-ağbirçəklərindən hallallıq almağı da unutmayıb. Doğma Kolatana, o biri kəndlərə gedib, seçicilərlə, ən əsası isə dünyagörmüşlərlə görüşəndə onlara ilk sözü də bu olub ki, mən sizdən hallallıq almağa, bu istək gerçəkləşəndə isə səsinizi əmanət kimi qoruyacağımı vəd verməyə gəlmişəm. Bütün el-oba Anar müəllimi yaxşı tanıyır. Cavanlı-qocalı hamı onun əmanətə xəyanət edəcəyini belə heç xəyalına   gətirmir. Çünki uşaqlıq,  gənclik illəri, lap elə indiki müdriklik çağı bütün Masallı camaatının gözü önündə  keçib. Ona görə də indiyədək reallaşan görüşlərdə hakim partiya tərəfindən bu böyük alimə göstərilən etimad sevinclə qarşılanıb, uğur yolunun  millət vəkili mərhələsinə alqışlar edilib…   
                                                 
*** 
Anar İsgəndərovun Böyük Vətənə-Azərbaycana, döğma Masallıya, Kolatan kəndinə olan sonsuz sevgisi, bəlkə də, professorun ulu Yaradana olan yaxınlığı, Allaha olan inamının gücü ilə bağlıdır. Əgər belə olmasaydı,  Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasına üzv seçilməzdi, bu idarənin, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin  fəaliyyəti ilə bağlı neçə-neçə kitabı yazmazdı, əsərlərində sovet dövründə tanınmış ruhani alimlərin, yüzlərlə din xadiminin  repressiyaya məruz qaldığını, ömürlərini uzaq Sibirin şaxtalı çöllərində başa vurduqlarını xatırlatmazdı. Dərs dediyi universitetdə tələbələr arasında hörmət, nüfuz qazanması, onların ümid-inam, güvənc ünvanına çevrilməsi də ulu yaradana dərin bağlılığından qaynaqlanır. Bu etimad özü tələbə olduğu illərdə də yaşanıb: valideynlərindən çox müəllimlərini arxa-dayaq bilib, çətinliyini, dərd-sərini onlarla bölüşüb, onların zəhmətini itirməyib, qayğısını illər keçsə də unutmayıb.
Anar müəllim Bakı Dövlət Universitetinin indi haqq dünyasında olan müəllimi tarix elmləri namizədi, dosent Sabir Kərimovun  xatirəsini daim uca tutur. Özü bu barədə deyir: "Müəllim dürüst, təmənnasız olarsa, şəxsiyyətinə önəm verərsə, cəmiyyətdə yüksək mənəvi keyfiyyətlərə sahib bir ziyalı kimi tanınarsa, tələbəni öz övladı qədər sevərsə, imkansızlara dayaq olarsa, o, bunun mütləq qarşılığını görəcək, yəni özü də seviləcək, uca tutulacaq, hamı gəlib onunla dərd-sərini bölüşəcək, gözündə valideynini, doğmalarını görəcək. Sabir müəllim də belə bir insan, belə bir müəllim idi. O vaxt hər hansı tələbənin qiymətlə bağlı narazılığı olanda mütləq Sabir müəllimi axtarırdı. Hamının düşüncəsində belə bir fikir var idi: haqqımı ancaq Sabir müəllim müdafiə edə bilər. Elə də olurdu. O zaman düşüncələrdə heç bir neqativ fikir olmadığı üçün hamı bilirdi ki, Sabir müəllim nəyə görəsə tələbələrin haqqını müdafiə etmir. Belə ədalətli münasibət onun xarakterindən doğurdu…”. Bax, hələ tələbə ikən Anar müəllim də belə bir müəllim, pedaqoq olacağına özünə söz vermişdi, öz şəxsiyyəti ilə bütöv bir tələbə-müəllim heyəti üçün bir məktəbə çevriləcəyi arzusu ilə yaşamışdı…
Anar müəllim universiteti bitirəndən üç il yarım sonra yenidən bu təhsil ocağına qayıdanda, burada fəaliyyətə başlayanda hər addım göz önünə Sabir müəllim gəldi. Ondan aldığı dərs, öyüd-nəsihət köməyinə çatdı. Qısa zamanda yüksək intellekti, mədəni-mənəvi keyfiyyətləri,  davranış qaydaları ilə nümunəyə çevrildi. Bakıda məskunlaşıb, burada elm-pedaqoji fəaliyyətlə məşğul olsa da, rayonunu, kəndini də unutmadı, imkan düşən kimi Masallıya getdi, xeyirdə-şərdə iştirak etdi, həmyerlilərinin qayğılarını bölüşdü…
Professor Anar İsgəndərov pedaqoji fəaliyyəti ilə yanaşı, elm-tədqiqat sahəsində də böyük uğurlar əldə edib. Müəllifliyi ilə 6 monoqrafiya,  5 dərs vəsaiti, 15 proqram, 300-dən çox elmi məqalə işıq üzü görüb. Azərbaycanın 1917-1920-ci illər tarixinin mənbəşünaslığı və tarixşünaslığı üzrə elmi məktəb yaratmağa nail olub. Bu dövrün ayrı-ayrı problemləri onun rəhbərliyi altında uğurla həllini tapıb: türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımın tarixşünaslığı tədqiq olunaraq Azərbaycan ictimaiyyətinə çatdırılıb. Elmi cəmiyyətdə, ictimai sferada nüfuzlu bir alim kimi tanınan professor Anar İsgəndərov hər zaman diqqəti daha çox özünüdərk şüurunun formalaşdırılmasına, milli-mənəvi dəyərlərin bərpasına yönəldib. İllərlə üzərini toz basan tarixi faktları araşdırmaqla, həqiqət işığına çıxarmaqla ağrılı-acılı gerçəkliklərə öz vətəndaş-alim münasibətini bildirib. Professorun elmi yanaşmalarında  bu məsələ özünü hər zaman qabarıq büruzə verib. Xalqımızın milli dövlətçiliyə nail olmaq arzularının gerçək ifadəsi olan və ömrü cəmi 23 ay çəkən Azərbaycan Xalq Cümhuriyyəti tarixindən yazanda da, Bakı Kommunası tərəfindən  Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsini açıqlayanda da,  əsrlərlə erməni dəhşətlərinin şahidi olan məmləkətimizdə  Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrin Azərbaycana gəlib uğrumuzda döyüşmələri barədə dəyərli tədqiqatlar aparanda da, Səfəvi dövləti barədə mübahisəli fikirlərə aydınlıq gətirəndə də, bir amili unutmayıb:  xalqımızın çoxəsrlik tarixinin heç bir konyukturdan asılı olmadan,  ideoloji qəliblərə, siyasi yararlılıq prizmasına əsaslanmadan yerli-yataqlı tədqiqinə, tarixi həqiqətlərin məhz həqiqət prizmasından qiymətləndirilməsinə  xüsusi önəm verib.   
                 
***            
Tarix elmləri doktoru, professor  Anar İsgəndərov fevralın  9-da Milli Məclisə keçiriləcək seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi kimi iştirak edir. Bildiyim qədər Anar müəllim seçicilərin böyük coşqusu ilə qarşılanır. Sayqısevər seçici bilir ki, Anar müəllimin həyatı halallıqdan yoğrulub, halallaıq üzərində qurulub. Bunu əyani sübutudur ki, məhz bu keyfiyyətlər görkəmli alimə xalq məhəbbəti qazandırıb. Anar müəllim həm də elmdən başqa tələbələrinə ictimai tərbiyəni təlqin edir. Ahıllarla düz oturub əyri danışanlar Anar müəllimi görəndə özlərini yığışdırırlar. Böyük tələbə– məzun ordusunun sevimlisinə çevrilib. Anar müəllim harda varsa, orda halallıq var. Budur ziyalı sevgisi, ziyalıya xalq məhəbbəti! Yolunuz mübarək, Anar müəllim!