"Azərbaycanda son günlər yoluxma sayında baş verən azalma vaksinasiya prosesinin sürətli və keyfiyyətli şəkildə aparılmasından qaynaqlanır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev son zamanlar COVİD-19-a yoluxma sayında azalmanın baş verməsi və sağalanların sayının daha çox olmasına səbəb olan amilləri sadalayarkən deyib:
"Hazırda ölkə vətəndaşlarının 45 faizi peyvənd olunub. 18 yaşdan yuxarı insanların isə 65 faizi bu prosedurdan keçib. Bütün bunlar yoluxanların sayının azalmasına öz təsirini göstərib. Bundan başqa, yoluxub sağalanlar da müəyyən immunitet qazanıb. Başqa bir tərəfdən, yoluxmanın azalması və ya artması bəzi hallarda dalğavari xarakter daşıyır. Havanın sərt və ya yumşaq keçməsilə də bağlı olan məsələdir”.
Deputat bildirir ki, həftənin əvvəlində yoluxma sayının az olmasına istirahət günləri intensivliyin azalması da öz təsirini müəyyən qədər göstərib:
"Həftənin əvvəlində yoluxanların sayının az olması, şənbə, bazar günləri intensiv hərəkətin az olması ilə də əlaqəli ola bilər. Ona görə də əslində həftənin ortasında orta rəqəmi çıxarmaqla məsələ ətrafında nəticə çıxarmaq olar. Ümumiyyətlə, ölkəmizdə hələlik proses nəzarət altındadır. Vaksinasiyanı davam etdirməklə, yəqin ki, müəyyən müddətdən sonra prosesi tamamilə sonlandıra bilərik. Ümumilikdə, dünyada belə bir fikir var ki, 2022-ci ilin ikinci yarsından pandemiyaya son qoyula bilər. Bir şərtlə ki, vaksinasiya indiki templə davam etsin”.
Rüfət Sultan