Yetkinlik yaşına çatmayan qızların evləndirilməsinə qarşı həm rəsmi şəkildə, həm də ictimai qınaq şəkilində illərdir mübarizə davam edir. Qızlarını erkən yaşda evləndirməyə çalışanlarla profilaktik söhbətlər aparlır, müxtəlif cəza tədbirləri tətbiq olunur. Lakin bu kimi halların sayı azalmır.
Bəs, valideynlərin yetkinlik yaşına çatmayan qızlarını erkən yaşda ərə verməsinin səbəbi nədir?
Sosioloq Mail Yaqub Qaynarinfo-ya açıqlamasında bunun müxtəlif səbəblərinin olduğunu deyib:
"Birinci səbəb ata-ananın özünün savadsız olmasıdır. İnsana savad çox vacibdir. Savad və intellekt bir çox problemləri həll edir. Dar dünyagörüşü olanda ana uşağını az yaşda və özündən xeyli böyük, uyğunsuz bir kişiyə ərə verir. Bununla da qızının gələcək taleyini sual altına atır. Başqa səbəblər də ola bilər. Məsələn, ailənin maddi vəziyyəti ağırdır, qızını ərə verir ki, yükü azalsın. Amma bu kimi hallara az rast gəlinir".
Mail Yaqub "problemi aradan qaldırmaq üçün nə etmək lazımdır” sualını belə cavablandırıb:
"İki istiqamətdə iş aparmaq lazımdır. Birincisi, hüquqi maarifləndirmə... Bu nədir? Hüququn, qanunun insanlara çatdırılması, təbliğ olunması. Şükür ki, televiziya və radiolarda bu barədə demək olar verilişlər yoxdur. İnsanlar qanundan xəbərsizdir. İnsanlar bilmir ki, bu hərəkəti etsə, həbs oluna bilər. Cinayət etdiklərini bilmirlər. Bilsələr, bəlkə də qorxularından etməzlər. Ata-ana bilsə ki, azyaşlı qızını ərə verdiyi üçün huquq onu cəzalandıracaq, bu addımı atmaz. Bu istiqamətdə maarifləndirmə aparılmır.
İkinci istiqamət isə, xüsusilə bölgələrdə, intellektual səviyyənin çoxalması üçün iş aparmaq tələb olunur. Tez-tez kitab sərgiləri təşkil etmək, insanları kitab oxumağa həvəsəndirmək və s. Kitab deyəndə ağzına gələni yazan müəlliflərin kitablarını nəzərdə tutmuram. Oxucunu, milləti təhqir edən kitablardan söhbət getmir. Abırlı, səviyyəli, millətini sevən müəllifləri təbliğ etmək lazımdır. Kitabında millətini təhqir edən müəllif cəhaləti yayır. İntellektual səviyyəni qaldırmaq üçün iş aparmaq lazımdır ki, millət savadlansın. Təəssüflər olsun bunların heç biri yoxdur”.
Xatırladaq ki, Sabirabad rayonunda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb. Hadisə rayonun Əsədli kəndində baş verib. Nəticədə 14 yaşlı qızın atası S.Fərzalıyev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə 8 sutkalıq həbs edilib. Valideynlərin dəfələrlə məsuliyyətə cəlb olunmasına baxmayaraq, bu kimi hallar bölgələrdə tez-tez təkrar olunur.
Bahar Rüstəmli
Şərhlər