Xəbər lenti

Valideynləri olan uşağın övladlığa verilməsi necə tənzimlənir? - Hakimdən açıqlama
Ölkə 12:19 09.07.2024

Valideynləri olan uşağın övladlığa verilməsi necə tənzimlənir? - Hakimdən açıqlama

Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimi Vahid Sadıqov övladlığa götürmə mövzusu barədə danışıb.

Qaynarinfo xəbər verir ki, hakim qeyd edib ki, valideynləri olan uşaq Ailə Məcəlləsinin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər:
 
"Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin razılığı, valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının rəyi tələb olunur. Uşaqlarının övladlığa götürülməsinə valideynlərin yazılı razılığı notariat qaydasında təsdiq olunmalıdır. Razılıq, həmçinin məhkəmədə övladlığa götürmə zamanı şifahi olaraq verilə bilər.  Valideynlər övladlığa götürmə barədə məhkəmə qətnaməsi qəbul edilənədək öz uşaqlarını övladlığa vermək barədə razılığı geri götürə bilərlər. Valideynlər öz uşaqlarını konkret şəxsə və ya konkret şəxsi göstərmədən övladlığa verməyə razılıq verə bilərlər. Valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə və bundan 1 il müddət keçmişsə və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur. Valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər.
 


Hakimin sözlərinə görə, qəyyumluqda (himayədə) olan uşaqların övladlığa götürülməsi üçün  qəyyumlarının notariat qaydasında təsdiq olunmuş yazılı razılığı olmalıdır: "Himayədar ailənin öhdəsində olan uşaqların övladlığa götürülməsi üçün onların himayədar valideynlərinin həmin uşaqlarla bağlı fikri öyrənilir. Sosial xidmət müəssisələrində yerləşdirilmiş uşaqların övladlığa götürülməsi zamanı müəssisə rəhbərlərinin həmin uşaqlarla bağlı rəyi alınır. Məhkəmə uşağın mənafeyini nəzərə alaraq yuxarıda göstərilən şəxslərin razılığı olmadan və ya fikri nəzərə alınmadan da müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında uşağın övladlığa götürülməsi barədə qətnamə qəbul edə bilər. 10 yaşına çatmış uşaq övladlığa götürüldükdə, onun razılıq verməsi zəruridir. 7 yaşına çatmış uşaq övladlığa götürüldükdə, məhkəmələr tərəfindən onun fikri pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə öyrənilir və nəzərə alınır. Övladlığa götürmə haqqında ərizə verilənə qədər uşaq övladlığa götürmək istəyənin ailəsində yaşamışsa və onu öz valideyni hesab edirsə, övladlığa götürmə övladlığa götürülən uşağın razılığı olmadan da aparıla bilər”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->