Xəbər lenti

Valyuta qıtlığının və tədiyyə balansının pozulmasının səbəbləri - Ekspert şərh edir
Ölkə12:05 31.08.2016

Valyuta qıtlığının və tədiyyə balansının pozulmasının səbəbləri - Ekspert şərh edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Tədiyyə balansının son 10 il üzrə məlumatlarını gözdən keçirirəm, indiki xarici valyuta qıtlığı şəraitində maraqlı mənzərə diqqəti çəkir". 

Qaynarinfo.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib.

Rövşən Ağayevin sözlərinə görə, 2007-2014-cü illərdə neftin yüksək qiyməti hesabına ölkə iqtisadiyyatı "dollar yağışı"na düşmüşdü: "Başqa tərəfdən isə ölkəyə böyük həcmli xarici kredit axını olub. Məsələn, həmin 8 ildə təkcə hökumətin xəttilə 6 milyard dollara yaxın kredit daxil olub - "ildə orta hesabla 750 milyon dollara yaxın məbləğ daxil olub. Yalnız elə 2011-2012-ci illərdə hökumətin xəttilə daxil olan kreditlər 2.5 milyard dollar təşkil edib. Amma 2015-də həmin göstərici 500 milyon dollardan da az olub2.

Ekspert bildirib ki, 2007-2014-cü illərdə bankların aldığı kreditin həcmi 7.5 milyard dolardan çox olub:  "İldə orta hesabla 1 milyard dollar daxil olub. Hətta 2008-də bu göstərici 1.3 milyard, 2010-da 1.7 milyard, 2012-də 1.6 milyard dollar olmuşdu. 2015-ci ildə isə banklar nəinki xaricdən borc almayıb, əksinə bu borcları azaltmaq üçün ölkədən 500 milyon dollar çıxarıb.Banklar istisna olmaqla qeyri-hökumət kreditlərinin də həcmi az olmayıb. 2007-2014-cü illərdə bu kanalla ölkəyə 6.5 milyard dollara yaxın xarici kredit gəlib". 

Rövşən Ağayev qeyd edib ki, yuxarıda göstərilə 2 kanaldan fərqli olaraq 2015-ci ildə bu xətlə kreditlərin həcmi artıb və 1.3 milyard dollardan çox olub: "Bir tərəfdən neftin qiyməti kəskin azalıb. O biri tərəfdən isə alternativ kanallarla (xarici kreditlər, xarici investisiyalar, qeyri-neft məhsullarından ixrac qazancları) valyuta axınları azalıb. Tam başqa bir tərəfdən isə xarici kreditlərə görə, xüsusilə hökumətin və bankların borclarına görə ödəmələr kəskin artıb, buna da valyuta kütləsi lazımdır". 

Ekspertin fikrincə nəticə özünü bazardakı valyuta defisitində göstərir:"Hökumət isə tələbatı boğmaqla, problemi ən azı ertələməyə, sonra isə sehrli çubuğun köməyilə həll edəcəyinə hələ də ümid edir. Bu, həm də sırf "resurs paradoksu"du: neft pulları gələndə etibar edib borc verirdilər, neft pulları azaldı, etibarın (reytinqin) da azaldı".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az