Siyasət 13:58 26.12.2022

Vardanyan məcbur edir ki, Azərbaycan antiterror əməliyyatına başlasın (RƏYLƏR)

"Vardanyan özünü ora göndərən qüvvələrin verdiyi təlimatına uyğun hərəkət edir”.

Bunu Qaynarinfo-ya açıqlamasında "Yeni Nəsil" Azərbaycan Jurnalistlər İttifaqının sədri Arif Əliyev Qarabağdakı separatçı rejimin "dövlət naziri” Ruben Vardanyanın Xankəndidə keçirilən mitinqdə səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib. Arif Əliyev bildirib ki, Vardanyan Qarabağa xüsusi tapşırıqlarla gəlib:

"Xankəndidə ermənilərin keçirdiyi mitinq və orada səslənən fikirlər bir tərəfdən prosesə cəlb olunmuş beynəlxalq təşkilatlara təsir formasıdır. İkincisi, Vardanyanın başqa yolu da yoxdur. Onun Qarabağa gəlməsində bir neçə məqsəd var idi. O, Rusiya tərəfindən Qarabağa müəyyən tapşırıqla göndərilib. Vardanyan özünü ora göndərən qüvvələrin verdiyi təlimata uyğun hərəkət edir. Digər tərəfdən, onun orada möhkəmlənməsi mövqeyindən asılıdır. Gələndə elan etmişdi ki, müstəqillik söhbətini yenidən qaldıracaq və onu təmin edəcək. İndi o, həmin mövqeyindən geri çəkilsə, Bakının Vardanyanın oradan çıxarılmasını tələb etməyə ehtiyac da qalmayacaq. Çünki ermənilər özləri onu qovacaq”. 



Həmsöhbətimiz qeyd edir ki, Azərbaycanın Qarabağa nüfuz cəhdlərinin artması fonunda bunun əks-reaksiya doğuracağı gözlənilən idi:

"Azərbaycan orada öz mövqeyini addım-addım möhkəmləndirdikcə, bu sayaq əks-təsirlərin təzahürlərini də görəcəyik. Bu, müəyyən mərhələlərdə diplomatik, bəzi mərhələlərdə isə hətta kiçik silahlı qarşıdurmaya da gətirib çıxara bilər. Təbii ki, proses qısa olmayacaq. Azərbaycan öz mövqeyində dayanıqlı olsa, diplomatik fəaliyyətini düzgün qura bilsə, ermənilərin "müdafiə” cəhdləri də azalaraq öz məntiqi sonluğuna çatacaq”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə qeyd edir ki, Vardanyan bu kimi açıqlamalarla terrora çağırır və faktiki olaraq Azərbaycanı antiterror əməliyyatına başlamağa sövq edir: 
 


"Vardanyanın bu açıqlaması açıq şəkildə Azərbaycan qanunlarına zidd bəyanatdır. Orada səslənən siyasi çağırışlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlib. Hesab edirəm ki, Azərbaycan prokurorluğu orada səslənən fikirlərə qarşı cinayət işi açmalıdır. Vardanyanın erməniləri mübarizəyə səsləməsinə gəlincə, dünyada silahlı mübarizə terror kimi qiymətləndirilir. Bu baxımdan orada Azərbaycan qanunlarına zidd hansısa hadisə baş verəcəksə, deməli, həmin olay terror əməli hesab olunacaq. Belədə, onlar faktiki olaraq Azərbaycanı məcbur edir ki, antiterror əməliyyatına başlasın”.

Qeyd edək ki, bazar günü Xankəndidə keçirilən mitinqdə çıxış edən separatçı rejimdə "dövlət naziri” vəzifəsini tutan milyarder Ruben Vardanyan cəmi üç yollarının olduğunu deyib: "Birincisi, tabe oluruq və gec-tez Azərbaycana inteqrasiya edirik, ikincisi, çıxıb gedirik, üçüncü yol isə qalıb mübarizə aparmaqdır. Mən sentyabrın 12-də seçimimi etdim, buradayam, döyüşürəm və buradan getməyəcəyəm”. 

Rüfət Sultan