
Ötən gün Daxili Qoşunların Naxçıvan Alayında zabit-gizir ailələri üçün xidməti yaşayış binasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport verib.
Tədbirdə çıxış edən baş leytenant Orxan Seyidov deyib ki, Daxili Qoşunların Naxçıvan Alayı yarandığı vaxtdan etibarən diqqət və qayğı ilə əhatə olunub. Alay müasir texnika, silah-sursat və avadanlıqla təchiz edilib. Döyüş hazırlığı yüksəldilib. Hərbi hissədə xidmətin təşkili üçün yaradılan şərait qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməyə imkan verir. Hərbi qulluqçuların xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər isə onların sosial problemlərinin həlli baxımından mühüm əhəmiyyət daşıyır.
Sonra Ali Məclisin sədri mənzillərin orderlərini və açarlarını təqdim edib. Rəmzi açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olub.
Məlumat verilib ki, 12 mənzilli yaşayış binası 3 mərtəbədən ibarətdir. Binada yenidənqurmadan sonra elektrik, qaz, rabitə, su və kanalizasiya xətləri yenilənmiş, bütün evlər qızdırıcı ilə təmin olunmuş, havalandırma sistemləri quraşdırılıb. İki və üçotaqlı mənzillərdə zabit ailələrinin məişət şəraitinin yaxşılaşdırılması üçün lazımi infrastruktur yaradılmış, məişət əşyaları qoyulub.
Yanvarın 29-da Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin komandan heyətinə 15 ədəd “Mitsubishi-PAJERO” və 10 ədəd “UAZ” markalı xidməti avtomobillər verilib.
Azərbaycan müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclis sədri Vasif Talıbova raport verib.
Ali Məclisin sədri açarları təqdim edib, avtomobillərin texniki göstəriciləri ilə maraqlanıb.
Bildirilib ki, yüksək texniki göstəricilərə malik olan “Mitsubishi-PAJERO” markalı avtomobillər çətin yol şəraitində dözümlülüyü və rahat idarə olunması ilə seçilir. Qənaətcilliyi ilə diqqəti çəkən bu avtomobillər yüksək manevr qabiliyyətinə malikdir. Muxtar respublikanın relyefinə uyğun olan yeni avtomobillər ilin istənilən fəslində xidməti fəaliyyətin təhlükəsiz və çevik təşkilinə imkan verəcək.
Qaynar.info




