
Bir qrup dindar - səiləfi noyabrın 13-də saxlanılması və Sumqayıt Şəhər Polis İdarəsində zorakılığa məruz qalmaları ilə bağlı məhkəməyə müraciət edəcəklər.
Bu barədə məlumatı AzNews.az-a saxlanılanlardan biri - Qarabağ müharibəsinin veteranı, II qrup əlil Zaur Mehdiyev verib. O, bilidib ki, əlində faktlar mövcuddur və həmin dəlilləri məhkəməyə təqdim edəcək:
“Rəis müavini Süleyman Nemətov və İdarənin bir neçə başqa əməkdaşları bizə işgəncələr veriblər, olmazın zülmlər ediblər. Bizim polis idarəsində döyülməyimizdən bir gün sonra bir nəfər rus vətəndaşını da döyüblər. O, da bizim kimi namaz qılandır. Amma rus vətəndaşıdır. Hazırda məhkəməyə gedirəm”.
Xatırladaq ki, Zaur Mehtiyev mətbuata açıqlamasında noyabrın 13-də bir qrup sələfi əqidəsində olan dostu ilə həbs olunan dostları Zöhrab Şıxəliyevin Corat ərazisində olan evində olarkən, Sumqayıt Şəhər Baş Polis İdarəsinin əməkdaşları onları tərəfindən polis idarəsinə aparılaraq işgəncələrə məruz qaldığını bildirib.
O, 8 saat təhqir edildiklərini və hazırda iki nəfərin Sumqayıt Şəhər Xəstəxanasının Travmatalogiya şöbəsində olduğunu söyləyib.
POLİS TƏKZİB EDİR
“Sumqayıt şəhər sakini Zaur Mehdiyevin noyabrın 13-də Sumqayıt Şəhər Polis İdarəsində təhqir və fiziki təzyiqə məruz qalması barədə səsləndirdiyi iddiaların heç bir hüquqi əsası yoxdur”.
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə sələfi qruplaşma üzvləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, polisin işgüzar nüfuzuna və imicinə xələl gətirmək məqsədilə məqsədyönlü şəkildə yayılan həmin məlumatlar uydurma və böhtan xarakterlidir.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının bu il noyabrın 13-də həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Sumqayıt şəhər sakini Zöhrab Şıxəliyev saxlanılıb, üzərinə baxış zamanı sandıqçasında 3 patronu olan "Valter" markalı tapança aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq Z.Şıxəliyevin Corat qəsəbəsində yaşadığı evə baxış zamanı isə həyətdə qanunsuz inşa edilmiş məscid və mədrəsə kimi istifadə olunan yeraltı tikili aşkar olunub, bu zaman orada olan bir neçə nəfər şəxsiyyətləri müəyyənləşdirilmək məqsədilə Sumqayıt ŞPİ-yə gətirilib. Həmin adamların şəxsiyyəti müəyyən edildikdən sonra onlar sərbəst buraxılıblar.
Daxili İşlər Nazirliyinin rəsmisi bildirib ki, 8 saat ərzində polis idarəsində guya təhqirlərə və işgəncələrə məruz qaldıqlarını bildirən həmin şəxslərin iddialarının əksinə olaraq təqribən 1 saat ərzində adıçəkilən İdarədə olub və bu zaman onlara qarşı heç kəs kobud davranmayıb, təzyiq etməyib.
“Polis əməkdaşları barədə həqiqətdən uzaq və şantaj xarakterli məlumat yayanlar guya hazırda iki nəfərin Sumqayıt Şəhər Xəstəxanasının Travmatalogiya şöbəsində olduğu barədə verdiyi məlumat da yalandır. Əslində isə Zaur Mehdiyevlə birlikdə polisə gətirilən iki nəfər qabaqdan gəlmişlik edərək Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına müraciət etsə də heç kim onların müraciətini ciddiyə almayıb. Çünki hər ikisinin bədən nahiyələrində iddia olunduğu kimi hər hansı xəsarət izi və ya qançır aşkarlanmayıb. Təkcə elə bu faktın özü Zaur Mehdiyevin polis əməkdaşlarını ləkələmək üçün məqsədli şəkildə yalan danışdığını göstərir”, - deyə Orxan Mansurzadə əlavəe dib.
Xatırladaq ki, Zaur Mehdiyev mətbuata açıqlamasında deyib ki, noyabrın 13-də bir qrup sələfi əqidəsində olan dostları ilə Zöhrab Şıxəliyevin Coratdakı evində olarkən Sumqayıt Şəhər Baş Polis İdarəsinin əməkdaşları onları polis idarəsinə apararaq işgəncələrə məruz qoyub. O, 8 saat təhqir edildiklərini və hazırda iki nəfərin Sumqayıt Şəhər Xəstəxanasının Travmatologiya şöbəsində müalicə olunduğunu söyləyib.
Qaynar.info