Daxili İşlər Nazirliyi bu xəbərlərin uydurma olduğunu bildirir, "Facebook"da isə görüntülər yayılıb11:16
Vəhhabi təriqətinə mənsub olan şəxslər 160 maşınla Sabirabada getsələr də, onlardan yalnız 15 avtomobil Sabirabada daxil olub.
Bu barədə radikal təkfirçi sələfilər sosial şəbəkələrdə məlumat yayıblar.
İslamazeri.az-ın bu məlumatlara istinadən verdiyi xəbərə görə, Bakının Qaraçuxur qəsəbəsindən yola çıxan vəhhabilərin qarşısının alınması üçün yol boyu postlar qurulub, avtomobillər yoxlanılıb. Silahlı xüsusi təyinatlılar tərəfindən avtomobillərin Sabirabad rayonuna getməsinin qarşısı alınıb. Lakin 15 avtomobil barrikadalara baxmayaraq Sabirabada daxil ola bilib.
Sabirabadda avtomobildən düşən vəhhabilər polis əməkdaşları tərəfindən qarşılanıb. Vəhhabilər yerli əhalini təhqir etdikdən sonra avtomobillərinə minərək geri qayıdıblar. Radikal sələfilərin avtomobillərini Bakıya qədər polislər müşayiət ediblər.
Məsələ ilə bağlı rayon polis şöbəsindən ANS Press-ə deyilənlərin hamısının şayiə olduğunu bildiriblər. Deyirlər ki, rayonda insanlar arasında bəzi fikirlər yayılsa da, sakinlərin narahatlığına heç bir əsas yoxdur. Çünki hazırda rayonda sakitlikdir. İctimai əsayiş hüquq-mühafizə orqanları tərəfindən tamamilə nəzarətdədir.
Deyilənlərə tam aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun ANS PRESS-ə verdiyi məlumata görə, yayılmış fikirlərin hamısı uydurmadır.
“Kimlərsə qarışıqlıq yaratmaq istəyir. Yayılan söz-söhbətin hamısı əsassızdır. Hazırda Azərbaycanda ictimai təhlükəsizlik tam nəzarət altındadır. Ölkədə kriminal duruma fasiləsiz nəzarət olunur. Bir daha söyləyirəm, Sabirabadda yayılan məlumatlar tamamilə əsassız və uydurmadır”, - deyə Ehsan Zahidov bildirib.
17:17"Facebook" sosial şəbəkəsində vəhabilərin maşın karvanı ilə "Allahu Əkbər" deyib Sabirabada yola düşdüklərini əks etdirdiyi iddia edilən video görüntülər yayılıb. Həmin görüntüləri təqdim edirik.
17:46
Sabirabada ezam olunan Bizimyol.info saytının əməkdaşlarının verdiyi məlumata görə, rayon sakinləri vəhabilərin rayona gəlməsini təsdiqləyiblər. Lakin KİV-də yazılan kimi 160 maşın yox, cəmi 7-8 maşın olub. Lakin onlarla heç bir toqquşma olmayıb. Sabiarabad dairəsində bir neçə dəqiqə qaldıqdan sonra rayonu tərk ediblər. Əməkdaşlar saqqalı qırxılan şəxslə də əlaqə yaratmaq istəsələr də, onun polis nəzarətində olduğu və təhlükəsizlik məqsədilə saxlandığı bildirilib.
Qaynar.info





