Xəbər lenti

Vəhhabilərə qarşı “Sumqayıt əməliyyatı” davam edəcək
Ölkə20:52 14.11.2014

Vəhhabilərə qarşı “Sumqayıt əməliyyatı” davam edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Radikal dini qrup üzvləri Sumqayıtda özlərinə mövqe seçməyə cəhd edirdilər. Bir neçə dəfə bu şəhərdə səs-küylü toqquşmaların da səsi eşidilib. O baxımdan hüquq-mühafizə orqanlarının gənclər şəhərində təkfirçi, xəvaric qruplarına yönəlik əməliyyatları davam edəcək”.
Bu sözləri Axar.az-a bildirən Sumqayıtdakı mötəbər qaynağın sözlərinə görə, sələfi Zöhrab Şıxəliyevin həbsi ilk siqnaldır. Mənbəmiz deyir ki, hüquq-mühafizə orqanları artıq bütün narahatedici məqamları nəzarətə götürüblər. Bu əməliyyatların nəzəri anonsunu Dini Komitənin sədri Mübariz Qurbanlı da verib. 
O, ilk gündən bəyan edib ki, vəhhabilərin iqtisadi bazaları məhv ediləcək. Suriyaya gedən, o cümlədən Azərbaycanda biznes imkanları genişlənən radikallara qarşı əməliyyatlar artıq başlanıb. Z.Şıxəliyevin həbsinin ardınca növbəti həbs dalğası olacağını komitə rəhbəri özü də təsdiqləyib. 
M.Qurbanlı APA-ya deyib ki, komitənin əsas vəzifələrindən biri bu cür zərərli radikalların ideoloji kökünü kəsmək, təmizləməkdir: “İşimizi təbliğat və təşviqat yolu ilə gücləndiririk. Sumqayıtda olanda da oradakı insanlara fikrimizi çatdırmışdım ki, kimlərsə Azərbaycanda qarışıqlıq yaratmağa cəhd edəcəklərsə, qarşısı alınacaq. 
Əməliyyat tamamilə qanunauyğun və vacib idi. Ötən gün Sumqayıtda olan əməliyyat başqa ərazilərdə də həyata keçiriləcək. Hüquq-mühafizə orqanları Azərbaycanda ictimai sabitliyi qorumaq üçün nə lazımdırsa, edirlər. Eyni zamanda, ölkədə dini zəmində kimlərinsə bu kimi hallara yol verməsi aşkar ediləcəksə, qarşısı qətiyyətlə alınacaq”. 
Komitə rəhbəri qeyd edib ki, bu adamlar faktiki olaraq terror şəbəkəsi kimi bir qurum yaratmağa cəhd edirdilər. M.Qurbanlının sözlərindən nəticə hasil olur ki, Sumqayıtın qeyri-qanuni dini qrupların sığınacağına çevrilməsinin qarşısını almaq istiqamətində ciddi əməli addımlar atılır və qarşıda daha səs-küylü əməliyyatlar istisna deyil.
Qaynar.info