Tanınmış vəkil Müzəffər Baxış Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunub. Bu barədə qurumun 1 apreldə keçirilən iclasında qərar qəbul edilib. Vəkil barəsindəki qərar Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın Vəkillər Kolegiyasına etdiyi şikayət əsasında çıxarılıb.
Barəsində qəbul edilən qərarla bağlı müsavat.com-a danışan Müzəffər Baxış bunları deyib: “Xəbər tamamilə doğrudur. 17 noyabr 2015-ci il tarixdə Ali Məhkəmənin sədri Ramiz Rzayev haqqında moderator.az saytına müsahibə vermişəm. Orada onun qanunsuzluqlarını göstərmişəm. Ondan sonra Ali Məhkəmənin hakimi Tatyana Qoldman barəmdə Vəkillər Kolegiyasının rəyasət heyətinə müraciət edib. Qurum da xaric olunmağım üçün məhkəməyə müraciət olunması ilə bağlı qərar qəbul edib. Onlar məni məhkəməyə verəcəklər və məhkəmədə vuruşacağıq. Onların özləri qurumdan vəkili çıxara bilməzlər. Məhkəmə ilə vuruşacamsa, demək, uzaqlaşdırılmışam. Çünki məhkəmə xeyrimə qərar çıxarmayacaq. Ali Məhkəmənin sədrinin adı olan yerdə yəqin ki, məhkəmələr onun xeyrinə qərar çıxaracaqlar. Fəaliyyətimiz onları qıcıqlandırığı üçün təsir imkanlarından istifadə edib, belə qanunsuz qərarlar çıxarırlar. Açığı, bu qərarın çıxarılacağını əvvəlcədən gözləyirdim”.
Qaynar.info