
Tərlan Əbilov
Böyüklərdən eşitdiyimizə görə nəyəsə aludə olmaq, vərdiş eləmək özü də bir xəstəlikdi. Əlbəttə, bu deyilən fikirlə bəzi məqamlarda razılaşmamaq da normaldı. Ancaq deyilən, səsləndirilən bütün fikirləri inkar etməyin özünun də vərdişə çevrilməsi tam olaraq məqsədə uyğun deyil. İnkişaf etmək, dəyişmək, yenilənmək xətrinə mövcud olan şeyləri inkar etmək nə dərəcədə doğru?
Bəli, inkişaf etmək üçün müəyyən şeyləri inkar etmək də olar. Amma inkar etmək heç də mövcud olanların üstündən qızmızı xətt çəkmək deyil, mövcud olan hər hansı nəsnəyə hörmətlə yanaşmaq, əlimizdə olanlardan yararlanmaq və onlara cəmiyyətimizin daha da saflaşması, durulması üçün müəyyən əlavələr etməkdi həm də. Çox təəssüf hissiylə qeyd edim ki, bu gün inkişaf sözünün pərdəsi altında zənginləşən mövcud olduğumuz cəmiyyətdə atasının üzünə qayıdan oğullar, anasıyla hesablaşmayan qızlar, erkəklərinə xəyanət edən qadınlar, qadınlarını həyətdə saxladıqları itə belə qısqanan erkəklərin inkişafla bağlı aludəçiliyi inkar sözünün şifrəsini xatırlamaqda bizə olmazın çətinliklər törətmədədir.
Elə buna görə də böyük əksəriyyətimiz şifrəsini unutduğumuz inkar sözünün hesabına inkişaf sözünün adına açdığımız profillərdən istəməsək belə imtina etməli oluruq. Nəticədə biz yaşamaqla, inkişaf etməklə yox, daha çox inkar etməklə başa vururuq Tanrıdan bizə əmanət olunan günlərimizi. Və bu, neqatif halara aludəciliyimizlə sonuclanır daha çox. Bir sözlə, palaza bürünüb ellə sürünməli oluruq ən son anda...
Axı kim deyə bilər ki, yaşadığımız cəmiyyətdə hər hansı xırda bir işə görə rüşvət alan məmurların, xəstəliyi olmayan insanları öz yaşaması naminə süründürən həkimlərin, orta və ali məktəblərdə hədiyyəsiz, pulsuz-parasız qiymət yazmayan müəllimlərin hansısa yoluxduğu bu vərdişlərdən xilas olmaq üçün əlindən gələni etmir? (Əlbəttə, sizin bir oxucu kimi bu siyahını artırmaq hüququnuz var.) Bəlkə də elə adlarını çəkdiklərim və çəkə bilmədiklərimin rüşvət almasının özü bu cəmiyyətin yoluxduğu iyrənc vərdişlərə dolayısıyla bir etiraz əlamətidi. Bəlkə də, əksinə, kim bilir... Və məncə anlamadan qınamaq vərdişlərin ən təhlükəlisi.
Ona görə də mən yazımın bu yerində bir yazar kimi yox, bir övlad kimi, bir vətəndaş kimi ata-analarımızın, özümüzdən böyüklərimizin üzünə qayıtmadan indən belə palaza bürünüb ellə sürünməmə son verirəm. Bəlkə, siz də düşünəsiz. Sizcə, bir belə inkarlar və pərdə arxası gedən oyunlar “Palaza bürün, ellə sürün” deyiminin çoxlarımızda vərdiş halının təzahürü deyil? Məncə hamı kimi inkar etmək və hamı kimi yaşamaq cəhdi vərdişlərin ən iyrənci. Ona görə də sizlərə üzümü tutub bir daha bəyan etmək istəyirəm, birdən yazını oxuyub bitirmədən nəyəsə etiraz etməyə qalxsanız bunu palaza bürünmədən, sürünmədən özünüz olaraq edin, belə vərdişlərin qəti qorxusu yoxdu, qaqa canı...
Lütfən, bura qədər oxuduqlarınıza rəğmən elə düşünməyin ki, mən ətrafımda baş verənlərdən kənarda qalmaq, yaxud həmişəki kimi sudan quru çıxmaq fikrindəyəm. Yox, əksinə bu yazdıqlarım elə sizin kimi mənim də pis vərdişlərimdən yaxa qurtarmaq cəhdimdən başqa bir şey deyil.
Sonda unutmayasınız deyə bir daha qeyd edim, inkar-oğul olub atanın, qız olub ananın üzünə qayıtmaq, erkək olub xanımının gününü, xanım olub ona sahib çıxan erkəyin gününü qara eləmək, yazıçı olub özündən əvvəlki yazıçıları məsxərəyə qoymaq deyil, inkar-inkardı...
Vərdiş eləməyin!..
17.02.2014