"Zəngilanda çox yaxın məsafədən döyüşüblər, ən qabaqda gedən də onların komandası olub”.
Bunu sputinik.az-a Şəhid Xudayar Yusifzadənin dayısı Sirxan Məmmədov deyib. O, bildirib ki, birinci güllə dəyəndə Xudayar Yusifzadə deyib ki, deyəsən şərəfsizlər məni vurdular. Amma heç nə olmamış kimi davranıb, döyüşə davam edib. Təxminən 40 dəqiqə də döyüşüb, sonra pulemyotla onu boğazından vurublar. Elə oradaca şəhid olub. Ona birinci güllə soldan dəyib, sağdan çıxıb.
Onun o məşhur videosu da elə ölümündən iki gün qabaq Zəngilanda çəkilmişdi. Xudayar o mahnını oxuyanda 3 gün idi ki, ac-susuz olub. Döyüşlərin gərgin vaxtı idi. O, mahnı oxuyaraq döyüş yoldaşlarına da ruh yüksəkliyi verirdi. Yaralı olanda çiyninə alıb lazımi məntəqəyəcən çatdırırdı, heç bir yaralını tək qoymurdu.
Yüsəkliyə qalxanda onun burnundan qan axırdı. Komandir deyirdi ki, gəl səni düşürdək aşağı, belə döyüşə gedə bilməzsən. Deyirdi ki, yox ay komandir, biz bura qan tökməyə gəlmişik, burnumdan qan axır deyə aşağı düşən deyiləm. Elə burnunda pambıqla da döyüşdü. Yoldaşları deyirdilər ki, O, döyüşlərə elə oxuya-oxuya qatılmışdı. İçində qorxu hissi də olmayıb, həmişə qabaqda olub.
Qeyd edək ki, Vətən müharibəsinin iştirakçısı olan Yusifzadə Bərdənin Qazıqurdalı kəndində anadan olub. Xudayar anadan olandan 24 gün sonra atasını itirib, nənəsinin himayəsində böyüyüb. Xudayar Yusifzadə Bərdə 1 saylı uşaq-musiqi məktəbinin xanəndəlik ixtisasını bitirsə də, hərbçi olmağa qərar verib. O, oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb.
Allah rəhmət eləsin!