Yazı "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusu üzrə hazırlanıb.
Dövlətin inkişafı və rifahının təmin edilməsində vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu kimi amillər mühüm rol oynayır. Ötən illər ərzində Azərbaycanda bu istiqamətdə aparılan islahatlar nəticəsində vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu xeyli dərəcədə inkişaf edib. Bunun nəticəsidir ki, ölkədə bütün sahələr üzrə ictimai-siyasi sabitlik və hüququn aliliyi təmin olunub.
Bununla yanaşı, sabahın tələblərinə cavab vermək üçün sözügedən sahələrdə daim yeniliklərin və islahatların həyata keçirilməsi zəruridir ki, Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu daha da möhkəmlənsin.
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən hüquqşünas Qulamhüseyn Əlibəyli bu sahədə görülən işlərin inkişafa təkan verdiyini deməklə yanaşı, hakimiyyət strukturlarının təşkilində bir sıra yeni islahatların həyata keçirilməsinə ehtiyac olduğunu da vurğulayıb:
"Parlamentin rolu artırılmalıdır. Seçkilərdə qarışıq sistem — yəni həm majoritar, həm də proporsional sistem tətbiq olunmalıdır. Parlament real olaraq icra hakimiyyəti strukturlarının fəaliyyətinə nəzarət etmək imkanına malik olmalıdır. "Parlament istintaqı" adlanan fəaliyyət növü mövcuddur. Buna əsasən, parlament ictimai əhəmiyyət kəsb edən məsələlərlə bağlı istintaq komitəsi yaradaraq yoxlama apara bilər. Bu prosedurlar icra hakimiyyəti qurumlarının qanun çərçivəsində fəaliyyət göstərməsinə xidmət edə bilər. Son illər siyasi partiyaların dövlət orqanlarının fəaliyyətində iştirakı istiqamətində bəzi addımlar atılıb, bir sıra maneələr aradan qaldırılıb. Amma hesab edirəm ki, hələ də siyasi konfiqurasiya zəifdir”.
Hüquqşünas yerli özünüidarə orqanlarının səlahiyyətlərinin genişləndirilməsinin vacibliyini də qeyd edib:
"Yerlərdə bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir. Türkiyə modelinə keçmək olar. İcra hakimiyyətləri əsasən təhlükəsizlik, müdafiə və ictimai asayişin qorunması ilə məşğul ola bilərlər. Qalan bütün fəaliyyətlər isə bələdiyyələr tərəfindən həyata keçirilməlidir”.
Müsahibimiz vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasının da vacib olduğunu bildirib:
"Bu yaxınlarda həmin istiqamətdə bir sıra dəyişikliklər oldu. Qrantların verilməsi və yoxlanılması məsələsində müsbət addım kimi "bir pəncərə" sistemi tətbiq edildi. Amma hesab edirəm ki, bu mexanizm daha da təkmilləşdirilməlidir. İctimai nəzarət mexanizmləri konkret şəkildə işlənib hazırlanmalıdır ki, cəmiyyət həm dövlət orqanlarının, həm də dövlət məmurlarının fəaliyyətinə bu və ya digər formada nəzarət edə bilsin”.
Ekspert kadrların seçilməsində daha güclü aşkarlıq prinsipinin tətbiq edilməsinin vacibliyini də vurğulayıb:
"İcra hakimiyyəti sistemində kadrların seçilməsində problemlər mövcuddur. Bəzi kadrlar özlərini doğrultmur. Prezident də dəfələrlə bu barədə fikirlərini bildirib. Bu mexanizmlər təkmilləşdirilməlidir. Kadrlar daha çox aşkarlıq prinsipi əsasında seçilməlidir ki, dövlət idarəçiliyində iştirak edən şəxslər cəmiyyətin müşahidəsi altında olsunlar”.
Rüfət Sultan
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər