Xəbər lenti

Vətəndaş İlham Əliyevə müraciət etdi - ŞİKAYƏT
Ölkə07:29 22.10.2013

Vətəndaş İlham Əliyevə müraciət etdi - ŞİKAYƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzindən (GEM) qanunsuz olaraq işdən çıxarıldığını deyən Sevda Əsgərovanın işinə sabah Ali Məhkəmədə baxılacaq. 

Bu barədə Qaynar.info-ya Sevda Əsgərova məlumat verib. 

O bildirib ki, Nəsimi rayon GEM-in rəhbəri Azad Rəşdiyev onu işdən qanunsuz olaraq çıxarsa da, məhkəmələrə belə müdaxilə etməkdən çəkinmir. Vətəndaş indiyə qədər bir neçə məhkəmə instansiyasından keçdiyini deyərək bildirib ki, Rəşdiyev kimlərəsə arxalanıb işin ədalətli həllinə mane olur: "Nəsimi rayon Məhkəməsindən apellyasiya şikayəti vermişdik. Apellyasiya məhkəməsi mənim qanunsuz olaraq işdən çıxarıldığımı təsdiq edərək işə bərpa olunmağım barədə qərar çıxardı. Amma Azad Rəşdiyev bunu şəxsi qərəzə çevirdi, dedi ki, nə qədər mən burdayam səni işə bərpa olunmağa qoymayacağam. İşə onun şikayəti əsasında Ali Məhkəmədə baxıldı və hakim Tatyana Qoldman onun xeyrinə qərar çıxardı və bizi heç dinləmədi də".

S.Əsgərova sabah Ali Məhkəmədə hakim İlqar Xələfovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində ədalətli qərarın çıxarılacağına ümid edir: "Ölkə başçısına da, bütün aidiyyəti qurumlara da müraciət etmişəm. Səhiyyə Nazirliyinə dəfələrlə rəsmi müraciət etmişəm. Prezident Adminstrasiyasında bir neçə dəfə məsul şəxslərin qəbulunda olmuşam. Bildirmişəm ki, azyaşlı xəstə bir uşağım var. Heç bir yedə işləmirəm və işdən də ədalətsizliklə üzləşib uzaqlaşdırılmışam. Bir ildir ki, maddi, mənəvi və psixoloji çətinliklərlə üz-üzəyəm. Amma Azad Rəşdiyev qanunları, aidiyyəti qurumları saymadan öz əməllərini davam etdirir. Ümidim sabahkı məhkəməyədir. Ümid edirəm ki, hakim İlqar Xələfov sabah çıxarılacaq məhkəmə qərarı ilə bu ədalətsizliyə son qoyacaq.

Mən yenidən ölkə başçısı cənab İlham Əliyevə müraciət edirəm ki, Azad Rəşdiyevin qanunsuz əməllərinin qurbanı olmuş insanlara, eləcə də o insanlardan biri kimi mənə yardım etsin. Biz bu addımı cənab prezidentdən gözləyirik".   

Qeyd edək ki, Sevda Əsgərova Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzində çalışıb və qanunsuz olaraq, işdən çıxarılıb. 

Qaynar.info