
"Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzində (GEM) özbaşınalıqlar tüğyan edir. Ancaq bütün bunlara baxmayaraq GEM rəisi Azad Rəşdiyev heç bir tələbə əhəmiyyət vermir, əksinə qanunsuz olaraq işdən qovduğu şəxsləri hədələməkdən belə çəkinmir".
Bu barədə Qaynar.info-ya GEM-in qanunsuz olaraq işdən çıxarılan əməkdaşı Sevda Əsgərova məlumat verib.
O bildirib ki, hazırda onunla Azad Rəşdiyev arasında məhkəmə çəkişməsi davam edir. Lakin Rəşdiyev bütün vasitələrdən istifadə edərək məhkəmənin gedişinə müdaxilə etməyə çalşır.
O hətta bir neçə gün bundan əvvəl keçirdiyi iclasda məhkəməni bu dəfə də uddacağını açıq şəkildə dilə gətirib: "Bilirsiniz ki, Apelyasiya məhkəməsi Nəsimi rayon Məhkəməsinin qərarını ləğv edərək mənim qanunsuz işdən çıxarılmağım və işə bərpa olunmağım barədə qərar çıxarmışdı. Azad Rəşdiyev bu qərardan Ali Məhkəməyə şikayət verdi. Ali məhkəmənin hakimi Tatyana Qoldman da onun yaxın adamıdır. Ona görə də işi Apelyasiya Məhkəməsinə qaytardı, heç bizi dinləmədi də. Hələ məhkəməyə bir neçə gün qalmış Rəşdiyev deyirdi ki, mən prosesi udmuşam. Başa düşmürəm, hələ baş tutmamış məhkəməni necə udmaq olur?"
S.Əsgərova bildirir ki, bir müddət öncə Apelyasiya Məhkəməsi ədalətli qərar çıxarsa da, son hadisələr göstərir ki, artıq məhkəməyə müdaxilələr var.
Əsgərovanın sözlərinə görə, Rəşdiyev yüksək vəzifədə çalışan qohumlarının köməyi ilə məhkəməni öz xeyrinə qərar çıxarmağa məcbur edir: "Bu gün Apelyasiya Məhkəməsi yenidən işə baxdı. Hələ məhkəmə başlamamış Rəşdiyev deyirdi ki, mən prosesi udmuşam. Görünür, hakimlər də ondan və onu tapşıran şəxslərdən çəkinirlər. Hakimlərdən biri bunu mənə etiraf da etdi. Hələ ki, onun adını açıqlamıram. Amma yaxın günlərdə açıqlayacam. Məhkəmə də Rəşdiyevin xeyrinə qərar çıxartdı. Baxmayaraq ki, bir müddət əvvəl Apelyasiya Məhkəməsi mənim işə bərpa olunmağımla bağlı qərar vermişdi. Bu, ədalətsizlikdir və Azərbaycan Məhkəmə sisteminə hörmətsizlikdir. Mən ölkə başçısına müraciət edirəm ki, bu məsələdə mənə kömək etsin və Rəşdiyevin sifarişlə məhkəməni udmasına, onun rəhbəri olduğu dövlət müəssisəsindəki talançılığına son qoyulsun".
Maraqlıdır, Apelliyasiya Məhkəməsi hələ keçirilmədiyi halda Rəşdiyevin məhkəməni udacağı ilə bağlı dediyi sözlər, görəsən, haradan qaynaqlanır? Ona bu səlahiyyəti kim verib?
Qaynar.info