
Tərlan Əbilov
Vaksinləşdirilmiş quş qripi yaz fəslini yaşayır. Tozlanmış gəncliyimiz siyasət toxumu kimi səpilir sosial şəbəkələrə, portallara, parklara, məktəblərə. Azadlığın müxtəlif pozalarda erotik şəkillər çəkdirdiyi bu ölkədə eynəyinin şüşəsini silir vəzifəsini itirən ağ xalatlı kimyagərlər. Bədbəxt olandan sonra başqalarının bədbəxtliyini anlayanların sonuncu ümid yeridi mübarizə... Və qablaşdırılmış siyasətimizin xromosomları üstündəki tarix baxımından keçərsiz olsa belə sevilə-sevilə alınır özünü hara xərcləyəcəyini bilməyən ehtiraslı gələcəyimiz tərəfindən hələ də...
Qanındakı dəmir çatışmamazlığından başı hərlənir münbit şəraitin. Vallah, mənim də başım hərləndi bu təmtəraqlı yazdığım cümlələrdən, cəhənnəm olsun, nəzəriyyələr, bər-bəzəkli pafoslu nizamnamələr. Elə bu, ədəbi dil anlamı da son zamanlar virus kimi siyasətçilər tərəfindən səpilib tənqidçilərmizin leksinkonuna...
Keçək əsas məsələyə, unutmayaq ki, haqqında söz açdığım hər hansı bir virusu alət kimi istifadə etmək üçün yetişdirənlər onun antivirusunu əldə etmədən istifadəsinə başlamırlar. Axı, onlar bizim qədər axmaq deyillər ki, yaymaq istədikləri xəstəliyə özlərini də yoluxduralar. Bizə gəlincə, bədbəxt olmayınca başqalarının bədbəxt olduğunu bilməyəcək, onlara yanmayacaq qədər insafsızıq. Bax, elə buna görə də əksər hallarda vəzifəsini itirən adamlar boş-bekar durmasınlar deyə öz şəxsi mübarizəsinin adını iri hərlərlə “MENTALİTET” , “İŞSİZLİK”, “QARABAĞ PROBLEMİ”, “GƏNCLİYİMİZİN ÇİÇƏKLƏNMƏSİ NAMİNƏ” və.s. qoyaraq münbit şəraitdə özü kimi virus yetişdirməyə start verirlər. Ancaq belələri unudurlar ki, onlar məhz özlərinin qətli üçün başqaları tərəfindən öncədən hazırlanmış antiviruslardır. Və belələri unudurlar ki, Vətən sözü şərəfsizlərin sığınacağı son ümid yeridi...
Bayaqdan çənəm qızıb ancaq virusların mənfi tərəflərini sadalamaqla. Nə qədər oxuya-oxuya mənə “kopayoğlu” deməmisiniz səhvimi düzəldim. Əlbəttə, “quş qripinin” ölkəmizə gətirdiyi yüksək qazancı kölgədə saxlamaq ən azından abırsızlıqdı. Əksəriyyətimizin “broylerləşməsi” hesabına bətnində virus daşıyan, əvvəllər hamiləlik dövrünü uğurla sonuclaya bilməyən qadınlar ötən qışın oğlan çağında belə qız doğa bilməyə müvəffəq olmuşlar.
Bir yazar kimi ölkəmizin atalıq sevincinə qoşularaq fəxrlə onu da deyə bilərəm ki, antivirus sarıdan dünyaya inteqrasiya etməyimizə səbəb məhz ölkəmizə əzab-əziyyətlə gətirdiyimiz “quş qripidir”. Xeyr, heç də üstəki abzasla bu abzasdakı fikirlər biri-birini təkzib etməyir, cığallıq etməyin, çünki bu oxuduğunuz cümlələr virusla antivirusu eyni vaxtda yetişdirə bilənlər üçün sıralanıb. Əgər antivirusunuzun vaxtı ötübsə qarşınızdakı manitorda yeniləmə sözünə tıklayın, bir-iki dəqiqəlik ayağa qalxın və səsiniz yetincə ucadan üç dəfə yaşasın Siyəzən Broyler-deyib əyləşin. Bunun sizdə gözəl alınacağına öncədən inanırdım...
Sonda onu da deyim ki, birdən bu yazını oxuyub, mənim üzümdən işdən xaric olunan ağ xalatlı kimyagərlərimiz kimi bir çoxlarınız mübarizəyə qalxmaq fikrinə düşməyin. Çünki inkişaf etmiş ölkəmizdə mübarizə sözünün antivirusu hələ də kəşv olunmayıb. Yəni mentalitet, işsizsik, Qarabağ problemi, gəncliyimizin çiçəklənməsi bu kimi çeynənmiş söhbətlər hələ də yoluxdurucu xəstəlik olaraq qalmaqda. Mənim kimi avara, səfil bir yazarın viruslu köşəsinə görə özünüzün və övladlarınızın həyatını təhlükəyə atmayın. Bundansa öz doğma evinizdə kirayənişin olsanız belə quş da saxlayın. Yəni quşçuluqla məşğul olun. Bu həm də dolayısıyla nəhəng dövlətlərin dünyanı quş qripinə yoluxdurma siyasətinə qarşı yox deməyiniz olar. Eyni zamanda gecə klublarında, barlarda, istirahət mərkəzlərində “quş”un qiyməti də düşər...Lütfən, qiymətinizi bilin...
Antivirusunuz başarıyla yükləndi, hər birinizə uğurlar!...
23.04.2014