Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Sumqayıt Tibb Mərkəzinə direktor təyin edilib.
TƏBİB-dən Qaynarinfo-ya bildirilib ki, Mərkəzin direktoru vəzifəsi Elnur Azadxanova həvalə olunub. O, bundan əvvəl Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.
E.Azadxanov 1976-cı ildə Cəlilabad rayonunun Prişib (indiki Göytəpə) şəhərində doğulub.
O, 1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 2006-ci ildə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda Kardiologiya ixtisası üzrə klinik ordinaturanı bitirib, 2010-cu ildə Türkiyə Cümhuriyyəti Fırat Universiteti Tibb Fakültəsinin "Kardiyoloji Araştırma ve Uygulama Merkezi”ndə invaziv kardiologiya üzrə ixtisaslaşma təhsili alıb.
Mərkəzin yeni direktoru 2000-2002-ci illərdə Tərtər-Ağdərə istiqamətində "N” saylı hərbi hissədə həkim kimi hərbi xidmətdə olub. 2003-2005-ci illərdə Cəlilabad rayonunun Göytəpə şəhərindəki Uşaq Xəstəxanasında həkim-pediatr, 2007-2011-ci illərdə Göytəpə şəhərindəki xəstəxanada həkim-terapevt, 2011-2020-ci illərdə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində Poliklinika şöbəsinin müdiri, həkim-kardioloq vəzifəsində çalışıb.
O, 2020-ci ilin fevral ayında Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru, mart ayında isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyinat alıb.
E.Azadxanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 18 iyun 2693 nömrəli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardioloqları Cəmiyyətinin, Türk Dünyası Kardioloqları Birliyinin üzvüdür.
Qeyd edək ki, Vüqar Qurbanovun Elnur Azadxanovu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad etməsi barədə xəbəri ötən gün Qaynarinfo-ya
yaymışdı.
Elnur Azadxanov 2020-ci ilin mart ayında TƏBİB İdarə Heyətinin sabiq sədri Ramin Bayramlı əmri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyinat almışdı. Onun adı bir neçə qalmaqlda hallanıb.
Şərhlər