Xəbər lenti

Dünya 11:30 27.06.2026

"Xaç atası"nın çəkildiyi Siciliya kəndi 50 ildir eyni səhnəni yaşayır (FOTO)

Frensis Ford Koppolanın kino tarixində xüsusi yer tutan "The Godfather" (Xaç Atası) filmi təkcə Hollivudu deyil, Siciliyanın kiçik Savoka kəndini də həmişəlik dəyişib. Al Paçinonun canlandırdığı Maykl Korleonenin Apolloniya ilə evləndiyi səhnələrin çəkildiyi kənd bu gün də dünyanın müxtəlif ölkələrindən gələn kino həvəskarlarının əsas turizm marşrutlarından biridir. Lakin bu populyarlıq Savokaya şöhrətlə yanaşı, ciddi turizm yükü də gətirib.

Qaynarinfo xəbər verir ki, 1971-ci ilin yayında Savokaya gələn film heyəti kənd sakinlərinə sanki başqa dünyadan gəlmiş insanlar kimi görünürdü. Hazırda 76 yaşı olan Enza Trimarki həmin vaxt 22 yaşlı dərzi idi. Film heyətinin üzvlərindən biri ona kütləvi səhnələrdə çəkilməyi təklif etdikdə bunun həm öz taleyini, həm də kəndin gələcəyini dəyişəcəyini təsəvvür etmirdi.

Trimarki Maykl Korleone ilə Apolloniya Vitellinin toy səhnəsində iştirak edib. O illərdə Savokada həyat çətin idi. Kənddə mərkəzləşdirilmiş içməli su sistemi yox idi, sakinlər yağış suyunu toplayaraq istifadə edirdilər. Televizor isə demək olar ki, yox idi. Buna görə də Hollivuddan gələn çəkiliş qrupu və gənc Əl Paçinonun kəndə gəlişi böyük hadisəyə çevrilmişdi.

Yarım əsrdən çox vaxt keçsə də, əhalisi 100 nəfərdən az qalan Savoka hələ də "Xaç Atası" filmi ilə tanınır. Xüsusilə aprel-oktyabr aylarında kənd turistlərlə dolub-daşır.



Film kəndi dəyişdirdi

Sitrus bağları, zeytun ağacları, daş küçələri və orta əsr memarlığı ilə seçilən Savoka bu gün kino turizminin məşhur məkanlarından biridir. Kənddə "Il Padrino" adlı hotellər, suvenir mağazaları və film mövzusunda ekskursiyalar fəaliyyət göstərir.

Turistlərin ən çox ziyarət etdiyi marşrut toy səhnəsinin çəkildiyi kilsədən mərkəzi meydana qədər uzanır. Ziyarətçilər filmdəki toy yürüşünü canlandırır, şəkillər çəkdirir və Maykl Korleonenin Apolloniyanın atasından qızını istədiyi məşhur "Bar Vitelli"yə baş çəkirlər.

XV əsrə aid binada yerləşən "Bar Vitelli" kəndin ən məşhur turizm obyektinə çevrilib. Yay mövsümündə sıxlıq səbəbindən bəzən ziyarətçilərin girişinə məhdudiyyət qoyulur. Obyektin sahibləri binanın yuxarı mərtəbəsində butik otel də açıblar.



Kənd sakinlərinin sözlərinə görə, Savoka əvvəllər də az sayda turist qəbul edirdi. Lakin əsas dəyişiklik təxminən 20 il əvvəl kruiz gəmiləri ilə bölgəyə gələn turistlərin sayının artmasından sonra baş verib.

Filmdə kütləvi səhnələrdə iştirak edən, hazırda 72 yaşı olan Vinçenso Paskvale bildirir ki, turist axını illər keçdikcə azalmayıb, əksinə daha da artıb. Bəzi günlərdə dar küçələr o qədər dolu olur ki, yerli sakinlər avtomobillə keçmək üçün siqnal verməyə məcbur qalırlar.

Hollivudun kəndə gəldiyi günlər

Film çəkilişləri cəmi bir neçə həftə davam etsə də, həmin günlər Savoka sakinlərinin yaddaşında silinməz iz buraxıb. Yerli tarixçi Salvatore Kolyitore bildirir ki, kənd sakinləri üçün bu hadisə sanki naməlum uçan obyektlərin enməsini xatırladırdı.

Çəkilişlərdən əvvəl kənd yolları bərbad vəziyyətdə idi, küçə işıqlandırması isə kifayət etmirdi. Hətta toy səhnəsi üçün lazım olan stullar tapılmadığından kilsə öz oturacaqlarını film heyətinin istifadəsinə vermişdi.

"Bar Vitelli"nin sahibi Mariya D'Arriqo çəkilişlər zamanı aktyorları tez-tez qonaq edirdi. Yerli rəvayətlərə görə, o, qonaqlara təzə pendir, kolbasa, zeytun yağında badımcan, pomidor və ev şərabı təqdim edir, bunun müqabilində isə pul qəbul etmirdi.

Deyilənə görə, Frensis Ford Koppola çəkilişlərin sonunda ona açıq çek təqdim etsə də, D'Arriqo bunu kəndi üçün etdiyini bildirərək çeki cırıb.

Koppolanın Savokada ən çox sevdiyi desert Siciliyaya məxsus granita idi. O, isti havalarda bu buzlu şirniyyatdan gün ərzində dəfələrlə yeyirdi.

Çəkilişlər zamanı hazırlanan granita kəndin içməli su quyusundan götürülən su ilə hazırlanırdı. Enza Trimarkinin sözlərinə görə, aktyorlar, texniki heyət və kənd sakinləri o qədər çox su istifadə etmişdilər ki, su anbarları bir müddət tamamilə boşalmışdı.



Al Paçino ilə bağlı xatirələr

Vinçenso Paskvale xatırlayır ki, toy səhnəsinin çəkilişi zamanı ağır dövr kostyumları aktyorları Siciliyanın istisində xeyli yorurdu. Onun sözlərinə görə, bir dəfə Al Paçino makiyajı yenilənərkən sərin kilsədə otururdu. Çəkilişə çağırılarkən ayağa qalxarkən başını dəmir konstruksiyaya çırpıb. Başından qan gəlsə də, sakitliyini qoruyub, tibbi yardım aldıqdan sonra çəkilişləri davam etdirib.

Kənd sakinləri həmin dövrdə hələ dünya şöhrəti qazanmamış Al Paçinonu sakit və utancaq gənc kimi xatırlayırlar. Frensis Ford Koppola isə zarafatcıl, ünsiyyətcil və eyni zamanda işinə son dərəcə ciddi yanaşan rejissor kimi yadda qalıb.

Bir filmin dəyişdirdiyi tale

Filmdə kütləvi səhnələrdə iştirak etmək Savoka sakinləri üçün həm də ciddi gəlir mənbəyinə çevrilmişdi. Vinçenso Paskvale həmin vaxt 90 min lirə, Enza Trimarki isə 100 min lirə qonorar aldığını deyir. Onların sözlərinə görə, bu məbləğ o dövr üçün kifayət qədər yüksək hesab olunurdu.

Trimarki bildirir ki, illər sonra ən böyük peşmanlığı aldığı pul deyil, Al Paçino ilə şəkil çəkdirə bilməməsidir. O vaxt nə fotoaparatı var idi, nə də aktyorun gələcəkdə dünya ulduzuna çevriləcəyini düşünürdü.

Bu gün Trimarki bəzən tur qrupları ilə görüşür, imza verir və film xatirələrini bölüşür. Bununla yanaşı, o bildirir ki, ətrafındakı bir çox insan "Xaç Atası" filmi sayəsində gəlir əldə etdiyi halda, özü bunu əksər hallarda ödənişsiz edir.



Yerli tarixçi Salvatore Kolyitore filmdə çəkilmiş 40 siciliyalı kütləvi səhnə iştirakçısını müəyyən etdiyini, arxiv fotolarını topladığını və onları kitab şəklində nəşr etdirməyə hazırlaşdığını bildirib.

2022-ci ildə Savoka Frensis Ford Koppolanı fəxri vətəndaş elan edib. Bununla kənd "Xaç Atası" filmi ilə bağlı tarixi əlaqəsini rəsmiləşdirib.

Bu gün Savoka bir tərəfdən kino turizminin iqtisadi üstünlüklərindən faydalanır, digər tərəfdən isə filmin yaratdığı mafiya obrazının romantikləşdirilməsi və həddindən artıq turizm yükünün yaratdığı problemlərlə üzləşir.

Buna baxmayaraq, kənd sakinləri hesab edirlər ki, "Xaç Atası" filmi Savokanı dünya xəritəsinə çıxaran və onun tarixini dəyişən ən mühüm hadisə olub.

Aydın
--> -->