Xəbər lenti

Xaçmazın "anklavı" - Alekseyevka...- ŞİKAYƏT
Ölkə12:34 15.08.2014

Xaçmazın "anklavı" - Alekseyevka...- ŞİKAYƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Və ya bir kənddə “dustaq” olanlar 

Xaçmazın Alekseyevka kəndinin sakinləri azı 3 ildir ki, kənddən kənara çıxa bilmirlər. 

İşdi-şayət, çıxmalı olanda, kəndlə rayon arasındakı 21 kilometr yolu az qala Xaçmaz-Bakı yolunun taksi qiymətinə gedib-gəlirlər. Elə onları kənddə dustaq edən də budur. 

Deyirlər, “avtobus yoxdur, taksi xidməti bahadır, əlimizi-ayağımızı yığışdırıb oturmuşuq kənddə”. 

Kənd sakini İkram Aydınov deyir, qəflətən ictimai nəqliyyatın kənddən yoxa çıxmasının səbəbləri onlara bəlli deyil: 

“Bir ildən yuxarıdır avtobus yoxdur. Rayona taksi ilə gedib-gəlirik. Niyə yoxdur, səbəbini bilmirik, gah deyirlər qiymətlər qalxır, gah deyirlər vergini qaldırıblar”. 

Bəhruz Həsənov taksi xidmətinin bahalığından gileylənir: 

“Bir gün avtobus olur, 5 gün olmur, kiçik maşınların ümidinə qalırıq. Rayondan, şəhərdən qonağımız olur, gəlib kəndə çıxa bilmirlər. Bakıdan rayona 10 manata gəlirik, rayondan kəndə 6 manata”. 

Əzizağa Şərifov nəqliyyatsız qalmalarına görə kənd bələdiyyəsini qınayır: 

“Bakıdan gələn qonaq mənim kəndimə gələn taksilərin sürücülərini tanımır. Ancaq üstündə Alekseyevka yazılan avtobusa minib gələr. Xaçmazdan bura taksilər baha gətirir – baxır vaxtına. Gündüz 5-6, qaş qaraldı hətta 12 manata gətirir. Bir sözlə, bələdiyyə cibimizə, büdcəmizə  zərər vurur. Avtobusla 40 qəpiyə gediriksə, marşrutla 2 manata, taksi ilə ondan da baha  gedirik”. 

Ofelya Məmmədova deyir, vaxtilə kənddən rayon mərkəzinə işləyən avtobus kənd adamlarının əlindən tuturdu. Avtobus gündə dörd dəfə rayona gedib-gəlirdi. İndi gedişhaqqı ciblərinə uyğun olmadığına görə, elə vaxt olur ki, ay ərzində bircə dəfə də kənddən çıxa bilmir. Çünki aldığı cüzi təqaüd heç gedişhaqqısını da ödəmir: 

“Əvvəllər yaxşı işləyirdi. Balaca kənd deyil axı. Heç olmasa gündə iki dəfə gətirib aparsın. Marşrut gündüz 1 manata, yük olsa, 2 manata aparır. O qədər də pul verib geri qayıdırıq. Təqaüdçü adamam. Aldığım heç yeməyimə çatmır”. 

Kənd bələdiyyə sədri Cahangir Eyyubov deyir, avtobusun xətdən yığışdırılmasının səbəbkarı elə kəndlilər özləridir: 

“Avtobusa minmirdilər. Avtobus ola-ola taksi ilə gedib gəlirdilər. Şəxsi avtobus idi, sahibi gördü minən yoxdur, kənd-rayon yolunu boş gedib-gəlir, xeyirdən çox zərərini çəkir, getdi oturdu evində”. 

Ancaq bələdiyyə sədri həm də vəd etdi ki, əgər kəndlilərin tələbatı varsa, yaxın vaxtlarda avtobus xəttini bərpa edəcəklər.

Aktual.Az