Xəbər lenti

Xanımlar daha çox intihar edir, kişilər daha çox ölür... - Psixoloq
Ölkə10:43 25.12.2021

Xanımlar daha çox intihar edir, kişilər daha çox ölür... - Psixoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu statistikanın özü də təhlil olunmalıdır ki, hansı yaş qruplarında olan insanlar intihar ediblər. İntihar edənlərin arasında xroniki xəstəliyi olanlar, tənha yaşayanlar, ailədaxili münaqişə edənlər varmı? Bunların hamısı təhlil olunmalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov Azərbaycanda qeydə alınan intihar və özünü öldürməyə cəhd hadisələri üzrə statistikadan danışarkən deyib. Onun sözlərinə görə, intihar prosesində ölümlə sonuclanma kişilər arasında daha çox baş verir:
"Bu psixologiyada və intiharla bağlı yazılan kitablarda da var ki, xanımlarda intihar cəhdləri çox olsa belə, ölüm faktı kişilərdə xanımlara nisbətdə daha çoxdur. Bütün intihar cəhdləri həyatı sonlandırmaq üçün deyil, diqqəti problemə yönəltməkdir. Məsələn, insanın hər hansı bir problemi var, ailə ilə ya özü ilə bağlı intiharla diqqəti problemə çəkmək istəyir. Bəzən də görürük ki, diqqəti problemə çəkmək cəhdi ölümlə sonuclanır. Statistika da göstərir ki, intihar edənlər, xüsusən bu, daha çox özünü biruzə verir asmaqla intihar edənlərdə, bir qismində isə intihardan sonra boğaz nahiyyəsində qançır izlər olur. Mütəxəsislər də qeyd edir ki, onların bir qismi son anda fikirlərindən daşınır".
Elnur Rüstəmov bunun səbəbini daha çox stresin çoxluğu ilə əsaslandırıb:
"Mənim əhvalım yaxşıdırsa, bunu ailədən tutmuş cəmiyyətə kimi ötürəcəyəm. Yox, əhval-ruhiyyəm pisdirsə, bu neqativ əhvalı eynilə ailədən cəmiyyətə qədər ötürəcəyəm. Bu gün biz informasiya əsrində yaşayırıq və hər gün yeni məlumatlar alırıq. Bu bizim özümüzə və ətrafımıza təsir göstərir. Ona görə də bu gün edə biləcəyimiz ən vacib məqam psixoloji dayanıqlığının artırılması istiqamətində tədbirlər görməkdir. Bu bizim üçün ən vacib məqamlardan biridir".
Psixoloq intiharların təkcə Azərbaycanda deyil, dünyanın hər yerində baş verdiyini xatırladıb:
"İntihar göstəricilərinə görə, bu gün dünyada liderlik edən ölkələr inkişaf edən Şimali Avropa ölkələridir. Hansı ki, orada həyat səviyyəsi heç də aşağı deyil. İntihar bir başa insan faktoru və insanla bağlıdır. Burada ən vacib səbəb sosial və iqtisadi məsələlərin insan durumuna təsiridir. Biz bunun bir başa təsir etdiyinin fərqində olmalıyıq və fərd, cəmiyyət olaraq psixi sağlamlıq və psixi təhlükəsizliyimizin qeydinə qalmalıyıq. Belə olan hallarda intihar halları minimallaşacaq. Çünki hələ ki, dünyada psixologiya elmində elə bir metod hazırlanmayıb ki, onu tətbiq edək və cəmiyyətdə intiharın kökü kəsilsin. Cəmiyyət yaranandan intihar halları olub və bundan sonra da olacaq".
Elnur Rüstəmov hesab edir ki, bizim üçün vacib olan intihar sayının aşağı endirilməsidir:
"Çünki burada uşaq və yeniyetmələrin intiharından söhbət gedir. Əgər dünənə kimi intihar edənlərin böyük bir qismi uzun illər xəstəlikdən əziyyət çəkənlər, tənha yaşayanlar, intihara meyilli insanlar idisə, bu gün görürük ki, intihar edənlərin arasında uşaq da var, yeniyetmə də. Bundan əlavə, heç bir problemi olmayan və ən azından ətraf tərəfindən müşahidə edilməyən insanlar var ki, deyirlər, dünən çox yaxşı idi, bu gün intihar edib. Bizi narahat edən budur. Kəskin stress vəziyyətini yaradan nə oldu? Hansı informasiyanı aldı ki, intihar elədi. Bir qism insanlar intihara meyillidir. Bu cür insanlara psixoloji dəstək göstərilməlidir".
Qeyd edək ki, "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda son iki ildə Azərbaycanda qeydə alınan intihar və özünü öldürməyə cəhd hadisələri üzrə statistika açıqlanıb.
Sənədə əsasən, 2019-2020-ci illərdə ölkədə 1 182 intihar və 1 830 intihara cəhd hadisəsi baş verib.
Bahar Rüstəmli