Ölkə 14:10 22.08.2022

Xaricdə oxuyan tələbələr üçün təyyarə biletlərinə güzəşt tətbiq edilə bilərmi?

"Millət vəkili Ceyhun Məmmədovun xaricdə oxuyan tələbələr üçün təyyarə biletlərinə güzəşt tətbiq edilməsi ilə bağlı təklifini dəstəkləyirəm”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq deputat Sahlar Əsgərov deyib.
 
Sahlar Əsgərov tələbələrə xüsusi önəm verilməsinin tərəfdarıdır:

"Bir halda ki, deyirik gənclər bizim gələcəyimizdir, biz də gələcəyimizi yaxşı böyütməliyik. Gələcəyə qayğı, diqqət göstərməliyik. Onların təhsil almasına hər cür yardım etməliyik. Mən də Ceyhun Məmmədovun təklifini qəbul edirəm. Çox yerində olan bir təklifdir”.

Millət vəkili İsa Həbibbəylinin sözlərinə görə, Azərbaycan dövlətinin yaratdığı şərait nəticəsində xaricdə təhsillə bağlı əksər xərclər dövlət tərəfindən ödənilir:
"Xaricdəki tələbələrin pulsuz təhsilini həyata keçirir, onlara təqaüdlər verir, mənzil məsələsini həll edir. Dövlət bu cəhətdən üzərinə böyük öhdəliklər götürür. Xaricdə oxuyan tələbələrin təyyarə biletlərinin alınmasının dövlət tərəfindən ödənilməsi də arzuolunan işlərdəndir. Xüsusən də indiki şəraitdə, təyyarə biletləri son dərəcə bahadır, amma eyni zamanda da xeyli maliyyə tutumlu məsələdir. Çünki son illərdə Prezidentin sərəncamı ilə xaricdə təhsil proqramı da genişləndirilib. Xaricdə təhsil alanların sayı da, kəmiyyət göstəricisi də artırılıb. Bu da əhəmiyyətli tədbirlərdən biri olar. Düşünürəm ki, bunun maliyyə mənbəyini tapmağa ehtiyac var. Maliyyə mənbəyi tapılarsa, bu addımın atılması mümkün ola bilər”.

Qeyd edək ki, millət vəkili Ceyhun Məmmədov xaricdə oxuyan tələbələr üçün təyyarə biletlərinə güzəşt tətbiq edilməsi ilə bağlı təklif edib.

Bahar Rüstəmli