Xəbər lenti

Xarici İşlər Nazirliyində maliyyə pozuntuları aşkarlanıb
Ölkə07:09 23.04.2014

Xarici İşlər Nazirliyində maliyyə pozuntuları aşkarlanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Hesablama Palatası 2013-cü ildə Xarici İşlər Nazirliyi aparatının saxlanmasına və digər tədbirlərə ayrılan vəsaitlərin istifadəsi üzrə audit aparıb. 

“Media forum” saytı palatanın 2013-cü ildəki fəaliyyəti haqqında hesabatına istinadla xəbər verir ki, audit nəticəsində pozuntular aşkarlanıb.

Hesabatda qeyd olunur ki, auditlə əhatə olunan dövrdə bəzi xərclər üzrə proqnozların düzgün hesablanmaması vəsaitlərin tam istifadə edilməməsi ilə nəticələnib, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təyinat dəyişikliyinə yol verilib, mərkəzi aparatın strukturunda idarələr (şöbələr) Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş normativdən az ştat vahidi ilə fəaliyyət göstərib, bəzi dövlət qulluqçularına vaxtından əvvəl ixtisas dərəcəsi verilib, dövlət qulluqçuları və diplomatik xidmət əməkdaşları üçün referent vəzifəsi nəzərdə tutulmadığı halda bir sıra hallarda təminedici idarə və şöbələrdə referent vəzifəsi müəyyən edilərək onlara məsləhətçinin əməkhaqqına uyğun maaş təsdiq edilib.


Palatanın hesabatında qeyd olunur ki, bir sıra hallarda işçilərə istifadə etmədikləri məzuniyyət günlərinə görə artıq kompensasiya ödənilib: “Nazirliyin balansında müəyyən edilən limitdən artıq xidməti minik avtomobilləri saxlanıb, nəqliyyat vasitələrinə yanacaq sərfi və xüsusi təyinatlı nəqliyyat vasitələri (mikroavtobus) üçün aylıq yürüş həddi normalarının, xarici ezamiyyətlər zamanı müəyyən edilən qaydaların, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı bəzi xərc normalarının düzgün tətbiq edilməməsi nəticəsində artıq vəsait ödənilib, bəzi tədbirlərlə əlaqədar alınan material qiymətləri müvafiq qaydada uçota alınmayıb, müvafiq icra hakimiyyəti orqanının razılığı alınmadan iki halda bir mənbədən satınalma metodu tətbiq edilərək vəsait xərclənib.

Həmçinin auditlə əhatə olunan dövrdə bir çox hallarda əsas vəsaitlərin və material qiymətlərinin qəbulu, saxlanılması və istismara verilməsi üzrə maddi-məsul şəxs müəyyən olunmayıb, əmlakın və öhdəliklərin faktiki mövcudluğunun aşkar edilməsi və onların mühasibat uçotu hesablarında düzgün göstərilməsi təmin edilməyib”.

Xarici İşlər Nazirliyində 2011-2012-ci illər üzrə məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmaması nəticəsində DSMF-yə artıq vəsait ödənilib. Hesabatda qeyd olunur ki, əməkhaqqına və ezamiyyət xərclərinə olan əlavə ödəmələr dövlət büdcəsinə qaytarılıb və DSMF-yə ödənilən vəsait əvəzləşdirilib.

Qaynar.info