
Artıq üç gündür ki, Müstəqil İnformasiya Agentliyinə məxsus mia.az saytına girişdə problem yaranıb.
Bu barədə saytın baş redaktoru Zaur Əhməd məlumat verib.
Onun sözlərinə görə, məsələni tam dəqiqləşdirmək üçün mütəxəssislər araşdırma aparıblar: “Məlum olub ki, «Bakinternet» mia.az-ı bloka salıb və bu səbəbdən də o provaydeyrin istifadəçiləri saytımıza daxil ola bilmirlər. Texniki əməkdaşlarımız «Bakinternet»dən məsələni aydınlaşdırmaq istəsələr də, qarşı tərəf müxtəlif əsassız bəhanə gətirərək, problemin həllinə çalışmayıblar. Amma ölkədə fəaliyyət göstərən digər provayderlərdə belə bir problem yoxdur. «Bakinternet»in bu addımı oxucularımızın 20-30 faizinin saytımıza daxil olmaması ilə nəticələnib. Yəni «Bakinternet» bununla həm bizim, həm də öz istifadəçilərinin hüquqlarını pozur”.
Redaktor bildirib ki, bunu söz və mətbuat azadlığına basqı kimi dəyərləndirirlər: "Bununla bağlı ölkə başçısına və digər aidiyyatı qurumlara müraciət etməyi planlaşdırırıq. Eyni zamanda, beynəlxalq təşkilatlara və jurnalist qurumlarına da müraciət etmək fikrimiz var".
Qeyd edək ki, «Bakinternet» provayderinin istifadəçisi olanlar mia.az saytına daxi ola bilmirlər.
Qaynar.info