Xəbər lenti

Xədicə İsmayıl həbsxanada yazdığı şeir - "Darıxıram"
Ölkə09:39 15.07.2016

Xədicə İsmayıl həbsxanada yazdığı şeir - "Darıxıram"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayıl həbsdə olarkən yazdığı şeirini sosial şəbəkədə paylaşıb. 

"Qaynarinfo.Az" Xədicə İsmayılın 2015-ci ilin may ayında  Bakı İstintaq Təcridxanasında yazdığı "Darıxıram" şeirini təqdim edir

Göy cisimlərini yalnız

paqonlarda görürəm burda

Bəlkə o üzdən 

ulduzlar belə sönük, 

ay belə işıqsız 

gəlir röyalarıma

Gözlərimi yumub, 

isti nəfəsini duymaq istədiyim gecələrdə

“Ay Allah, bir qapı aç” deyib, 

içini çəkən məhbusun 

hənirtisi var qulağımda

Daha gəlmirsən yuxularıma

Hər səhər 

gecə gördüyünü 

xeyrə yozmaqçün 

ağbirçək məhbusa, 

axar suya,

Yusif peyğəmbərə dil tökən 

dustaqlarmı qovdu səni yuxularımdan?

Gəl, qorxma, 

çarəsini yuxu yozumunda

axtaranlardan deyiləm mən 

Güclüyəm, 

ağlamam, 

fala baxmam, 

dua etməm,

 həsrət çəkməm....

 ... gündüzlər. 

Güclü olmaq 

bir vicdan borcu bu anda

Təkcə yuxularım anlamır bunu

Darıxıram... 

 ... yuxularımda. 

Gəl, qorxma, 

Söz verirəm

səhər yuxu yozdurmamağa. 

Kürdəxanı, 

may 2015

Qaynarinfo.Az