Ağsu rayonunun Qəşəd kəndi Ləngəbiz tirəsinin ətəyində yerləşir, 300 illik tarixi var. Bu kəndin yaddan çıxmayan tarixi səhifələrində 1918-ci ilin fevral-mart aylarında haylar tərəfindən törədilmiş qanlı qırğınlar barədə xatirələr də xüsusi yer tutur. Belə ki, o dövrdə Şamaxı qəzasının tərkibində yerləşən Qəşəd kəndinin əhalisi tərəkəmə olmaqla, cəmi 60-70 evdən ibarət idi (bu evlər torpaq-qazmalar kimi qurulmuşdu, "qara binə” adlanırdı). Qədim yurd ocağı indiki yerdən 8-10 km aralı olub, tirənin qaşında yerləşib.
Bakı qəzasından Padar-çöl dəmiryolu stansiyasına hərbi eşalonla, eləcə də Udulu kəndi (hazırda Hacıqabul rayonuna aiddir) istiqamətindən bu obaya (o vaxtı heyvanlar hələ otlaq-örüş sahələrində saxlanıldığından camaat binələrdə olub) varid olan silahlı hay quldurları 42 nəfər dinc sakini qətlə yetirib, daha sonra zağada uşaqları ilə sığınmağa məcbur qalan kənd ağsaqqalı Hacı Şəkər Hacı Murad oğlunun (1858-1918) 12 nəfərlik ailəsi məhv edilib, yalnız bu ocağın 16 yaşlı üzvü Sahab Pənah qızı (1902-1977) salamat qalıb.
Həmin ilin iyun-iyul aylarında 5-ci Qafqaz İslam Ordusunun türk döyüşçülərindən ibarət hərbi dəstəsinin xilaskar yürüşü qonşu kəndlərlə (Gəgəli, Bico, Alpout, Keçdiməz, Ləngəbiz, Çöl Göylər, Hacıqədirli, Padar-çöl yaşayış məntəqələri) yanaşı, Qəşəd obasının əhalisini yağı düşmənin zülmündən azad edib. Çox təəssüf ki, türk ordusunun əsgərlərindən biri bu döyüşlərdə təbii səngər olmuş güllü-çiçəkli "Xəlifə dərəsi”ndə şəhid olub və orada dəfn edilib (yoldan 2,5-3 km aralı). Adı-soyadı, doğum tarixi məlum deyil. Kənd sakinləri bu qəbri müqəddəs ocaq kimi ziyarət edir, Şəhid qardaşımızın ruhunu əziz tuturlar.
Keçən əsrin 90-cı illərinin əvvəlində kənd sakini Əfzələddin Abdulla oğlu Abdullayev və Maqsud Səfalı oğlu Cəbiyev Şəhid məzarının ətrafını dəmir çərçivəyə alıb, onun bütövlüyünün qorunmasına nail olublar.
Qanlı-qırğınlı illərin hadisələri barədə kənd ağsaqqalı Ağa Qurban oğlu (1898-1990) bilgi verib. Həmin məlumatı isə bizə kənd ziyalısı Şahbaba Xanbaba oğlu Qənbərov (1949) çatdırdı.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi