Ölkə 11:32 13.10.2023

Xəstənin qarnında tənzif unutdu, məsuliyyətdən azad edildi

Mingəçevir Şəhər Məhkəməsində Mingəçevir Şəhər Xəstəxananın Doğum-Ginekologiya şöbəsinin həkimi, mama-ginekoloq Leyla Cəfərova barəsindəki cinayət işinə baxılıb.

"Qafqazinfo" xəbər verir ki, qeysəriyyə əməliyyatı vaxtı qadının qarın boşluğunda tənzifi unudan həkim Cinayət Məcəlləsinin 314-cü (Səhlənkarlıq) maddəsi ilə təqsirləndirilib. Belə ki, araşdırmalar zamanı tənzifin 7 ay müddətində 25 yaşlı Aysel Qurbanovanın qarnında qalması məlum olub. Nəticədə onun bağırsağı deşilib.

Bildirilib ki, 25 yaşlı A.Qurbanova 2021-ci ilin sentyabrında qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib. Doğuşdan 3 gün sonra xəstəxanadan evə buraxılan ananın qarın nahiyəsində bir müddət sonra kəskin ağrılar başlayıb. Bir neçə ay davam edən ağrılardan sonra Aysel Qurbanova yaxınları tərəfindən yenidən ginekoloq L.Cəfərovanın yanına gətirilb.

A.Qurbanova ifadəsində bildirib ki, həkim ona soyuqdəymə diaqnozu ilə müalicə yazıb. Lakin onun ağrıları daha da artıb. Bundan sonra Bakıdakı "Xəzər” klinikasına gətirilən qadının qarın boşluğunda yad cismin olması müəyyən edilib və o, təcili əməliyyata götürülüb.

Burada əməliyyat edilən gənc ananın qarın boşluğundan tənzif götürülüb, lakin daha sonra qadının bağırsağının deşilməsi məlum olub və o, 1 il ərzində 3-cü dəfə əməliyyat edilməli olub. Nəticədə Respublika Klinik Xəstəxanasında bağırsağından əməliyyat olunan qadının bağırsağının çürümüş hissəsi götürülüb. 

A.Qurbanovanın şikayətindan sonra onun qarın boşluğunda tənzifi unudan, uzun müddət sağlamlığının pozulmasına və bağırsağının deşilməsinə səbəb olan ginekoloq barəsində cinayət işi açılıb. Məhkəmədə L.Cəfərova özünü təqsirli bilib və zərərçəkmiş şəxsin sağalması üçün əlindən gələni etdiyini bildirib. O, A.Qurbanovanı şəxsi maşını ilə Bakıya müayinələrə apardığını, maddi dəstək verdiyini deyib. A.Qurbanova da həkimlə barışdığını, artıq ona qarşı şikayət və ya tələbinin olmadığını bildirib.

Mingəçevir şəhər Məhkəməsində keçirilən prosesin yekununda Leyla Cəfərova barəsindəki cinayət işi üzrə onun cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsas götürülüb. Məhkəmə həkimin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar verib.