Xəbər lenti

Xəzər dənizi ilə Fars körfəzi birləşdirilsə...
Ölkə20:00 22.04.2016

Xəzər dənizi ilə Fars körfəzi birləşdirilsə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya  ilə İran uzun illərdən bəri müzakirə edilən layihəni həyata keçirmək niyyətindədir. Söhbət Xəzər dənizi ilə Fars körfəzini birləşdirəcək gəmiçilik kanalının inşasından gedir. Layihənin tezliklə gerçəkləşdirilməsi gözlənilir. Artıq indidən onu İranın “Süveyş kanalı” da adlandırırlar.
Bu layihəni İranla Rusiyanın birgə reallaşdıracağı gözlənilir. Layihənin dəyəri yeddi milyard dollar proqnozlaşdırılır. Ehtimallara görə, onu 2030-cu ilə başa çatdırmaq planlaşdırılır. 
Xəzər dənizinə çıxan ölkələr – Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran – onun sayəsində neft və qazı açıq dənizə nəql edə bilərlər. Ehtimal olunur ki, bu, Cənubi Qafqaz və Xəzəryanı dövlətlərin iqtisadiyyatını canlandıracaq.
Məlumata görə, kanalın ümumi uzunluğu 700 kilometrə yaxın olacaq. Kanalın tikintisinə qolları ilə bərabər 10 milyard dollar xərcləmək nəzərdə tutulur. Hesablamalara görə, layihəyə yatırılan investisiya 5 il ərzində geri qayıdacaq. 
Xəzər dənizi-Fars körfəzi kanalı layihəsində İran və Rusiya ilə yanaşı, digər Xəzəryanı ölkələr olan Azərbaycan və Qazaxıstan, o cümlədən də Türkmənistan da maraqlıdır. Çünki bu kanal Xəzəryanı ölkələrin Fars körfəzi üzərindən dünya okeanına çıxışını təmin edəcək. Habelə onlar kanalla Fars körfəzi istiqamətində yükdaşımalar üçün imkan qazanacaq.
Bəs görəsən, iqtisadçılar bu kanalın əhəmiyyətini necə qiymətləndirirlər?
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban musavat.com-a açıqlamasında bildirib ki, bu kanalın çəkilməsi üçün heç bir iqtisadi əsas yoxdur: “Bu, iqtisadi baxımdan tamamilə yararsız bir layihədir. Heç bir iqtisadi əsası yoxdur. Çünki Xəzərlə digər bölgələrin daşımaları arasında elə bir iqtisadi əlaqə mövcud deyil. Ona görə də, bu layihəyə yatırılacaq 10 milyard dollar vəsaiti geri qazandırmaq çətin olar. Rusiya ilə İran arasında qarşılıqlı iqtisadi əlaqələr 1 milyard dollardır. Bu ölkəni bir-birinə bağlayan heç nə yoxdur. Bu baxımdan bu kanalın çəkilməsinin heç bir iqtisadi əsasının olmadığı qənaətindəyəm”.
İqtisadçı ekspert Qubad İbadoğlu isə bu layihənin Xəzəryanı ölkələrin iqtisadiyyatına müsbət təsir edəcəyini bildirdi: “Bu, kifayət qədər böyük proyektdir. Bizim bölgə üçün bunu meqa proyekt adlandırmaq olar. Amma nəzərə alsaq ki, dünya iqtisadiyyatının mərkəzi Avropadan Asiyaya, Qərbdən Şərqə gedir. Bundan əlavə, İrandan sanksiyalar götürüləndən sonra Rusiyanın izolyasiyası ola bilər ki, bu layihələri aktuallaşdırıb. Çünki bu məsələlər zaman-zaman müzakirə olunub, amma heç vaxt indiki qədər aktual olmayıb. Əgər bu layihə baş tutarsa, Azərbaycan üçün də faydalı ola bilər, ölkəmizin neft məhsulları bazarı şaxələndirə bilər. Bu körfəz həm də Azərbaycanın nəqliyyat xərclərinin azalmasında əhəmiyyətli rol oynaya bilər. Çünki bu körfəz artıq  Xəzər dənizi vasitəsilə okeana çıxışı təmin edəcək və Azərbaycanın yükdaşımalarının coğrafiyasına müsbət təsir göstərəcək. Bu layihədə Rusiyanın da marağı var. Fars körfəzi, Bəndər Abbas limanı dünyanın ən mühüm biznes mərkəzlərindən biridir. Bu layihənin reallaşması yəqin ki, uzun zaman tələb edir. İndiki halda maliyyə məsələsi də əhəmiyyətlidir. Nəzərə alsaq ki, dünya bazarında neftin ucuzlaşması həm İranın, həm də Rusiyanın iqtisadiyyatına mənfi təsir göstərib. Bu baxımdan maliyyələşmə məsələsində çətinlik ola bilər”. 
Qaynarinfo.az