Abşeron təbii-coğrafi ərazisinin (eyni adlı yarımadanın) ən qədim (1200-1300 illik tarixə malik) yaşayış məskənlərindən biri də Novxanı kəndidir. Bu kəndin əski yaşayış məkanını şərqdən və qərbdən əhatə edən "Quzu bulağı yolu” və "Gədi yolu” kənddən 10 km aralıda, quzeydə Xəzər dənizinə 200 m-ə qədər çatmamış yerdə birləşərək Sumqayıt şəhəri istiqamətinə yol alır. Bu döngənin sağ tərəfində qalan ərazi "Sarı qaya” bağları adlanır (Bakı şəhəri və ətraf kənd sakinlərinin xeyli hissəsinin bağ evləri yerləşir burada), yolun sol və üst hissəsini tutan yer keçən əsrin 60-70-ci illərinədək "Qara çuxa qəbirstanlığı” adlanmış, indi isə həmin yer bütünlüklə bağ evlərinin, müxtəlif təyinatlı ictimai xidmət və istirahət mərkəzləri tikintiləri altındadır.
"Qara çuxa qəbirstanlığı”nın özəlliyi (adının yaranması "kömək olma, dayaq durma, dada çatma” anlamlarının el deyimlərindəki morfogenetik kökləri ilə bağlıdır) nəinki Novxanı kəndinin, eləcə də Azərbaycan tarixçiliyinin və dövlətçiliyinin şərəfli səhifələrinin yazılması ilə bağlı olmasındadır. Belə ki, 1918-ci ilin may-iyun aylarında silahlı hay daşnak quldurları rus-bolşevik və ingilis-fransiz qüvvələrinin köməkliyi-havadarlığı sayəsində külli-Azərbaycanda, o cümlədən Bakı şəhəri və ətraf kəndlərində köklü müsəlman-türk soylulara soyqırım-qətliam faciələrini törətdikdə bu qanlı günləri-ayları Novxanı kənd sakinləri də yaşayıb. O vaxtlar bu kənddə 270-ə qədər torpaq-qazma, kürsülü ev olub.
Müzəffər 5-ci Qafqaz İslam Ordusunun Nuru Paşanın komandanlığı altında 5-ci Qafqaz firqəsinin (diviziyasının) komandiri Mürsəl Bakı Paşa (1881-1945) və 15-ci piyada diviziyasının rəhbəri, podpolkovnik Süleyman İzzət bəylə bu cəbhədə fəal iştirak etdiyindən Novxanı-Binəqədi döyüş planının işlənib hazırlanması bu kənddə Qurban Qurban oğlunun (1854-1951) evində həyata keçirilib. Ordunun döyüş heyətinin düşərgəsi "Sarı qaya bağları” ərazisində olub. Ən ağır döyüşlərin, səngər vuruşmalarının getdiyi Yelli dağın ətəklərində, Şor gölün (indi Masazır gölü adlanır) ətrafında Şəhid olmuş türk döyüşçülərinin dəfn olunduğu yer ( döyüş yerindən 10 km aralıda) sonralar "Qara çuxa” qəbirstanlığı adlanıb.
Bu qəbirstanlığın yaranma tarixi həmin döyüşlərlə bağlı olub. Yaşlı kənd sakinlərindən (həmin qanlı-qadalı günlərin şahidlərinin) Əliskəndər Əlibala oğlunun (1893-1990), Nərgiz Nəcəfqulu qızının (1889-1975), Yaqub İskəndər oğlunun (1898-2003), Gülü Sərdar oğlunun (1865-1939) söylədiklərinə görə bu qəbirstanlıqda 30-a qədər türk şəhidinin məzarı olub. Qəbir daşları uzunsov, hündürlüyü 2 m-ə çatan baş daşlarından, üzərində yazı və ay-ulduz nişanəsindən ibarət idi. Bir neçə ildən sonra daşlar mamır bağlamışdı (rütubətli və şor dəniz suyunun-küləyinin təsirindən). Yaşlı kənd sakinləri bu yerdən keçəndə həmişə salavat çevirib, həmd-surə oxuyardılar.
Bu Şəhid məzarlarının qəbir daşlarının yaşamasının son tarixi keçən əsrin 70-ci illəri olub...
(Yazı kənd sakinləri Lalə Nurulla qızı Abuzərovanın (1958) və Elnur Zakir oğlu Əliyevin (1982) məlumatları əsaında hazırlanıb)
Qismət Yunusoğlu
Bakı Dövlət Universitetinin müəllimi