
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il dekabrın 15-də Xəzər dənizində Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində baş vermiş hadisənin səbəblərinin araşdırılması barədə imzaladığı sərəncamın icrası ilə əlaqədar hadisənin texniki səbəblərinin müəyyən edilməsi, müvafiq istintaq hərəkətlərinin aparılması, o cümlədən xüsusi biliklərə malik olan mütəxəssislər cəlb olunmaqla texniki təhlükəsizlik və digər ekspertizaların keçirilməsi zərurətini nəzərə alaraq faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Qaynarinfo.Az-a verilən məlumata görə, istintaqın aparılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmaqla hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, dekabrın 15-də saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. İtkin düşən neftçilərin axtarışı davam edir.
Qaynarinfo.Az