Xəbər lenti

Xızıda İcra Hakimiyyəti sakinləri qəzalı binadan uçan məktəbə köçürür - FOTOLAR
Ölkə13:20 30.03.2016

Xızıda İcra Hakimiyyəti sakinləri qəzalı binadan uçan məktəbə köçürür - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xızı rayonunda 6 ailə yaşadıqları binadan çıxarılır. Sakinlər deyirlər ki, onları yaşadıqları binadan daha şəraitsiz və qəzalı vəziyyətdə olan binaya köçürürlər.

Bu barədə məlumatı musavat.com saytına rayonun Turqut Özal küçəsində yerləşən binanın sakinləri veriblər. 

Bina sakini Aysel Novruzovanın sözlərinə görə, bir neçə gün əvvəl Xızı Rayon İcra Hakimiyyətinin əməkdaşları gələrək, sakinlərin binadan çıxmasını tələb ediblər. Əvvəlcə binanın təmir olunacağı deyilsə də, sonradan bu qərar dəyişdirilərək, binanın boşaldılması ilə əvəzlənib. Binanın boşaldılması üçün bina sakinlərinə 3 gün vaxt verilib.

A.Novruzova bildirdi ki, ikimərtəbəli yataqxanada 6 ailə yaşayır. Sakinlərə köçmək üçün rayonun 3 ayrı kəndində məktəb və bağça binaları təklif olunub.

“Həyat yoldaşım 20 ildir ki, bu mənzildə yaşayır. 6 ildir ki, biz ailəliyik. Körpə uşaqla hara gedək? Biz yaşadığımız vəziyyətdən narazı deyilik. İndi köçürüləcəyimiz yerdən narazıyıq. Binanın qəzalı vəziyyətdə olduğunu deyirlər. Ancaq bizi köçürdükləri bina əvvəllər məktəb olub. Həmin məktəb üçün yeni bina tikilib. İstifadə olunmayan, qəzalı vəziyyətdə olan həmin məktəbə bizi köçürmək istəyirlər. İstifadəyə yararsız, uzun müddətdir ki, boşaldılan məktəbdə insan yaşayar?” - deyə bina sakinləri narazılıqlarını qeyd edirlər.

Adıçəkilən binada yaşayan 6 ailənin 4-ü rayonun Tıxlı kəndindəki məktəb binasına, digər ikisi isə Fındığan və Xələnc kəndindəki yarımçıq tikililərlə köçürüləcək. Sakinlərin sözlərinə görə, kəndlərdəki tikililər köhnə bağça və məktəb binalarıdır.

Sakin Aysel Novruzova deyir ki, onlara 3 gün ərazində binanı boşaltmaları deyilib, ancaq artıq mənzillərdən birinin qazı kəsilib: “Havanın yağışlı olduğunu deyib, üç gün vaxt verdilər. İcra başçısının qəbulunda olmaq istədik. Bizi icra başçısının müavinləri qəbul etdi. Deyirlər ki, hara şikayət edirsiniz, edin. Bu yataqxanadakı mənzillər ailələrə kənd soveti tərəfindən verilib. Hamımız imkansız ailələrik. Əksər ailələrin gəlir mənbəyi yalnız 120 manatlıq pensiyadır. Mən özüm şəhərdə xadimə işləyirəm. İş olanda işləyirəm, olmayanda yox... İndi rayona yaxınıq. Bəs biz gedib, ucqar kənddə nə edəcəyik? O vəziyyətdə necə yaşayacağıq? Biz məktəb binasını gedib, görmüşük. İnsanı o tikiliyə necə göndərmək olar? Xahiş edirik ki, bizim səsimizi ölkə rəhbərliyinə çatdırın. Prezident İlham Əliyevə məktub yazmaq istəyirik. Ancaq rayondan gündə bir dəfə Bakıya avtobus gedir. Bu gün avtobusa çata bilmədik”.

Sakinlərin şikayəti ilə bağlı İcra Hakimiyyətinin də mövqeyini öyrənmyə çalışdıq. İcra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Azər Əlizadə musavat.com saytının müxbirinin sualını dinləsə də, nahar fasiləsindən sonra cavab verə biləcəyini dedi: “Sonra zəng edərsiniz. İndi yanımda adam var”. (müsavat.com)

Qaynar.info