
“ Xoşbəxt o insandır ki, bala dağı görməyib”
Cəmiyyətin elit təbəqəsi - dərin erudusiyası və yüksək intellekti olan şəxslər hesab olunur. Bu tip insanlar öz mənəvi əxlaqları və düşüncə tərzi ilə başqalarından fərqlənir və xalqın digər təbəqələrinə örnək olmalıdırlar. Bir qayda olaraq Azərbaycanda həkimlər , ziyalılar, yüksək nüfuz sahibləri cəmiyyətimizin elit təbəqəsi hesab olunurlar Mən bir ana və müəllim kimi, ürək ağrısı ilə Azərbaycanın istedadlı, savadlı, dürüst əxlaqlı, tərbiyəli 19 yaşli övladımız Rüfət Allahverdiyevin faciəli şəkildə dünyadan getməsini heç cürə dərk edə bilmirəm. .
Bu barədə çap olunan məqalələrin birtərəfli olduğunu düşünürəm... Bu gənci heç bir günahı olmadan, maşın yolunu da keçmədən, sadəcə öz yaşadığı binanin qarşısında, səkidə dayandığı yerdə onu vurub qaçmışlar. Rüfət Azərbaycan Diplomatiya Akademiyasının üçüncü kurs tələbəsi idi. Sonuncu imtahanına hazırlaşırdı. Özü də əlaçı idi. Rüfət həm məktəbdə, həm də təhsil aldığı ali məktəbdə hörmətini özü qazanmışdı. Başda 160 saylı məktəbin direktoru Faina xanım olmaqla, bütövlükdə müəllim kollektivi, ADA-nın müəllim və tələbələri ürək ağrısı ilə onun dəfnində iştirak etdilər. Hadisənin səhərisi günu ADA- da keçiriləcək möhtəşəm bir tədbirin Ali Diplomatiya Akademiyasınin rektoru hörmətli Hafiz Paşayev tərəfindən ləğv olunması Rüfətin necə bir oğul, tələbə , insan olduğunu və hörmət qazandığını göstərir... Onu vuran isə həkim ailəsində dünyaya gəlib. İki həkimin verdiyi tərbiyə nəticəsində vurduğu adamı yerindəcə qoyub qaçıb. Bəlkə də o öz həkim-valideynlərinə zəng vurub, vaxtında Rüfəti xəstəxanaya çatdırsaydı, həyatını xilas etmək mümkün olardı. Həkimlərin oğlu gəncin həyatını xilas etməkdənsə, vicdanı da sızlamadan “qatil” damğası ilə həyatına davam etmək yolunu seçir. Qəribə burasıdır ki, mətbuatda davamlı olaraq həlak olanın hakim oğlu olması dəfələrlə vurğulanır, lakin bu hadisəni törədənin kimin oğlu olması açıqlanmır. Onun atası Kərimov Yüzasif Respublika Klinik Xəstəxanasının keçmiş baş həkimidir, əvvəllər Səhiyyə Nazirliyinin Rəyasət Heyətinin üzvü olub. Demək ki, cəmiyyətimizin elit təbəqəsinin bir nümayəndəsidir. Baş həkimin oglunun qanında narkotik maddə aşkar olunub... Demək ki, bu ovladın müalicəyə ehtiyacı varmış, amma həkim-valideyn başqa yolu secir.... O oğlunu 90-AA-669 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobillə təmin edərkən nə düşünürmüş – deyə bilmərəm. Görəsən övladına mənəvi dəyərin nədən ibarət olması haqqında söhbət etmişdimi.....
Dünyanın bir çox düşüncə sahibləri deyirlər ki, tərbiyə vermək lazım deyil, tərbiyəli olmaq yetərlidir. Rüfətin atasının hakim oldugu hər yerdə qeyd olunur... Gəlin onun haqqında da danışaq ki oxucumuz birtərəfli anlamasın... Allahverdiyev Elbəy – bəli o bir hakimdir! Məktəbi ve universiteti əla qiymətlərlə bitirən savadlı, tərbiyəli, kollektivdə hörmət qazanan insan və hal hazırda respublikamızın ən təhlükəli, ən ağır zonası olan Tərtər rayonunda işləyir... İndi isə tez-tez adı çəkilən hakimin və hec yerdə adı vurğulanmayan həkimin övladlarının mənəvi tərbiyələrinini müqayisə etməyi sizə həvalə edirəm... 40 dəqiqədən artıq yerdə qan içində qalan gənci təsadüfən ordan keçən cavanlar görmüş, tərəddüd etmədən xəstəxanaya çatdırmışdılar. Hətta həyatını xilas etmək üçün qanlarını da vermişlər. Amma çox təəssüf ki, Rüfətin həyatını xilas etmək mümkün olmadı. Təsadüfə baxın ki, Rüfətə ilk yardıma gələn gənclərdən biri Azərbaycanın görkəmli , sevimli yazıçısı - Seyfəddin Dağlının nəvəsi Orxan olub, və Rüfətin kim olduğunu bilmədən köməyini əsirgəməyib... Bu da onun tərbiyəsi... Yenə də qeyd edirəm, tərbiyə verilmir, tərbiyəli davranılır...
Ənənəvi olaraq tibbin atası, həmçinin tibb elminin banisi sayılan qədim yunan həkimi Hipokratın şərəfinə and içmiş , cəmiyyətimizin elitası hesab olunan iki həkimin övladının ölümünə səbəb olan gənci yerində qoyub qaçması bu baxımdan təbii hadisədir. Vaxtilə cavan övladını itirmiş xalq yazıçısı Süleyman Rəhimov demişdi: “ Xoşbəxt o insandır ki, bala dağı görməyib” Lakin belə üzdəniraq “tərbiyəli” övladlarımız sayəsində cəmiyyətimizin bu tipli qurbanlara hazır olması qaçılmazdır.!!!
Mən bütün ailə adından Rüfətə yardım göstərən bütün insanlara dərin minnətdarlığımı bildirirəm!!! Tanrı balalarımızı qorusun!!!
Filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Rəhimova
Qaynarinfo.az