
Bir çox insanlar həyatlarından şikayətlənirlər; biri ailəsindən, biri övladlarından, biri işindən, biri isə taleyindən. Bəzi insanlar elə düşünürlər ki, onlar hər zaman bədbəxtdirlər və heç vaxt xoşbəxtlik duyğusunu yaşamayıblar. Bəs o zaman nədir xoşbəxtlik? Əlçatmaz bir xəzinə, yoxsa kəşf edilməmiş bir ada?!
Xoşbəxtlik öncə Allahı tanımaqdır, onu sevməkdir, hər zaman qəlbində yaşatmaqdır. Məncə, bundan böyük xoşbəxtlik yoxdur.
Sonra dua etməkdir xoşbəxtlik, bütün ruhunla, qəlbinlə varlığınla... Çünkü dua etmək insanı ucaldar, qəlbini nurla doldurar. Sonra şükür etməkdir xoşbəxtlik!
Bilirəm bəzi insanlar deyəcəklər ki, hansı günümə şükür edim, mənim şükür edəsi bir səbəbim yoxdur. Amma bu dünyada hər kəsin şükür etmək üçün bir səbəbi vardır, hətta ən acınacaqlı vəziyyətdə olan insanın belə...
Dostunun, ailənin, yaxınlarının sevincinə sevinib, kədərinə üzülməkdir xoşbəxtlik. Bir tikə çörəyini paylaşmağı bacarmaqdi xoşbəxtlik. Sevmək, sevilmək, xəyallar qurmaq, gecələri yeni ay çıxdığında ona baxıb xəyala dalmaq, xəyallarında arzularını yaşada bilməkdi xoşbəxtlik.
Yaxınında, ətrafında köməyə ehtiyacı olana yardım etməkdir, ən pis anında belə gülümsəməyi bacarmaqdır xoşbəxtlik.
Ananın qucağında yuxulaya bilmək, onun qoxusunu, təravətini, ətrini, sevgisini duya bilmekdi. Bir körpənin dəyərli valideyni olmaq, onun qoxsunu, nəfəsini ilk addımlarını görüb, duyub hiss eləməkdir xoşbəxtlik...
Vətəndaşı olduğun ölkənə sağlam vətəndaş yetişdirmək, Allahın sənə doğulan zaman bəxş etdiyi bu ölkənin vətəndaşı olmaqdır, onun inkişafı üçün, onun azadlığı üçün çalışmaqdır xoşbəxtlik...
Xoşbəxtliyi başqalarında və başqa yerlərdə axtarma, dostum. Çünki xoşbəxtlik SƏNSƏN. Sənin özünsən, xoşbəxtlik sənin qəlbinin dərinliklərindədi.
Bədbəxt olduğunu hələ də düşünən dost, bir anlıq sus və özünə sual ver: Mən, doğurdan da, bədbəxtəm?!
İnan ki bu sualı öz-özünə verdikdə qəlbinin dərinliklərindəki xoşbəxtlik sənə cavab verəcək. Bax o zaman sən Allaha şükür edəcəksən. Bilirsən niyə?
Özünü xoşbəxt hiss etdiyin üçün...