Xəbər lenti

XTQ gizirindən film kimi müsahibə (FOTO)
Ölkə11:09 21.12.2020

XTQ gizirindən film kimi müsahibə (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaynarinfo.az Aprel döyüşləri iştirakçısı, o cümlədən İkinci Qarabağ savaşının cəsur XTQ əsgəri Bayramov Rəsul Haqverdi oğlu ilə müsahibəni təqdim edir.
Rəsul Haqverdi oğlu 18.02.1993-cu ildə Biləsuvar rayonunun Ağalkənd kəndində anadan olub.  
Orta təhsilini həmin kəndin məktəbində başa vuran Rəsul həqiqi hərbi xidmətə yollanır. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən hərbiyə qayıtmağı düşünən Rəsul Tovuzda N saylı hərbi hissə də çavuş kimi fəaliyyətə başlayır. Xüsusi təyinatlı qoşunun seçimləri zamanı Rəsul da bu qoşun növünə layiq görülür və 2014-cü ildən gizir kimi XTQ-də qulluq etməyə başlayır. Qarabağ savaşı zamanı Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına qazi olur. 
- Rəsul, deyəsən, bu, həyatında gördüyün ilk müharibə deyil, hə? Aprel döyüşlərində də iştirak etmisən.
- Bəli. Elədir. Aprel döyüşlərində də iştirak etmişəm.
- Orda da burdakı kimi qəhrəmanlıq etdiyinə şübhəmiz yoxdur. Amma necə xatırlayırsan Aprel döyüşlərini? Bu döyüş unutdurmayıb ki, ilk döyüşünün ab-havasını?
- Xeyr. Unutdurmayıb. Orda da bu vətən müharibəsinin qısa forması idi. Az müddət olmağına baxmayaraq Aprel döyüşləri də ağır keçmişdi. Amma çox böyük əzmkarlıqla, döyüş yoldaşlarımla birgə cəsurcasına döyüşdük, bacardıqca düşməni məhv etdik, geri çəkilməyib qələbə qazandıq. Bizim həmişə bir məqsədimiz olub. Daim irəli getmək. Buna görə də qələbə qazanmışıq. Həm Aprel döyüşləri zamanı, həm də Qarabağ savaşında. Bu sevinci xalqımıza yaşatdığımız üçün də qürur duyuruq.
- Biz də sizinlə qürur duyuruq. Aprel döyüşlərində də bu döyüşlərdə olduğu kimi erməni məhv edə bildinmi? Bir XTQ əsgəri olaraq üzbəüz döyüşlərdə olursunuz. Yəqin ki, hər biriniz düşmən məhv etmək şərəfinə nail olursunuz.
- Əlbəttə, məhv eləmişəm, eləmişik. Demək olar ki, biz həmişə öndə gedirik deyə, düşmənlə də çox üzbəüz gəlirik. Bu anda da nə edirik? Təbii ki, məhv edirik. Zarafat deyil, düşmən həqiqətən də bizi görəndə qorxur. Azərbaycanın Xüsusi təyinatlılarının adını eşidəndə dəli olurlar.  Əslində, elə qorxmalıdılar da. Hər şeyə görə. Ən əsası, biz onların yox, onlar bizim torpağımızdadır. Biz haqqımızı istəyirik, başqa heç nə. Haqq savaşındayıq.
- Rəsul, necə oldu bu döyüş, necə yaralandın?
- Döyüşü birinci dəfə görmədiyim üçün, yəni, özümü az da olsa təcrübəli saymışam. Çünki müharibənin nə demək olduğu hissini bir neçə il əvvəl necə lazımdır yaşamışdım. Bu hisslərdən doğan təcrübə var idi. Düşməni özümdən ağıllı hesab etməmişəm, amma zəif də görməmişəm o qədər. Çünki bu düşmən heç düşmən də deyil. Düşmən olsa da, insanda bir mərdlik olar. Amma bu, ermənilərdə belə deyil, hamımız bilirik. Bizə ilk olaraq ölməyi yox, öldürməyi öyrədirlər. Biz lazım gəlirsə, özümüz ölüb şəhid oluruq. Mən döyüşlərdə həm özümü, həm də döyüş yoldaşlarımı düşünmüşəm. Hamımız beləyik. Özümüzdən çox ətrafı qorumağa çalışırıq. Mən də, digərləri də düşünür ki, mən tək deyiləm, kiçik bir səhvim ucbatından başqalarını təhlükəyə ata bilərəm. Yaralanma anı da belə oldu ki, həmişəki kimi öndə gedirdik. Düşmənin 80-90 nəfərlik qrupu ilə qarşı-qarşıya gəldik. Biz isə cəmi 15 nəfər idik. Təbii olaraq atışma başladı. Onların snayperi də var idi və mövqelərini tutmuşdular. Biz isə açıq şəraitdə irəliləyirdik. Özümə mövqe seçəndə snayperlə ayağımdan vurdular. Amma hiss eləmədim. Fikrim orda olmadı. Sürünə-sürünə mövqe tutub döyüşməyə başladım. Bir az keçmişdi ki, gördüm, ağırlıq hiss edirəm. Elə bil, ayağımın üstünə daş düşüb. Onda bildim ki, yaralanmışam. Yoldaşlarıma vurulduğumu dedim. Biz artilleriya atəşinə başlayanda bunların atəşi səngidi həmişəki kimi. Ancaq dayanandan sonra təhlükəsiz yerə keçdim. Yoldaşlarım ayağımı açıb ilkin tibbi yardım göstərdilər qan itirməməyim üçün. Sonrası da...
Bilirsiz, orda olan hadisələri bəzən adam necə deyəcəyini belə bilmir. Təsəvvür edib yazmaq, danışmaq çox çətindir. 
-Sonrası necə oldu? Siz vurulan an yanınızda şəhid olan, başqa yaralananlar da oldumu?
-Məndən başqa biri də vurulmuşdu. O da eynilə ayağından. Bizi təxliyyə etmək istədilər. Amma razı olmadıq vurulan yoldaşımla. Çünki bizə o yeri almaq tapşırılmışdı. Biz özümüz geriyə çəkilə bilərik deyə, yoldaşlarımıza davam edin dedik və sürünərək ən azı iki kilometr gəldik, yola çıxanda arxadakı təxliyyə qrupu gələrək bizi götürdü. Orda da yenidən təhlükə ilə qarşılaşdıq.
-Necə yəni? Nə kimi bir təhlükə? Ümumiyyətlə, həmin ərazilərin təhlükəsiz olduğuna nə dərəcə əmin idiniz? Əsir götürülmə, öldürülmə təhlükəniz olmadığından əmin idiniz deyə özünüz qayıtmağı qərara aldınız?
- Əmin deyildik. Elə təhlükə də bu idi. Biz belə etməli deyildik əslində. Yoldaşlarımız tapşırığı yerinə yetirsin deyə biz belə etməyi seçdik. Yaramız hələ isti idi. İynə vurulmuşdu, o qədər də hiss etmirdik. Düşmənin əsgər və zabitlərindən ibarət 15 nəfərlik qrupun hücumu oldu qəfildən. Amma nə etməli? Geriyə yol yox idi. Yoldaşlarımıza və vətənimizə zərər dəyməsin deyə dəf etmək məcburiyyətində idik və etdik də. İki nəfər yaralı biz onların 15 nəfərlik qrupunu məhv elədik!
Bütün bu olanlara görə isə sadəcə fəxr edirəm. Özümlə, yoldaşlarımla, vətənimlə, ordumla, dövlətimlə.
-Hansı istiqamətdə yaralandın, Rəsul?
-Şuşa istiqamətində. Demək olar ki, Şuşanın əsas yolunda, girişində.
-Bəs, Şuşadan başqa hansı ərazilərdə döyüşdün?
-İlk döyüşümüz Murovda oldu. Sonra gəldik Füzuli, Cəbrayıl, Hadrutda döyüşməyə. Bu ərazilərin hər birinin bütün kəndlərində olduq, döyüşdük, azad etdik.
- Heç üzbəüz əsir götürdüyün oldumu?
-Bir söz deyim. Bizə verilən tapşırıq məhv etmək idi. Əsir götürmək yox. Ona görə də qarşımıza çıxanı əsir kimi yox, leş kimi görürdük, leş də edirdik. Həm də, heç mənim özümün əsir götürmək kimi bir istəyim yox idi. Hazır əlimə fürsət düşmüşkən öldürürəm də qarşıma keçəni. Neynirəm əsir götürüb. (Gülür). Çünki onlar bizim 90-cı illərdə ana-bacılarımızın başına açdığı oyunlar hər an gözümün qabağındadır. Ona görə də sağ götürmək heç ağlımızdan keçmirdi.
- Üzbəüz öldürdüyün ermənilərin sayını bilirsənmi?
- Vallah, konkret say desəm, yalan olar. Saymırdım. Həm də çox öldürürdüm deyə həmin an saymaq da ya da düşmürdü. Açıq döyüşdü, qarşına kim çıxdı vurursan. İki nəfərə 15 nəfəri məhv etmişiksə, digər açıq döyüşlərdə yoldaşlarla bu say xeyli yuxarı qalxır.
- Rəsul, döyüşlərdə gördüyün ən həyəcanlı, qorxulu hadisə nə olmuşdu? Hansı ki, nəyi unutsan da, onu heç vaxt onu da bilməzsən...
- Döyüşdə idik. Bizimlə əlaqəyə çıxıldı ki, digər qrupumuz mühasirəyə alınıb, onlara dəstək lazımdır. Döyüşü bitirib onlara köməyə getdik. Amma hiylə işlətdilər, biz də mühasirəyə düşdük. Komandirdən icazə alıb snayperə keçdim. Yerimi bəlli etmədən bir əsgəri vurdum. Köməyə gələni gözləyib onu da vurdum. Amma özüm hədəfə çevrildim deyə, tez yerimi dəyişib onların snayperini tapıb öldürdüm. Özümü də, yoldaşları da xilas edəndən sonra dayandıq. Onlar da çoxlu itki verib qaçdılar. Bu hadisə heç vaxt yadımdan çıxmaz. Həm mühasirəyə düşənləri çıxarmağa gedirik, həm də özümüz düşürük. Amma ümumilikdə, orda olan hər şey dəhşətlidir, həyəcanlıdır. İnanmıram nəsə çıxsın yadımızdan. Biz XTQ olaraq bir ailəyik. Mən də bu ailənin bir üzvüyəm və fəxr edirəm. Orada olan hər bir kəs qəhrəmandır. Hər addım cəsarət tələb edir. Mən də həm belə, həm də başqa addımlar atıb yoldaşlarımı, vətənimi qoruduğum üçün fəxr edirəm. Bizim yüksək rütbəli həmkarlarımızın dediyi kimi, mən layiqincə bu vəzifənin öhdəsindən gəldim.
- XTQ gizirisən, hə?
- Bəli.
- Eşq olsun sənə də, yoldaşlarına da. Bəs döyüş vaxtı gülməli hadisələr necə, olurdumu? Bəzi əsgərlərin xatirələrində var. Səndə necə? Məsələn, yayılan məşhur söhbətlər də var idi.  "Gültəkin əməliyyatı" kimi. Sizdə də oldumu maraqlı, gülməli  hadisələr?
- Bəli. Oldu. Mən özüm döyüşə girəndə övladım yenicə doğulmuşdu. 10 gün idi. Döyüş zamanı həmişə telefonu söndürürdüm. Amma bir dəfə yadımdan çıxmışdı. Döyüş başladı. Hamı mövqe tutmağa başlayanda mənə zəng gəldi. Ekranda "ev canım" adını görüb özümü itirdim. Az qala telefonu əlimə alam atam. Elə bildim, silahdır (gülür). Yoldaşlarla döyüşdən sonra xeyli güldük buna. Əməliyyatın adı da qaldı "ev əməliyyatı".
Bir dəfə də Hadrutun içindəydik. Yeməyimiz bitmişdi. Həyətlərin birində hinduşkalar görmüşdüm. Uşaqlardan iki-üç nəfər götürüb getdik həmin hinduşkaları axtarmağa. (Gülür). Tapdıq da. Beş-altı hinduşka götürüb gətirdim meşəyə. Onun da adı qaldı "Hinduşka əməliyyatı". Neçə nəfər getmişdik Hinduşka ovuna.
  
- Rəsul, bu gözəl, maraqlı hadisələrin fonunda şəhid olan yoldaşlarınız da oldu. Allah onlara rəhmət eləsin, sizlərə şəfa versin.  Bütün Qazilərə olduğu kimi sənə də təşəkkür edirik. Sağ olun ki, canınızı, qanınızı bu torpaqlar üçün qoydunuz. Haqqınız ödənməz.
- Amin. Siz sağ olun, təşəkkür edirik. Biz borcumuzu yerinə yetirdik. Yenə olsa, yenə edərik. Hər zaman da canımızı, qanımızı bu millət üçün verməyə hazırıq. Təki xalqımız azad olsun, torpaqlarımız azad olsun. Başqa nə istəyimiz var ki? Elə bu amal uğrunda da döyüşürük, şəhid, qazi oluruq. Hər şey gözəldir, hər şey yaxşıdır. Təki, həmişə qələbə çalaq.  
Orxan Saffari