Xəbər lenti

XXI əsr Azərbaycan gəncliyi: Onun inkişafı, çağdaş dünyaya inteqrasiyası
Ölkə09:57 22.07.2022

XXI əsr Azərbaycan gəncliyi: Onun inkişafı, çağdaş dünyaya inteqrasiyası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
(Yazı "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusu üzrə hazırlanıb)
XXI əsr həm də gənclik əsridir. Texnologiyanın inkişafı, yeniliklər həm də gənc nəslin həyatına böyük təsirlər edir. İstər təhsilində, istər milli ruhunda 21-ci əsrin yenilikləri öz izini göstərir.
Bütün bunları Azərbaycanın gənclərinə də aid etmək olar. Azərbaycan gənci bu gün dünyada özünü istər təhsili, istər milli ruhu, istər yeniliklərə, inkişafa göstərdiyi maraqla təsdiq etmiş gənclikdir. 
Tək ölkəmizdə deyil, öz uğurları ilə dünyanın dörd bir yanına yayılan gənclər hər sahədə - İstər elmdə, istər idmanda, istər musiqidə gənc nəslimiz bizi uğurla təmsil edir, Azərbaycan adını zirvələrə qaldırır.
Azərbaycan gənci həm də 44 Günlük Vətən müharibəsinin memarıdır. Neçə-neçə şəhid, qazi olan gənclrimiz sayəsində biz 30 illik həsrətə son qoyaraq doğma yurdumuza qovuşduq. 
Bununla da onlar müasirləşən dövrdə, cəmiyyətdə, qlobal axına qoşulan gənclərimizdə milli mənlik şüurunun, vətənpərvərlik hissinin ölmədiyini bir daha sübut etdilər.
Gənclik böyük, tükənməz qüvvədir.
Azərbaycanın dayaq sütünu olan gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi həm də Azərbaycanın gələcəyi anlamındadır. Ölkədə Azərbaycan gəncinə hər zaman böyük inam və etibar olub. 
Ona görə də gənclərlə bağlı müxtəlif dövlət proqramlarının həyata keçirilməsi, Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə  Azərbaycanda Gənclər Gününün təsis olunması, 2020-ci ilin ölkəmizdə "Könüllülər ili” elan edilməsi gənc nəslə göstərilən diqqət və qayğının bir hissəsidir.
Bundan əlavə, 2019-cu il iyul ayında Prezident İlham Əliyevin sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən olunması, dəstəklənməsi, ölkədə kadr ehtiyatı bankının inkişaf etdirilməsi məqsədi ilə  "Yüksəliş” müsabiqəsi də təsis edilib. Bununla da ölkəmizin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün növbəti addımlardan biri atılıb.
Ona görə də bugünkü dünyamızda Azərbaycan gənci ilk növbədə vətənpərvər, peşəkar, böyük dünya görüşünə malik, milli mənəvi dəyərlər ruhunda tərbiyə almış, xarici dilləri bilən, müasir informasiya texnologiyalarından başı çıxan olmalıdır və ilk növbədə dövlətinə və dövlətçiliyinə xidmət etməlidir. 
Gənclər tək dövlətə yararlı kadr kimi yox, həm də cəmiyyətə faydalı insan kimi yetişdirilməlidir. Burda tək məsuliyyət dövlətin deyil. Onların yaxşı təhsili, dünyagörüşü ola bilər, amma milli ruha bağlılıq, adət-ənənələrə sayğı, insanlara sevgi, hörmət göstərə bilməsi üçün əsas tərbiyəverici qüvvə ailə olmalıdır. İlk növbədə ailə çalışmalıdır ki, yetişdirdiyi övlad cəmiyyət üçün yararlı və faydalı olsun.
Bu, çox önəmli məsələdir. Ancaq tək yük ailənin üstünə düşmür. Burda gənclərin təlim-tərbiyə aldığı təhsil ocaqlarının da mühüm rolu var. Mühit insanın formalaşmasında əsas amildir desək, yanılmarıq. Evdə lazımi tərbiyə almayan gənc məktəbdə də özü üçün münbit şərait axtaracaq. Məktəbi tək təlim mərkəzi hesab etməsək, anlayaraq ki, o, həm də təlim ocağıdır. Orda çalışan hər bir şəxsin üzərinə böyük məsuliyyət düşür. Acaq bu gün məktəblərdə psixoloqlara böyük ehtiyac var. Onlar gənclərlə çox ciddi iş aparmalıdır. 
Gənclər, xüsusi ilə uşaqlar kənar şəxslərin təsirinə daha tez məruz qala bilir. Hamımıza məlum olan 21-ci əsr texnologiyasının xeyri ilə bərabər verdiyi fəsadlar da var. Xüsusilə sosial şəbəkələr, onlardan düzgün istifadə etməyən gənclər bəzən yanlışlığa da yol verə bilir. Bunun üçün də əsas məsuliyyət ailələrin üzərinə düşür.
Ancaq bu gənclərin yetişdirlməsində təkcə dövlət və ailənin rolu var deyə bilmərik. Bu, doğru olmaz.
Cəmiyyətin aynası sayılan medianın, xüsusən də televiziyaların bu sahədə görəcəyi işlər çoxdur. Televiziyalar, sosial media milli mənlik şüurunun təbliğatına daha çox yer ayırmalıdır. Bu mövzuda filmlər, proqramlar, intellekt oyunları, diskussiyalar keçirilməlidir ki, gənclər oradan nə isə götürə bilsin. 
21-ci əsr gəncliyini həm də təhlükəli gənclik adlandırsaq, yanılmarıq. Yeniliklərə açıq, risk etməkdən qorxmayan, müasirləşməyə hazır olan gəncliyi doğru axına salıb düzgün istiqamətə aparmaq üçün hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməli, bu istiqamətdə çalışmalıyıq.
Bir deyim var: "ot kökü üstə bitər”. Biz də onların öz kökünə bağlı qalmaqla bərabər cəmiyyətə, dünyaya düzgün inteqrasiyası üçün dəstək verməli, onların yanında olmamlıyıq. Çünki Azərbaycanın gələcəyi məhz onlardan asılıdır. 
Uğurlar, Azərbaycan gəncliyi!
Günay İlqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.