Aqşin
Yenisey
Bu
yaxınlarda gənc bir qızın intiharında ailəsi günahlandırıldı.
Övladı
ənənəyə qurban etmək qədim ənənədir. Kafkanın "Ölüm hökmü” əsərində ata ona
qulaq asmayıb sevdiyi qızla evləmək istəyən oğluna ölüm hökmü verir; onu
intihar etməyə məcbur edir. Və oğul bu hökmü yerinə yetirir, özünü suda boğur.
Adətən,
zəngin ailələr övladlarını maddi, yoxsul ailələr mənəvi miras uğrunda öldürürlər.
Hələ
iki min beş yüz il əvvəl Aristotel yazırdı ki, insan tək yaşaya bilmək üçün ya
heyvan olmalıdır, ya tanrı. Bu gün də cəmiyyətdən uzaqlaşan, tək qalan
insanlarda biz bunu müşahidə edirik; təklər ya bütün insani dəyərlərini itirib
heyvanlaşır, vəhşiyə, manyaka çevrilirlər, ya da bu dəyərləri ağlın nəzarətindən
çıxarıb özləri ilə birlikdə ruhani azadlığın öhdəsinə buraxırlar. Nə heyvan, nə
manyak, nə tanrı ola bilməyib insan olaraq tək qalanlar isə özlərini öldürürlər.
İnsan
sürüyə məhkumdur, doğulandan başqalarının köməyinə ehtiyac duyaraq yaşayır, ta
ölənəcən. Bu hal onun ağ beyinlə doğulması ilə bağlıdır. İnsan, heyvan kimi təcrübələr
yüklənmiş beyinlə doğulmur, insanın beyninin müəllifi sürüdür, cəmiyyətdir. Bu
cəmiyyəti insanın ilk illərində ailə təmsil edir.
Heyvanın öz balasına ana bətnindəykən
ötürdüyü bütün həyat təcrübələrini insan öz balasına doğandan sonra öyrədir.
Ona görə də dayça doğulan kimi at olduğunu bilir, amma bizim yetmiş beş yaşlı
şair yazır ki, hələ də bilmirəm kiməm. Biz dünyaya gələndə valideynlərimizdən
aldığımız heç bir irsi mirasa sahib olmuruq, bu miras bizə sonradan "yüklənir”.
Bunun nəticəsidir ki, Keniyada doğulan Obama iki dənə qoyunu güdə bilmir, ABŞ-da
doğulan Obama dünyanı idarə edir.
Proqramsız
beyin səbəbindən insanın ailəsindən ayrılma müddətdi 18-20 il çəkir. İnsan
böyütmək üçün kifayət qədər uzun müddətdir. 18 yaşından sonra da övladı güdmək
onu böyüdə bilməməyin əndişəsidir. Əsl həngamə də ailə ilə ayrılıqdan sonra
başlayır. Fərd bir anda ailə və cəmiyyət arasındakı ziddiyyətlərin burulğanına
düşür. Cəmiyyət ilk növbədə ailənin övladından gizlədiyi bütün sirləri ona açır,
onun öz ailəsinə etibarını, inamını sarsıdır. Ailədə televizorda da öpüşmək
qadağan idi, cəmiyyətdə isə öpüşə bilməyən adama gülürlər. Hansı daha səmimi və
doğrudur? Mübarizə başlayır; fərd artıq ailədən ayrılıb, cəmiyyət isə onu bu
beyinlə qəbul etmir.
Beləliklə,
bir-birinin acığı üzərində qurulan ailə və cəmiyyətin qurbanı olan azərbaycanlı
ayrılıq yaşı dediyimiz 18-20 yaşa gəlib çatanda qəfildən ortalıqda tək qalır;
ailəsindən ayrılmalıdır, o, artıq bir fərddir, cəmiyyət isə onu bu beyinlə qəbul
etmək istəmir. Onu format etmək, ailənin yüklədiyi beyini silib, cəmiyyət beyni
yükləmək lazımdır. Axmaq ailələr uşaqlarına axmaq beyin yüklədiyi kimi, axmaq cəmiyyətlər
də fərdə axmaq beyin yükləyir.
Burada
çox vacib bir məqamı vurğulamaq lazımdır; bəzən ailələr günahı cəmiyyətdə
görürlər, yəni biz yaxşıyıq, cəmiyyət pisdir. Mümkün deyil! Cəmiyyəti pis edən
oradakı pis ailələrin çoxluğudur. Ailələrin yaxşı, cəmiyyətin pis olduğu bir
mühitə tarixdə rast gəlinməyib. Cəmiyyət zaydırsa, ailə institutu zaydır.
İstisnalar
illuziyalardır!
Cəmiyyətə
inteqrasiya cənnətə düşməkdən daha cətindir bütün mühafizəkar cəmiyyətlərdə.
Çünki mühafizəkar düşüncə üçün iki rəng var; ağ və qara. Qadınsansa, cəmiyyətə
ya ana kimi daxil ola bilərsən, ya fahişə kimi. Kişisənsə, ya peysərsən, ya
lotu. Bunların heç biri olmaq istəmirsənsə, qaçmalısan, gözə görünməməlisən,
yoxa çıxmalısan oralardan. İntihar bu seçimlərdən biri olur bəzən; radikal
pessimizmin ani qərarı!
İdeoloji
ağırlığı olan təhsilin köməkliyi ilə nəyisə dəyişmək olar, amma düzlətmək
olmaz. İnsan yetişdirmək təhsilin deyil, mədəniyyətin məqsədi olmalıdır. Əgər mədəniyyətin
belə məqsədi yoxdursa, heç bir təhsil sisteminin faydası yoxdur.
Məni
düşündürən məsələlərdən biri də Azərbaycanda intihar edən insanların əksər
hallarda şəxsi əhvalatının olmamasıdır. İntihar edənlərin çoxunun heç bir özəl macərası
yoxdur. Bizimkilər, adətən, intihar etmirlər, öz əlləri ilə özlərini öldürməyə
məcbur edilirlər. Bizim qurbanların əhvalatı intihardan əvvəl deyil, sonra
başlayır. Hətta milli qurbanların çoxu öz əhvalatını yaratsın deyə intihar
edir. Şəxsiyyətini həyatı bahasına təsdiqləyir. Təsadüfi deyil ki, Azərbaycanda,
hətta dost mühitində də "niyə ölmürsən" deyə zarafatyana bir sual
var. Yəni niyə boş-boşuna yaşayırsan, niyə ölüb özünü mazata mindirmirsən?
Avropa
dediyimiz, son beş yüz il ərzində, Arnold Toynbiyə görə, 16 mədəniyyəti məhv, 9
mədəniyyəti iflic edən "qoca qitə”də hər şey özünü mədəniyyətin alternativi
kimi görən, onu öz boyu ilə məhdudlaşdırmağı bacaran ailə institutuna hücumla dəyişdi.
İlk
hücum edən şəxs Karl Marks idi ki, bu gün mühafizəkar avropalılar bunun
qisasını vaxtaşırı əllərinə çəkic-balta götürüb onun və ailə üzvlərinin
Londondakı Hayqeyt qəbiristanlığındakı qəbirlərinə xəsarət yetirməklə alırlar.
On
doqquzuncu əsrin əvvəllərindən başlayaraq Avropada qitə sərvətləri və qitəyə
daşınan sərvətlər kapitalist ailələr arasında bölündü və bu sərvətlərin əldən
çıxmaması, başqalarının əlinə keçməməsi üçün burjua ailə institutunu qala kimi
qorumağa başladı. Kilsə mövqeyini tamam itirdi, onun yerinə mənəvi varisi kimi
ailə əxlaqı əyləşdi. Artıq kütlənin həmrəyliyinə dini icma yox, ailə institutu
cavabdehlik daşıydı, ictimai münasibətləri, sosial davranışları ailə idarə edirdi.
O, kütlənin və kütləvi olanın əksinə gedənləri sürüyə qaytarır, mühakimə edir,
özünə xidmət edənləri mükafatlandırır, boyun əyməyənləri cəzalandırırdı. Fərdə
və fərdi olana nəzarət indi ailənin əlində idi.
Modernistlər
bu sosial, ictimai səlahiyyətləri ailədən alıb cəmiyyətə verdilər.
Bu
dövr, Avropanı sənət və sənətçi üsyanlarının bürüdüyü dövrdür. Qitə tarixinə
quşbaxışı baxan hər kəs görə bilər ki, axırınca Renessansdan (XV-XVI əsr), feodalizmin
süqutdan sonra dini icmalar şəklində dağılanlar sənaye dönəmində yenidən
kapitalist ailələr şəklində yığışıblar. Vaxtilə dini icmanın düşməni elan
olunan fərd bu dəfə kapitalizmin düşməni elan olunub.
Dini
icmanın hədəfində olanlar daha çox filosoflar, elm adamları idi, kapitalist ailənin
hədəfində olanlar daha çox sənət və sənət adamlarıdır; azadlığın və gözəlliyin
həvariləri. Sərvəti olan hər kəs yeni sənətin evlərə yolunu bağlamağa çalışır.
Cəmiyyətdə belə bir ictimai rəy yaradılıb ki, insan azadlığı yalnız hökumətin –
siyasi-sosial kilsənin verə biləcəyi imtiyazlardan ibarətdir.
XIX
sərin ortaları. Mədəniyyət Avropada sənəti gözdən salmaqla məşğuldur. Bu gün Azərbaycanda
olduğu kimi. Hər yerdə şairləri, rəssamları, musiqiçiləri söyür və söydürürlər.
Elm adamları artıq kapitalizmə satılıblar.
Öz
ideyaları uğrunda qurban vermək növbəsi fəlsəfədən, elmdən sonra sənətə çatıb.
Bu dəfə sənət tabularla döyüşəcək, fəlsəfə və elm tamaşaçıların arasından ona
azarkeşlik edəcək.
Sənətin
ilk cəngavəri Flober artıq meydandadır. O, kapitalist mühafizəkarlığın bütün
ağırlığını öz namusunun arıq çiyinlərində gəzdirən ailə qadını obrazını ayaqlar
altına atan "Madam Bovari”ni yazır. Arxasınca ikinci cəngavər, rəssam Mone sərgiyə
gələnləri lümlüt qadın təsviri olan, özünün "Olimpia” tablosu ilə xəcalətdən
üzlərini tutmağa məcbur edir. Tənqidçilərin sənətdə modernizm cərəyanının
banisi hesab etdikləri daha bir cəngavər, Şarl Bodler erotik, pornoqrafik təsvirlərlə
dolu "Şər çiçəkləri” şeirlər kitabını çap etdirir. Kitabda Bodlerin III
Napoleon hökuməti tərəfindən məhkəməyə verilməsinə yol açan beş-altı şeir var
idi ki, bunların içində istintaq materialına tikilmiş olanlarda şair öz məşuqəsi
ilə cinsi əlaqəsini təsvir və tərənnüm edirdi. Məhkəmə şairi fransız ictimai əxlaqını
təhqir etməkdə və ədəbsizlikdə günahlandırdı. Məhkəmənin qərarı ilə Bodlerin
Fransanın hörmətli xanım və bəylərinin əxlaq sərhədlərini aşdığı elan edildi və
şair 300 frank cərimə ilə cəzalandırıldı, pozğun altı şeir isə kitabdan
çıxarıldı.
Modernizm
başlanğıcda insan azadlığını kapitalist ailə əxlaqının boyunduruğundan xilasetmə
cəhdi və əzmidir. "Sənət sənət üçündür” deyən modernizm sənətin mədəniyyətə
qarşı müharibəsidir.
Sənətin
yanında olmaq istəyirsənsə, mədəniyyətdən ayrılmalısan, yəni ailədən. Çünki mədəniyyət
artıq özünü ailə ilə məhdudlaşdırıb. Ailə hər yerdə mədəniyyətin adından
danışır. Sənət mədəniyyətin bir ünsürü olmaqdan boyun qaçırır, ona müxaliflik
edir. Sənətin zatındakı şeytanilik qiyama qalxır; mədəniyyət olan evdə sənət
ola bilməz!
Azadlıq
və gözəllik fərdin özünə aiddir, ailəsinə, qonum-qonşusuna deyil. Bu modern
düşüncəyə görə, sənət heç kimə və heç nəyə deyil, yalnız özünə xidmət etməlidir.
Sənət mədəniyyətin ünsürü olmaq istəmir. "İnsan özünə də bir sənət əsəri kimi
baxmalıdır” – ilk postmodernistlərdən biri olduğundan xəbərsiz olan Nitsşe belə
modernistlik edir.
Müəllifi
özü olan insanın çağı başlayıb! Modernizm Avropanı özünün komfort zonalarından
çıxarmağa məcbur edir. Ailə bu komfort zonalardan biridir. Mədəniyyət
komfortun, ailənin tərəfindədir. Sənəti buna görə ailəyə yaxın buraxmır. Mədəniyyət
faydalı olanı dəyərləndirir, gözəl olanı deyil. Mədəniyyət üçün gözəl olan,
faydalı olandır.
Bu
dövrün yazarlarından biri, adını unutmuşam, öz romanının ön sözündə yazırdı:
"Evdə ən çox ehtiyac olan yer tualetdir, belə çıxır ki, ən gözəl yer də tualet
olmalıdır. Faydalı olan hər şey çirkindir”.
Sənət
bu sözlərlə kapitalizm üçün bir ucdan dəzgah icad edən elmə də meydan oxuyur; onu
pula xidmət etdiyi üçün qınayır. Modernistlər deyirdilər ki, sənət özündən
başqa nəyəsə xidmət etmək, fayda vermək məqsədi güddükdə, yalan danışmağa, eybəcərliyi
gözəllik kimi sırımağa məhkumdur. Bu fikir sənət tarixində intellektual bir
inqilab idi.
Biz
bu sənət-mədəniyyət qarşıdurmasını, yəni modern konflikti heç vaxt yaşamadıq. Azadlığı
və gözəlliyi deyil, faydanı seçdik, həm də milli deyil, ailəvi faydanı. Mədəniyyətimizlə
komfort zonalarımızın sərhədlərini daha da qalınlaşdırdıq. O qədər qalınlaşdırdıq
ki, indi özümüz də içindən çıxa bilmirik. Hamımız bu "İf qalasının əsirləri”iyik.
Bu qaladan isə yalnız ölərək qurtulmaq mümkündür. İntihar edənlər bu qalanın
içində əcəlin yolunu gözləməyə səbri çatmayanlardır.
Qatilimiz
mədəniyyətimizdir! Öz komfortuna manyakcasına düşkün olan mədəniyyətimiz…
Şərhlər