Qaynarinfo Cəmil Məmmədlinin təqdimatında günün tarixi xronikasını təqdim edir:
31 dekabr 1812-ci il.
1804-1813-cü illər Rusiya –İran müharibəsinin gedişatında Şimali Azərbaycan torpaqlarında işğalçılıq yürüşünü davam etdirən rus qoşunları Talış xanlığının mərkəzi olan Lənkəran qalasını ələ keçirir. Talış xanlığı Rusiya tərəfindən işğal edilir və bu xanlığın süqutu ilə müharibə faktiki olaraq başa çatır.
31 dekabr 1917-ci il.
Erməni terrorçuları Vedibasarın Qaraxaç kəndinə hücum edir. Barışıq adı ilə hiylə işlədərək azərbaycanlıları qətlə yetirirlər. Ermənilər əhalinin bir qismini böyük bir dama yığaraq od vurub yandırır, qalan qismini isə qılıncdan keçirirlər. Bu hücumda 500-dən çox azərbaycanlı öldürülür.
31 dekabr 1917-ci il.
Zəngəzurun Xınzirək kəndində məskən salan erməni silahlıları azərbaycanlılar yaşayan qonşu Əliquluuşağı kəndinin yaxınlığında yerləşən ərazidə təsərrüfat işləri ilə məşğul olan kənd sakinlərindən 6 nəfərini qətlə yetirirlər. Behbud adlı kənd sakinini odun yığdığı yerdə ələ keçirən ermənilər, kürəyinə qaynar samovar bağlayıb, onu dağdan aşağı atırlar.
31 dekabr 1918-ci il.
Cavanşir qəzasının Dovşanlı kəndində məskən salan daşnaklar, kənddəki 115 azərbaycanlı evini mühasirəyə alaraq onları tərksilah edir, mal-qaraları və ev əşyalarını qarət edirlər. Kəndi viran edirlər. Ev-eşiyindən didərgin düşənlər Böyəhmədli, Kəngərli, Tənöyüt kəndlərinə sığınırlar. Qəzanın Qarapirim kəndinə hücum edən daşnaklar kəndi talan edərək, Cəmşidbəy Vəlibəyovun 1350 baş qoyun sürüsünü və at ilxısını qarət edib aparırlar.
31 dekabr 1918-ci il.
Qarakənddə məskən salmış erməni terrorçuları Ağdam-Qaryagin telefon xəttini sıradan çıxarırlar. 2 nəfər dinc, günahsız azərbaycanlı azğınlaşmış daşnak erməniləri tərəfindən qətlə yetirilir.
31 dekabr 1988-ci il.
1988-ci ilin fevral ayından – Qarabağ müharibəsi başlanandan ötən 11 ay müddətində Qərbi Azərbaycanda, eləcə də Azərbaycan respublikasında – Qarabağda, Bakıda, Sumqayıtda və sairə ərazilərdə ermənilər tərəfindən öldürülən azərbaycanlıların ümumi sayı 300 nəfərə çatır.
31 dekabr – 1989-cu il.
Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran (Azərbaycan-İran) sərhəddində aksiya keçirərək sərhəd dirəklərini sökməyə başlayırlar. Uzun illər ərzində bir-birindən ayrı düşmüş şimallı-cənublu azərbaycanlılar Araz çayı üzərində qovuşurlar. Bu hadisə Azərbaycan tarixinə həmrəylik aksiyası kimi düşür. Araz çayı boyunca 137 km-lik Sovet-İran sərhəddində qurğular dağıdılarkən, xoşagəlməz faciələr də yaşanır. Çoxlu sayda azərbaycanlı döyülür, söyülür və həbs olunur. Bundan iki il sonra -25 dekabr 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Soveti 32 dekabr təqvim gününün "Dünya azərbaycanlılarının həmrəylik günü” kimi qeyd olunması haqqında qərar qəbul edir.
31 dekabr 1989-cu il.
İstanbulda dünya azərbaycanlılarının I konqresinin yığıncağı keçirilir.
31 dekabr 1990-cı il.
Ağdam rayonunun Cinli kəndinə soxulan erməni yaraqlıları çobanlara basqın edirlər. Yaralananlar və dağıntılar olur, çoxlu sayda mal-qara qarət edilərək, aparılır.
31 dekabr 1990-cı il.
Ötən bir ilin ərzində erməni təcavüzü nəticəsində ümumilikdə 150 azərbaycanlı həlak olur. 1988-ci ilin fevralından başlayan bu fitnəkarlıq nəticəsində ölən azərbaycanlıların sayı 500 nəfərə çatır.
31 dekabr 1991-ci il.
Xocalı şəhəri müxtəlif istiqamətlərdən ermənilər tərəfindən güclü atəşə tutulur.
31 dekabr 1991-ci il.
Xocalı ərazisində general Popovun qüvvələri ilə azərbaycanlılar arasında atışma baş verir. Ancaq çox keçmir ki, ruslar nədənsə təslim olurlar. Ələ keçirilən BDM və BMP zirehli maşınları, yuxarıların tələbləri ilə (Bakıdan müdafiə naziri Tacəddin Mehdiyevin əmri ilə) ruslara qaytarılır.
31 dekabr 1991-ci il.
28 sentyabr 1970-ci il tarixdə Füzuli şəhərində anadan olan Kamran Mirzalı oğlu Quliyev cəbhənin Füzuli rayonu ərazisində, Cuvarlı kəndi yaxınlığında erməni quldurları ilə döyüşdə ağır yaralanaraq, şəhid olur. Ermənilər meyidi aparırlar. Onun meyiti bir neçə gündən sonra geri alınır.
31 dekabr 1991-ci il.
Ötən bir il ərzində erməni təcavüzü nəticəsində ümumilikdə 300 nəfər azərbaycanlı həlak olur. 1988-ci ilin fevralından bu günə kimi ermənilər tərəfindən ümumilikdə 800 azərbaycanlı qətlə yetirilib, 1600-dən çox adam yaralanıb, 1700-dən çox ev dağıdılıb.
31 dekabr 1992-ci il.
1972-ci ildə Gədəbəy rayonunun Qaravəlilər kəndində doğulmuş Səfər Əmiraslan oğlu Qəşəmov doğma yurdunun müdafiəsi zamanı, ermənilərlə döyüşdə şəhid olur.
31 dekabr 1992-ci il.
1974-cü il Qərbi Azərbaycanda anadan olan Əsgər İsmayıl oğlu İsayev cəbhənin Qazax rayonu ərazisində ermənilər tərəfindən əsir götürülür.
31 dekabr 1992-ci il.
Ötən bir il ərzində erməni təcavüzü nəticəsində ümumilikdə 3200 nəfər azərbaycanlı həlak olur. Qarabağ müharibəsi başlanandan ermənilər tərəfindən öldürülən azərbaycanlıların ümumi sayı 4000 nəfərə çatır.
31 dekabr 1993-cü il.
31 mart 1973-cü il tarixdə Ağdam rayonunun Seyidli kəndində anadan olan- "Azərbaycan Bayrağı” ordenli Rövşən Saleh oğlu Camalov, 1968-ci ildə Ağdam rayonunun Üçoğlan bölgəsinin Böyükbəyli kəndində anadan olan Kamil Azay oğlu Kazımov cəbhənin Ağdam rayonu ərazisində, Qaraqaşlı kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olurlar.
31 dekabr 1993-cü il.
1971-ci ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olan Ceyhun Qaraş oğlu Cəfərov cəbhənin Ağdam rayonu ərazisində, Güllücə kəndi yaxınlığında gedən döyüşdə şəhid olur.
31 dekabr 1993-cü il.
15 mart 1975-ci il tarixində Bakı şəhərində anadan olmuş Elçin Amaş oğlu Kərimov cəbhənin Ağdam rayonu ərazisində erməni işğalçıları ilə gedən döyüşdə şəhid olur.
31 dekabr 1993-cü il.
1973-cü ildə Bərdə rayonunun Kətəlparaq kəndində anadan olan Yasin İsfəndiyar oğlu Novruzov cəbhənin Madagiz kəndi yaxınlığında gedən döyüşdə həlak olur.
31 dekabr 1993-cü il.
31 may 1973-cü ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olan İnqilab Məhəmməd oğlu Aslanov, 28 fevral 1974-cü il tarixdə Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olan Hikmət Həsən oğlu Məmmədov, 6 fevral 1973-cü il tarixdə Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olan Nüsrət Əli oğlu Şükürov və 11 noyabr 1967-ci il tarixdə Cəbrayıl rayonunun Alıkeyxalı kəndində anadan olan Elşən Soltan oğlu Əhmədov cəbhənin Ağdam bölgəsində ermənilərlə gedən döyüşdə şəhid olurlar.
31 dekabr 1993-cü il.
1973-cü ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olan Məhəmməd Əhməd oğlu Süleymanov cəbhənin Ağdam rayonu ərazisində, Güllücə kəndi yaxınlığında erməni işğalçıları ilə döyüşdə şəhid olur.
31 dekabr 1993-cü il.
1967-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olan İnqilab Əlihümbət oğlu Əhmədov keçmiş Ağdərə rayonu ərazisində gedən döyüşdə şəhid olur.
31 dekabr 1993-cü il.
2 aprel 1966-cı il tarixdə İsmayıllı rayonunun Ağbulaq kəndində anadan olan Ziyad Mirzə oğlu Mehdiyev Ağdam bölgəsində erməni işğalçıları ilə gedən döyüşdə şəhid olur.
31 dekabr 1993-cü il.
1972-ci ildə Laçın rayonunun Vəlibəyli kəndində anadan olan və sonralar məlum səbəblərə görə Ağdam rayonunun Birinci Sarıcalı kəndinə köçən Şahin Zakir oğlu Cabbarov Ağdam rayonunun Salahlı kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olur.
31 dekabr 1993-cü il.
4 yanvar 1975-ci ildə Şəmkir rayonunun Talış kəndində anadan olan Bəylər Əziz oğlu Rəhimov cəbhənin Üçtəpə yaxınlığında erməni işğalçıları ilə gedən döyüşdə şəhid olur.
31 dekabr 1993-cü il.
1969-cu ildə Kəlbəcər rayonu Bayaqlı kəndində anadan olan Ədalət İsmayıl oğlu Zeynalov cəbhənin Kəlbəcər rayonu ərazisində gedən döyüşdə şəhid olur.
31 dekabr 1993-cü il.
22 yanvar 1966-cı ildə Neftçala rayonunun Xəzərkənd kəndində anadan olan Cavad Dövlət oğlu Kazımov cəbhənin keçmiş Ağdərə rayonu ərazisində, Madagiz tərəfdə gedən döyüşdə şəhid olur.
31 dekabr 1993-cü il.
1964-cü ildə Neftçala rayonunun Qaraqaşlı kəndində anadan olan Şəmsəddin Səftər oğlu Əliyev cəbhənin Ağdam rayonu ərazisində gedən döyüşdə itkin düşür.
31 dekabr 1993-cü il.
9 avqust 1959-cu il tarixində Bakı şəhərində anadan olan Sənan Ağasəlim oğlu Əliyev cəbhənin Ağdam rayonu ərazisində, Güllücə kəndi yaxınlığında gedən döyüşdə şəhid olur.
31 dekabr 1993-cü il.
30 oktyabr 1959-cu ildə Bakı şəhərində anadan olan Nazim Ağakişi oğlu İsmayılov cəbhənin Ağdam rayonu ərazisində erməni işğalçıları ilə gedən döyüşdə şəhid olur.
31 dekabr 1993-cü il.
12 noyabr 1973-cü il təvəllüdlü Anar Bilal oğlu Əhmədov, 12 mart 1955-ci il təvəllüdlü Əli Səfər oğlu Hüseynov Qarabağ cəbhəsində gedən döyüşlərdə şəhid olurlar.
31 dekabr 1993-cü il.
31 dekabr 1965-ci il tarixdə Zəngilan rayonunun Üdgün kəndində anadan olan Əkrəm Mahiyəddin oğlu Xudiyev cəbhənin keçmiş Ağdərə ərazisində erməni işğalçıları ilə gedən döyüşdə şəhid olur.
31 dekabr 1993-cü il.
Tankın heyət üzvləri – 1967-ci ildə Quba rayonunun Digah kəndində anadaan olan Nahid Azay oğlu Ələsgərov, 25 oktyabr 1957-ci il tarixdə Gəncə şəhərində anadan olan Ağahəsən Firudun oğlu Məmmədov, 12 dekabr 1964-cü il tarixdə Lerik rayonunda anadan olan İlham Abdulla oğlu İbrahimov, 1973-cü ildə Bakı şəhərində anadan olan İldar Nailoviç Gimadiyev cəbhənin Ağdam rayonu ərazisində, salahlı kənd yaxınlığında döyüşdə ermənilər tərəfindən əsir götürülürlər.
31 dekabr 1993-cü il.
Cəbhənin Tərtər-Ağdərə istiqamətində ağır döyüşlərdən sonra 3 yaşayış məntəqəsi işğaldan azad olunur, hərbi hissələrimiz Sərsəng su anbarına yaxınlaşır. Lakin burada hücum əməliyyatları hansısa səbəbdən dayandırılır.
31 dekabr 1993-cü il.
Ötən bir il ərzində Azərbaycan tərəfi daha 9000 nəfər şəhid verir. Beləliklə, Qarabağ müharibəsi başlaanandan (fevral, 1988-ci il) ermənilər tərəfindən öldürülən azərbaycanlıların ümumi sayı 13000 nəfər təşkil edir.
31 dekabr 1994-cü il.
Ötən bir il ərzində Azərbaycan tərəfi ümumilikdə 6000 nəfər şəhid verir. Beləliklə müharibə başlanan gündən (fevral, 1988-ci il) ermənilərin təcavüzü və işğalı nəticəsində öldürülən azərbaycanlıların ümumi sayı 19000 (atəşkəsə - 12 may 1994-cü il-ə qədər 18850 nəfər) azərbaycanlı şəhid olub.