
Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov barədə məhkəmə 2 aylıq həbs qətimkan tədbiri seçib. Bu barədə Lənkərandan müsavat.com-a məlumat verilib.
__________
14:19
Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun məhkəməsi başlayıb. Bu barədə Qaynar.info-ya Müsavatın Masallı rayon təşkilatının sədri Xasay Səfəroğlu məlumat verib.
Onun sözlərinə görə məhkəmə qapalı keçirilir və vəkil Nemət Kərimlidən başqa heç kəs məhkəməyə buraxılmayıb. Məhkəmənin qarşısında toplaşan müxalifətçilərə isə psixoloji basqılar edilir, məhkəmə binasının pəncərəsindən onların fotoşəkilləri çəkilir.
Məhkəmə qarşısında toplaşan müxalifətçilər isə heç bir müdaxiləyə rekaisya vermir, sadəcə prosesin sonunu gözləyirlər.
____________
14:13
İyunun 27-də saxlanılan Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov bu gün vəkili ilə görüşüb. Vəkil Nemət Kərimli “Yeni Müsavat”a bildirdi ki, müsavatçının məhkəməsi bu gün olacaq: “Prokurorluq həbs qəti-imkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə təqdimat verəcək. Bundan sonra məhkəmə olacaq. Yadigar bəylə görüşdük. Özünü yaxşı hiss edir. Hamıya salamı var. Tam bir şərləmədir. Yadigar Sadıqov tanışları ilə çayxanada oturublar. Bir nəfər yaxınlaşıb müxalifəti söyməyə başlayıb. Onlar da təxribat olduğunu bilib çayxananı tərk ediblər. Ancaq onların arxasınca gəlib. Sonra da gedib polisə şikayət edib ki, onu Yadigar bəy döyüb. Açıq-aşkar quramadır”.
Vəkil qeyd etdi ki, Y.Sadıqovun saxlanmasından keçən 48 saat 29 iyun saat 13.00-də başa çatır. Ona görə də məhkəməyə çıxarılacaq.
Y.Sadıqov iyunun 27-də Lənkəran sakini Rəşid Kərimovun şikayəti əsasında şübhəli şəxs kimi həbs edilib. Kərimov bildirir ki, iyunun 25-də Sadıqov onu döyüb. Kərimovun müraciəti KİV-də yayılıb və onun əsasında Lənkəran rayon Polis İdarəsi onun barəsində Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə cinayət işi açıb. Amma iyunun 26-da Sadıqov ona qarşı fitnəkarlıq edildiyi və həbsinə hazırlıq getdiyi barədə məlumat verib.
Qaynar.info