
Yadıma gəlir...
(Nostalji)
Yadıma gəlir, hər gün yıxıla-dura yeriyən, hər yıxılanda ağlaya-ağlaya anasının yanına qaçan toppuş bir uşaq idim...
Yadıma gəlir, hər dəfə yıxılanda dizim qanardı. Və dizimin yarasının qurtarmağı ən azı bir ay çəkərdi...
Yadıma gəlir, mən hər dəfə futbol oynayanda topumuz qurban kişinin bağına düşərdi. O da alıb cırardı. Şanssızlıq..
Yadıma gəlir, məni futbol oynamağa qoymazdı məhlənin oğlanları, mən də gizlənqaç oynayan qızları sevə-sevə bədbəxt oldum...
Yadıma gəlir, gizlənqaç oynadığım qızlardan birini qamışlıqda öpmüşdüm...
Yadıma gəlir, sonra başımız şirin bir söhbətə qarışmışdı; şər qarışana kimi söhbət etmişdik, saatlarla bizi axtarmışdı: qohum-qonşumuz, ata-anamız, tanış-bilişimiz...
Yadıma gəlir, kasıblıqdan məktəbə sapoxla gedərdik...
Yadıma gəlir, məktəbdən qayıdanda kəndimizdəki dərin su arxına düşüb yaxınlıqdakı ağacdan düşən çürük qozları yığardıq axşamadək...
Yadıma gəlir, bir gün raqadkayla qonşunun pəncəsini sındırmışdım, atam məni dəli inək balasını çığnayantək çırpdı...
Yadıma gəlir, məktəbdə xərcləmək üçün "bir nizami"ni atamdan alana kimi nə dillər tökürdüm. Hətta, bir saat qabaqdan başlayırdım yalvarmağa...
Yadıma gəlir, sünbüllü peçenye varıydı onda, bir iştahayla yeyərdik, gəl görəsən. İndi heç üzünə də baxan yoxdur...
Yadıma gəlir, toya gedəndə bir qısa şortik geyinərdik, bir də bir rəngi qaçmış kofta.. Elə xoşbəxt olardıq ki...
Yadıma gəlir, toylarda Mahsun Kırmızıgülün "Yalanmı" mahnısına qulaq asardıq! Müğənni əlindən bezərdi biz qırğın qırmışın!
Yadıma gəlir, ilk şeirim qəzetdə çap olunanda babam sevincindən kövrəlmişdi...
Yadıma gəlir, bilmədən bir qızın kuklasını qırmışdım. Qapılarından qovmuşdu məni. Kaş bilərəkdən qıraydım...
Yadıma gəlir, "Qvadalopa" serialına baxardıq; axşam yeni bölümünə, sabah təkrarına... Cəmi iki kanal vardı onda: "Aztv" və "Trt1"...
Yadıma gəlir, inəyi kürmək bağlamağı öyrənəndə necə sevinmişdim... Kənd həyatını bilənlər anlayar nə deyirəm.
Yadıma gəlir, qonşum Qəşəmlə səhər bir-birimizi qırardıq, axşama döndümü barışardıq...
Yadıma gəlir, birində bu Qəşəm dediyim qonşumla savaşmamızdan sonra analarımız bir il danışmadılar. Bizsə şər qarışan kimi barışmışdıq...
Yadıma gəlir, hər "Novruz bayramı" gələndə yumurta axtarardıq. Ev-eşiyi ələk-vələk edərdik, bir şey tapmayanda əlac anaş toyuğun dalını güdməyə qalardı..
Yadıma gəlir, bayramlarda bir sintizator gətirərdilər, “krantı” qırıq bulağımızın başında səhərə kimi oynayardıq; arvad-uşaq, qoca-cavan, qız-gəlin...
Yadıma gəlir, bir qırıq yenşik taxtasına iki nazik mis bağlayıb saz çalardım...
Yadıma gəlir, ilk dəfə bir qıza ürəyimi açırdım. Elə yenicə "səni sevirəm" demişdim ki, artıq dehli olduğunu bildirdi. "Sındı qol-qanadım yanıma düşdü".
Yadıma gəlir, həmişə nənəmiz yas yerinə gedəndə onun qayıtmasını gözlərdik ki, kürəyinə doladığı şalın arasında konfet gətirəcək bizə...
Yadıma gəlir, bir itimiz vardı mənimlə yaşıd idi. O öldüyündə çox ağlamışdım...
Yadıma gəlir, ən böyük arzum aşıq olmaq idi...
Yadıma gəlir, o yazımda da "saz" sayıqlayırdım...
Yadıma gəlir, məktəbdə oxuyanda "mənim arzum" inşa yazıma ədəbiyyat müəllimim əla qiymət yazmışdı.
Yadıma gəlir, sazı mənə 15 yaşımda aldılar, onda artıq kasıblıq aşıqlığa meylimi yoxa çıxarmışdı, şair olmuşdum...