Xəbər lenti

Yandırın, “Yeni Müsavat”ı! - KÖŞƏ
Ölkə11:33 12.11.2013

Yandırın, “Yeni Müsavat”ı! - KÖŞƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cavid Cabbarlı

“İndi bizim dar günümüzdür. Dəstəyə, duaya, telefon zənginə, abunə yazılmağınıza ehtiyacımız var”. Bu sözlər Azərbaycanın sayılıb-seçilən qəzetlərindən birinin baş redaktoru, mətbuat kapitanlarından hesab olanan şəxslərdən birinə məxsusdur.

Axı qəzet, jurnal, mətbuat nə bilim bu qəbildən olan nələr, nələr bizim nəyimizə yaraşır? Nəyimizə lazım harda nə baş verir, kim kimi aldadır, hansı məmur haranı dağıdır? Hərə başını aşağı salıb bir tikə çörəyinin arxasınca getsin də.

Guya biləndə ki, kimsə ayı ətindən kabab yeyir, kimsə Qurban Bayramında belə ağzına ət vurmur, nə dəyişəcək?

Biləndə ki, təhsilimiz, səhiyyəmiz və bir sözlə gələcəyimiz çox ciddi təhlükə ilə üzləşib nəsə olacaq? Yoxsa gələcəyimizi təyin etmək və qurmaq bizim əlimizdədir?..

Axı, bu xəbərlər bizə ürəkağrısından başqa bir şey gətirmir. Hər gün qonşulardan biri çox ağır problemlə üzləşir, qohumlardan biri “zibil”ə düşür, tanışlardan biri dərd-sərini açıb, tökür. Biz də eşitməmək üçün qulaqlarımıza pambıq tıxayır, görməmək üçün qara eynək geyinirik ki, guya xəbərsizik.

“Yeni Müsavat” qəzetinin də elə bil işi-gücü qurtarıb, hamısını gətirib düz evimizə soxur. Adama deyərlər, niyə bu xalqı rahat yaşamağa qoymursan? İmkan ver, camaat beş-üç günlük həyatını yaşasın da. Camaat onsuz da öz dərdini çəkə bilmir. Bu də əlavə məlumat verməklə yazıqları bir az da zor durumda buraxır.

Deyilənə görə düz 61 adam yığıb başına “Yeni Müsavat”ın baş redaktoru. Hərəsinə bir iş tapşırır. Birinin əlinə kamera filan, digərinə mikrafon verir ki, gedin cəmiyyətdə olanları çəkin gətirin. Sonra da bər-bəzəkli başlıqlarla qəzet səhifələrini bəzəyir. Axşamı səhərə qədər kef içində başa vuran məmur balası səhər yuxudan oyananda öz şəkilni ayı ilə birlikdə qəzetdə görəndə bütün kefi zəhrimar olmurmu? “Yeni Müsavat”-a kim icazə verib ki, belələrinin kefini pozsun?

İndi də öz kefi pozulub. Qəzetin aqibəti bir yana, 61 ailə başçısının sabahı necə olacaq, Allah bilir. Onlar hara getsələr burunlarının üstünə vurub qaytaracaqlar. Zira, ancaq korrupsiyadan, rüşvətxorluqdan, məmur özbaşınalığından, səhiyyənin iflasından, təhsilin qaranlığından yazıblar. Bunlar bir dəfə də qələmlərini götürüb Aygün Kazımovadan, Samirdən, Faiqdən yazmayıblar. Bir dəfə də şou-biznesdə nələrin baş verdiyini işıqlandırmayıblar. Bir dəfə də ölkənin fantastik inkişafını dilə gətirməyiblər.

Bu adamlara azdı hələ.

Onlar vaxtında bilməliydilər ki, xəbərlə oyun oynamaq olmaz. Bu xəbər elə ... şeydir ki, mütləq adamı fırladıb tora salır.

O qədər cəmiyyətin iç üzünü açdınız ki, indi də “dar günümüzdür” deyirsiniz. Telefon açın, dua eləyin, mənəvi dəstək durun - deyə yardım istəyirsiniz. Kimdən? Ömrünüzü hüquqlarını müdafiə etməyə sərf etdiyiniz cəmiyyətdən, yoxsa bir ömür mübarizə apardığınız məmurlardan?

Cəmiyyətdən heç nə gözləməyin. Heç 5-10 konturluq zəngi də. Çünki bizim cəmiyyət çox ayıqdır. Yaxşı bilirlər ki, indiki vaxtda sizə vızıv belə atsalar nömrələri qeyd olunacaq və 150 manata 15 saat işlədikləri iş yerdən qovulacaqlar.

Məmurlara gəldikdə, onalrın yerinə olsam "Yeni Müsavat"ı yandıraram. Çünki siz elə şeyləri yazmısınız ki, gələcəkdə onlar Azərbaycanın bu günkü tarixinə ciddi kölgə sala bilər. Yandırın, cənablar, “Yeni Müsavat”ı!